“Əsas prezidentliyə namizədlərin sayı deyil”
2018-ci il prezident seçkilərində namizədlərin sayının çox, yoxsa az olacağı barədə müzakirələr gedir. Bir çox siyasətçilər namizədlərin sayının bundan əvvəlki seçkidəkindən çox olmayacağını proqnozlaşdırırlar. Bəs namizədlərin çox, yoxsa az olması siyasi partiyalara, əsasən də seçkilərdə iştirak edəcək siyasətçilərə sərf edir?
KXCP sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, seçkilərdə namizədlərin çoxluğu və y azlığı rol oynamır, seçkinin demokratik keçirilməsi rol oynayır: “Seçki demokratik keçirilmədikdə namizədlərin sayı istər 2-3 nəfər, istər onlarla sayda olsun heç bir rol oynamır. Əsas məsələ demokratik seçki mühitinin təmin olunmasıdır. Seçki demokratik keçiriləndə namizədlərin sayının nə qədər çox olmasından asılı olmayaraq seçicilər öz seçimlərini edib prezidentlərini seçirlər”.
M.Mirəlioğlu növbəti seçkidə namizəd kimi iştirak edib-etməyəcəyinin gələn il rəsmən bəlli olacağını açıqladı: “Gələn il çox önəmli bir ildir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, Əbülfəz Elçibəyin 80 illiyidir. KXCP üçün gələn ilin daha bir önəmli tərəfi var ki, qurultayımız olacaq. Qurultayda yəqin ki, prezident seçkisinə münasibət bildiriləcək”.

Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, namizədlərin sayının çox və az olacağı ölkədə seçki prosesindən, seçki dinamikasının səviyyəsindən asılı olacaq. Bu gün üçün görünən odur ki, namizədlərin sayı çox olmayacaq. Namizədlərin sayının çox və ya az olması həlledici əhəmiyyət daşımır: “Əsas məsələ seçkinin necə keçirilməsidir. Namizədlərin sayının çoxluğu və ya azlığı demokratik seçkinin göstəricisi deyil. Namizədlərin sayının nə qədər olmasından asılı olmayaraq seçici öz seçimini edir, seçici məcburiyyət qarşısında qalıb kiməsə səs vermir. Seçici xoşu gəlməyən namizəd olmayanda heç seçkiyə getmir. Ona görə də namizədin sayının az və ya çox olacağı yox, seçkinin demokratik olub-olmayacağı dartışılmalıdır”.
İ.Ağazadə namizədliyinin verilib-verilməyəcəyi ilə qərarın Ümid Partiyasının gələn il keçiriləcək qurultayında qəbul ediləcəyini də dedi.

VİP sədri Əli Əliyev isə bildirdi ki, prezident seçkisində opponentlərin sayı onun maraqlandıran əsas məsələ deyil: “Fikrimcə, seçkinin legitimliyini və dürüstlüyünü təmin edəcək şərtlərin olması önəmlidir. Seçkini bir proses olaraq, onun nəticələrini şərtləndirəcək şərait mahiyyət kəsb edir. Yəni, qanunverici bazanın optimallaşdırılması, seçki mühitinin demokratikliyi, büdcədən maliyyələşən kommunikasıya imkanlarının-TV-lərin, radio, çap mətbuatının bərabər istifadə edilməsi, kütləvi tədbir-mitinq, görüş keçirilməsinin bərabər şərtləri və sair bunun kimi amillər vacibdir. Bu kimi məsələlər gələcəkdə nəticələrə təsir göstərəcək bəhanəyə çevrilməməlidir. Praktikadan çıxış edərək deməliyəm ki, süni kampaniya korpusu da formalaşdırılmamalıdır. Belə sünilik həm Prezident institutunu, həm seçki prosesini, həm də bütövlükdə dövləti nüfuzdan salır. Belə olmaması üçün namizədlərin qeydiyyat meyarları obyektiv olmalıdır. Daha bir məsələ süni olaraq ideoloji tezislərə, nəsil və region mənsubiyyətinə görə namizədlər arasında seçim aparılmamalıdır. Əgər bu standartlar gözlənilsə, namizəd sayı və tərkibi maraq kəsb etməyəcək. Bizə dövlət olaraq kənar təzyiqi azaltmaq üçün etimadlı proses və legitim seçki nəticələri lazımdır”.

AĞ Partiyanın sədri Tural Abbaslı isə qeyd etdi ki, demokratik cəmiyyətlərdə namizədlərin sayı nə qədər çox olarsa və rəqabət nə qədər güclü olarsa bir o qədər yaxşıdır. Yəni seçicilərin seçim imkanlarının geniş olması daha məqbul haldır: “Çünki namizədlər az olduqda seçicilər ya prosesdə iştirak etmir, ya da iki pisdən daha az pisi seçmək kimi bir fakt qarşısında qalır. Bu məsələyə mənim istəyim kontekstində baxanda isə düşünürəm ki, mənim üçün bu amilin heç bir fərqi yoxdur. Çünki, əgər namizəd öz potensialını bilirsə və bu real potensiala uyğun qərar verirsə namizədlərin sayının heç bir önəmi qalmır. Mən gələcək namizəd kimi özümə və gənc, enerjili və ən əsası siyasi baxımdan təmiz komandama güvənirəm. Əminəm ki, hər şey bizim planlarımıza uyğun keçsə biz həm AĞ partiya olaraq, həm də ayrı-ayrı gənc siyasi fiqurlar kimi bu prosesdən uduşla çıxacağıq. Hakimiyyət neçə namizəd istəsə MSK da o qədər namizədi qeydə alacaq. Təəssüf ki, bu məsələlər nə bizim nə də xalqın iradəsindən asılıdır. Biz AĞ partiya olaraq qanunvericiliklə edə biləcəyimiz işlərin planlaması və bu işlərə hazırlıqlarla məşğuluq”.
Etibar SEYİDAĞA






