Hər insanın həyatında özəl, unudulmaz anlar var. Bunlar arasında məktəb illəri xüsusi yer tutur. 15 sentyabr Bilik Günüdür. Minlərlə şagird məktəbə, yeni dərs ilinin başlamasının həyəcanını yaşayır, onlar əllərində gül-çiçək müəllimlərinin yanına tələsirlər. Bəs, məşhur simalar məktəb illərini necə xatırlayır?
“Yeni Müsavat” qəzeti mövzu ilə bağlı məşhurların xatirələrini öyrənib.
Aktrisa Cəmilə Tağızadə bildirib ki, məktəbdə sakit biri olub: “Məktəbi illər öncə bitirmişəm, çox şey yadımdan çıxıb. Ümumi olaraq deyim ki, sakit uşaq idim. Amma mənim də dəcəllik etdiyim anlar vardı. Bəzən elə olurdu ki, məktəbi bir-birinə qatırdım. Sonra heç nə olmamış kimi sakit otururdum”.

Müğənni Roza Zərgərli deyib ki, saçının stula bağlandığı anı unutmur: “Bir parta yoldaşım vardı. Çox dəcəl idi. Mənim də uzun saçlarım vardı. Bir dəfə saçlarımı stula bağlamışdı. Ayaq üstə qalxanda stulda mənimlə bərabər qalxmışdı. Bunu heç vaxt unutmuram”.

Modelyer Elnarə Bəkirova da məktəb illərində dəcəllik edənlərdəndir: “Məktəbdə dəcəl olmuşam. Bir sinif yoldaşım vardı, onunla bir-birimizə hər dərs kağız atırdıq. Bir dəfə də riyaziyyat dərsi idi, müəllimimizin adı Əfsanə idi. Kağıza yazdım ki, cəbr-cübr, həndəsə, Əfsanə gəlir əsə-əsə". Sinif yoldaşıma atanda müəllimənin stolunun üstə düşdü. Müəllimə kağızı oxudu, bizi acıladı, yazanın kim olduğunu öyrənməyə çalışdı. Amma heç kim boynuna almadı, məni də satmadılar”.
Aparıcı Rahil Sayadoğlu isə bir neçə anisini bölüşüb: “Məktəbdə qaçış üzrə birincilərdən olmuşam. 60 və 100 metr məsafəni ən sürətli qaça bilən 2 nəfərdən biri mən idim. Çox nadir hallarda dərsə girməyən, adətən dərsdən qaçmayan biri idim. Dəcəlliyim çox olmayıb deyə, maraqlı xatirələrim də azdı. Bir dəfə sinif yoldaşımı partanın üstünə uzatdıq. Hərəmiz də partanın bir tərəfindən tutub tabut kimi aparmağa başladıq. Aşağı mərtəbədən direktorun səsini eşidəndə hamımız partanı atıb sinfə qaçdıq. Partanın üstündəki uşaq heç kimin yadına düşmədi. Yazıq havada uçub yerə necə düşdü, Allah bilir .

10-cu sinifdə oxuyurdum. 11-cilərdən Son zəng mərasimində operatorluq etməklə bağlı təklif aldım. Peşəkar olmasam da, yüngülvari çəkə bilirdim. Uzun sözün qısası, restoranda çəkiliş etdim, 10 şirvan pul aldım. Bu mənim ilk qazancım idi. Səhər həmin sinifdən bir nəfər qızın qardaşına rast gəldim. Dedi ki, qardaş, sən neyləmisən. Elə bildim tərifləyəcək, qayıtdı ki, kasetdə heç kimin başı düşməyib, hamı boğazdan aşağı düşüb. Hələ ondakı kimi heç vaxt pərt olmamışam. Dedim ki, maraqlıdır da, kasetə baxdıqca təxmin edin, kim kimdir”.
Könül İbrahim,
Yeni Müsavat






