İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentdə “Banklar haqqında” qanuna və bank kreditlərinə kəskin etirazlar

1543 07.04.2017 17:00 Son xəbər A A

“Mənim bankda pulum varsa, bunun maliyyə bazarlarına nəzarət orqanına nə aidiyyəti var?!”

“Banklarda faiz dərəcələrinin həddən artıq soyğunçu xaraktyer daşıması və dollar kreditləri ilə bağlı nəhayət, qərar verilməlidir”. Deputat Əli Məsimli bunu Milli Məclisin plenar iclasında “Banklar haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı bildirdi.

Ə.Məsimli ardınca konkret təklif verdi: “Qoy banklar 28 maya qədər 1000 dollara qədər olan kreditləri bağlasın”.

Deputat Qüdrət Həsənquliyev dedi ki, son dəyişikliklər vətəndaşların banklara etimadının artmasına yönəlib. Ancaq ardınca o, bank sirrlərininin qorunması ilə bağlı dəyişikliyə etirazaını bildirdi: “Biz çalışırıq ki, sahibkarlar, vətəndaşlar öz pullarını banklarda saxlasın. Mən Mülkü Məcəllənin 967-ci maddəsi ilə bağlı danışmaq istəyirəm. Bu maddə bank sirləri ilə bağlıdır.Əvvəllər belə idi ki, bank sirləri müştərilər və onların nümayəndələrinə verilirdi. İndi biz qanuna dəyişiklik edirik ki, bu sirlər kənar auditorlar və Maliyyə bazarlarına Nəzarət Palatasına verilir. Mənim bankda pulum varsa, bunun maliyyə bazarlarına nəzarət orqanına nə aidiyyəti var? Niyə bu qurum vətəndaşların bank sirlərini bilməlidir? Əlbəttə, qanunvericiliklə bağlı, istintaq aparılan hallarda, məsələn, terrorizmin dəstəklənməsi və ya maliyyələşdirilməsi ilə bağlı ciddi şübhələr olarsa hüquq mühafizə orqanları bu məlumatları əldə edə bilər”. Deputatın sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatasına ümumi məlumatlar lazımdır ki, hansı bankda vətəndaşların nə qədərdir: “Amma konkret kimin bankda nə qədər maliyyəsinin Maliyyə Bazarına Nəzarət Palatasının bə aidiyyəti var? Mən konkret bu suala cavab istəyirəm. Mən Qüdrət Həsənquliyevin banklarda nə qədər maliyyəmin olmasının bu quruma nə aidiyyəti ola bilər?”. Q. Həsənquliyev əlavə etdi ki, bank sirrlərinə daxil olan şəxslərin siyahısını genişləndirməklə vətəndaşların banklarda maliyyə saxlamasını təmin edə bilməyəcəyik: “Əksinə, vətəndaşlar maliyyəsini İsveçrə və digər banklara daşıyacaqlar. Harada ki, bank sirrləri daha etibarlı qorunur. Ya da heç kim gətirib pulunu Azərbaycan banklarında saxlamayacaq. Bir tərəfdən hökumət, cənab prezident müraciət edib ki, pullarınızı Azərbaycan banklarında saxlayın. Məncə, indi bu cür addımlar ümumi işə xidmət etmir. Biz məhkəmə qərarı olmadan bankın lisenziyasının bağlanması səlahiyyətini də palataya veririk. Mən bu haqda geniş danışacağam. Biz bank sektorunda nizam-intizam yaratmaq istəyirik, yoxsa nəyə nail olmaq istəyirik?”. Spiker Oqtay Əsədov isə qeyd etdi ki, bütün dünyada banklarında eyni sistem tətbiq edilir: “Fikirləşməyin ki, onlarda başqa sistemdir”

Deputat Siyavuş Novruzov Azərbaycanda bankın bu vəziyyətə düşməsinin səbəbi iqtisadi böhran deyil: “Bu Azərbaycanda bank sahəsinə nəzarət edən şəxslərin, məxsuliyyət daşıyan adamların maliyyə oğurluğu ilə əlaqədardır. Həmçinin vətəndaşın kredit problemləri ilə bağlı vəziyyətin səbəbkarı banklardır. Niyə belə vəziyyət yaranıb, bu suala cavab verilməlidir. Yoxsa burada körpü bankı yaratdım, ordan başqa bir banka keçdi...Biz hardan bilək ki, körpü bankı yaradılandan sonra həmin problemlər yenidən ortaya çıxmayacaq. Vaxtilə də Mərkəzi Bankda nəzarət var idi. Amma hərəyə 1 milyard verdilər, götürüb getdilər və ciddi problemlər yarandı. Məsuliyyət daşıyan adamlar bu məsələlərə nəzarət etməldir. Bu məsələləri iqtisadiyyatımzın durumu ilə bağlamaq olmaz. Banklar kökündən sağlamlaşmalıdır. Bir nəfər izah etmir ki, Azərbaycanda vətəndaşa verilən istehlak kreditinin faizi niyə bu qədər yüksək faizədir? Vətəndaş da kredit götürüb iş qursun, büdcəyə vergi ödəsin. Sağlamlaşdırsınlar, amma yaxşı sağlamlaşdırsınlar”.

Spiker Oqtay Əsədov isə cavabında “elə biz də istəyirik ki, Nəzarət Palatasına dəstək veerrək, həmin bankları sağlamlaşdırsın. Körpü ilə gedəcək, ya körpüsüz gedəcək, hər halda sağlamlaşdırsın”-deyə, reaksiya verdi.

Deputat Vahid Əhmədov isə dedi ki, Azərbaycan iqtisadiyyatına ən ağır zərbəni banklar vurub: “Bütün bunları nəzər alan cənab prezident vəziyyəti yaxşılaşdırmaq üçün Maliyyə Bazarlarına Nəzarət Palatasını yaradıb. Niyə Azərbaycan bank faizləri bu qədər yüksəkdir, onu Siyavuş müəllim çox yaxşı dedi. Çünki həmin bankçılar hamısı milyonerdirlər, amma vətəndaşlar əziyyət çəkirlər”. V.Əhmədov qeyd etdi ki, bank sistemində problemlər olduğu kimi qalır: “Bu gün bank sistemində kredit alış-verişi faktiki dayanıb, insanlara kredit verilmir. Xahiş edirəm Rüfət müəllim bu sahə ilə ciddi məşğul olsun. Həmçinin dollarla alınan, vaxtı keçmiş kreditlərlə bağlı problemlər nəhayət, öz həllini tapmalıdır”.
Deputat Aydın Mirzəzadə də bank faizlərinin tədricən aşağı salınmasını zəruri saydı.

Qeyd edək ki, müzakirələrdə Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Rüfət Aslanlı da iştirak edirdi.

Etirazlara baxmayaraq, qanun səsə qoyularaq qəbul edildi.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR