İnsanlara hürriyət, millətlərə istiqlal!

PARLAMENT KREMLİ QƏZƏBLƏNDİRƏN NƏHƏNG LAYİHƏYƏ “HƏ” DEDİ

13382 21.11.2012 09:56 Gündəm A A

Söhbət “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsi ilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” 2011-ci il oktyabrın 25-də İzmir şəhərində imzalanmış sazişdən gedir. Paralel olaraq Azərbaycan və Türkiyə hökumətləri arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair 2012-ci il iyunun 26-da İstanbul şəhərində imzalanmış sazişin təsdiqi də müzakirəyə təqdim edildi.

Bu da Moskvanı qəzəbləndirən TANAP

Valeh ƏləsgərovVitse-spiker Valeh Ələsgərov sənəd barədə parlament məruzə edərək dedi ki, bir vaxtlar xarici aləmə heç bir çıxışı olmayan Azərbaycan artıq 7 kəmərlə dünya bazarlarına, qonşu ölkələrə qaz çıxarır: “Gələcəkdə Xəzər regionunda istehsal olunan qazın Avropa bazarına çıxarılması üçün əlavə layihəyə də ehtiyac var, bu istiqamətdə işlər davam edir. Burada ”Şahdəniz" qaz yatağının ikinci mərhələsində istehsal olunan qazın Türkiyəyə çatdırılması nəzərdə tutulur". Vitse-spikerin sözlərinə görə, Türkiyənin “BOTAŞ” şirkəti ilə imzalanan sazişə uyğun olaraq illik 6 milyard kubmetr qazın Türkiyəyə satışı nəzərdə tutulur. İllik daha 10 mlrd. kubmetr qazın isə Türkiyə vasitəsilə Avropaya çatdırılması planlaşdırılır. Tərəflər razılaşıb ki, gələcəkdə boru xəttinin çəkilməsinə ehtiyac olsa, o halda ilk sazişdən müəyyən şərtlər çıxarılacaq. Nəticədə Trans-Anadolu (TANAP) qaz kəməri ilə bağlı saziş əldə edilib. V.Ələsgərovun sözlərinə görə, sazişdə nəzərdə tutulub ki, ARDNŞ-ni payı 51 faizdən az ola bilməz: “Bu da onu göstərir ki, nəzarət ARDNŞ-in əlində olacaq. Çünki qazı istehsal edən ilk növbədə Azərbaycan olacaq”. Kəmərlə bağlı torpaqların alınması və ya müvəqqəti icarəyə götürülməsini də dövlət həyata keçirəcək. V.Ələsgərovun sözlərinə görə, 5 il ərzində reallaşması nəzərdə tutulan layihə 7 mlrd. ABŞ dollarına başa gələcək. Boru kəmərinin diametri 56 düym və ya 1,4 metr nəzərdə tutulub. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd. kubmetrə, 2023-cü ildə 23 mlrd. kubmetrə, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. TANAP layihəsində ARDNŞ 80%, Türkiyənin “BOTAŞ” və TPAO şirkətləri isə birlikdə 20% paya malikdir. ARDNŞ ona məxsus olan səhmlərin 29%-ni “Şahdəniz” Konsorsiumundakı tərəfdaşlarına - bp, “Statoil” və “Total” şirkətlərinə təklif edib. Artıq məlum olub ki, bp və “Statoil” bu layihədə hərəyə 12%, “Total” şirkəti isə 5% pay əldə etmək niyyətindədir.
Vitse-spikerin çıxışından sonra yerbəyerdən “səsə qoyaq” deyə, hayqırtılar qopdu. Spiker artıq 15 nəfərin çıxışa yazıldığını desə də, YAP çoxluğunun mövqeyini nəzərə alıb yalnız suallara imkan yaratdı.

“Gürcüstandan başqa münasibət görürük”

Vahid ƏhmədovDeputat Vahid Əhmədov çox aktual bir problemə toxunaraq dedi ki, Gürcüstandan ARDNŞ-ə, həmçinin oradakı azərbaycanlılara qarşı ciddi problemlər yaranıb: “Bizim də bütün layihələrimiz Gürcüstan ərazisindən keçir. Biz niyə bu müqavilələri imzalayanda torpaqların Azərbaycan dövləti tərəfindən alınmasını sazişdə nəzərə almırıq? Bu gün Gürcüstan faktiki olaraq Azərbaycandan asılı dövlətdir. Bu ölkəyə ən çox yardım edən Azərbaycandır. Ancaq bunun əvəzində başqa münasibət görürük. Təklif edirəm ki, o torpaqlardan ki, boru kəmərləri keçir, Azərbaycan həmin torpaqları da alsın. Azərbaycanın buna böyük imkanları da var”.
Spiker ardınca “yazılan həmkarlarımız çıxışa təkid edirlərmi” sualını zala ünvanlayanda bu dəfə də çoxluq “yox, yox, səsə qoyulsun” deyə, cavablandırdı. V.Əsəlgərov isə V.Əhmədovun təklifinə reaksiyasında dedi ki, ARDNŞ prezidenti Rövnəq Abdullayev Gürcüstanın baş naziri İvanişvili ilə iki dəfə görüşüb və məsələləri müzakirə edib.
Rövnəq AbdullayevMüzakirələrdə iştirak edən deputat Rövnəq Abdullayev də vəziyyət, həmçinin Gürcüstanın yeni hakimiyyəti ilə görüşündən danışdı: “İvanişvili bütünlüklə Gürcüstanın Azərbaycana dostluğunu və sədaqətini bildirdi. Dedi ki, mən işimdə bu dostluğu daha da yüksəklərə qaldıracağam. Həmçinin azərbaycanlılarla bağlı baş verən hadisələrə aydınlıq gətirdi. Daxili işlər naziri məsələni öz öhdəsinə götürdü, iki həftə vaxt istədi ki, bundan sonra orda heç bir kriminal olmayacaq. Baş verən son hadisələr hakimiyyət dəyişikliyindən yaranan boşluqlardan irəli gəlir. Gürcüstanın başqa rayonlarında da belə kriminallar baş verib. Ona görə də bu söhbətlər yersizdir ki, orda azərbaycanlılar olan bölgələr qarışdırılır, yaxud bu kriminallar həyata keçirilir. Gürcüstanda bizdən daha aktiv kömək istəyirlər. Bu, həm bizə köməkdir, həm də onlara. İvanişvili deyir ki, SOCAR Gürcüstanın enerji qaynağıdır”. Ardınca R.Abdullayev baş verənlərə görə mətbuatı ittiham etdi: “Bu, müəyyən qəzetlərin qızışdırdığı məsələlərdir”. Kəmərlərin keçdiyi ərazilərə gəldikdə, R.Abdullayev “o torpaqlar şirkətə məxsusdur, onun altı və üstünə heç bir dövlət müdaxilə edə bilməz” dedi.
Sabir RüstəmxanlıSabir Rüstəmxanlı isə söz alaraq mətbuata hücumları pislədi: “Mən Məclisin dilindən bu cür sözlərin səslənməsini qəbul etmirəm. Bu, Milli Məclisin səviyyəsinə yaraşmır. Mətbuatın yazdıqlarının əksəriyyəti əslində həqiqətə uyğundur. Mətbuatda son vaxtlar boru kəmərlərinin çəkilişi zamanı əhalinin hüquqlarının pozulması, o adamların ki, sahəsindən borular keçir, onların haqqının ödənilmədiyi barədə də yazılar gedib. Vaxtilə Gürcüstanda camaat dirəşdi və o pullar ödəndi. Bizim camaat dövlət mənafeyi naminə hüququndan da keçir. Ancaq onların pulları ödənilmir. Xahiş edirəm aydınlıq gətirərdiniz, bu məsələdə küll halında bizim camaatın hüquqları necə qorunur?”

“180 min dollara qədər alan insan olub”

V.Ələsgərov isə R.Abdullayevi müdafiə etdi: “Mətbuatı heç kim söymədi, döymədi. Konkret deyildi ki, bununla bağlı yazılanlara inanmayın”. Ardınca əlavə etdi ki, TANAP Azərbaycan ərazisindən getməyəcək. Yəni artıq Gürcüstan ərazisində mövcud olan borunun davamı çəkiləcək: “Ancaq heç bir boru kəmərinin çəkilişində Azərbaycan vətəndaşına qarşı haqsızlıq olmayıb. 180 min dollara qədər para alan insan olub. Bir dənə fakt tapılmadı ki, BTC tikiləndə haqsızlıq olub. Biz öz millətimizi heç kimdən az istəmirik. Çalışırıq ki, ilk növbədə öz millətimizi təmin edək”.
Bundan sonra məsələ səsverməyə çıxarıldı və bəzi deputatlar “Allah xeyir versin” deyib düyməni basdılar. Beləliklə, 107 lehinə, 1 nəfər əleyhinə olmaqla Rusiyanı qəzəbləndirən saziş təsdiqləndi. Amma maraqlısı o idi ki, sənədin müzakirəsi zamanı heç kim Rusiya, onun bu layihəyə etirazı, Bakıya açıq və gizli təzyiqləri barədə bir kəlmə də olsa danışmadı.
Daha sonra Azərbaycan və Tacikistan prezidentləri arasında sazişlər müzakirəyə çıxarıldı. Komitə sədri Səməd Seyidov, deputat Bəxtiyar Əliyevin təqdimatından sonra sənədlər qəbul edildi.

Tacik və farslarla Nizami Gəncəvi davası

Astan ŞahverdiyevAstan Şahverdiyevin “taciklər deyirlər Nizami Gəncəvi tacik şairidir, bu barədə nə deyə bilərsiniz” sualına B.Əliyev cavabında dedi ki, Nizaminin yubileyi hətta 1-ci Dünya müharibəsi illərində YUNESKO çərçivəsində keçirilib, sonuncu yubileyi də bu il baş tutub. Gövhər Baxşəliyeva isə dedi ki, orta əsrlərdə fars-tacik ədəbiyyatı var idi və fars dilində yazan bütün şairləri bu ədəbiyyata aid edirdilər: “İran da Nizamini öz şairi sayır. Amma Nizami fars dilində yazan Azərbaycan şairidir”. Aqil Abbas bildirdi ki, müəlliflik hüququnun qorunması haqda müqavilələr olarsa, Türkiyədə çap olunan kitablara görə azərbaycanlılar, həmçinin burada çap olunan türklərin kitablarına görə qardaş ölkənin yazarları vəsait qazana bilər.
Qənirə PaşayevaQənirə Paşayeva çıxışında dedi ki, söhbət tək Tacikistandan və ya Nizamidən getmir: “Böyük dahilərimiz, nümayəndələrimiz var ki, onlar tacik nümayəndələri kimi tədris olunurlar. Çox təəssüf ki, İran həqiqətləri qəbul etmək istəmir. Q.Paşayeva Gürcüstandakı azərbaycanlıların son durumu ilə bağlı danışmaq üçün israrla əlavə 1 dəqiqə istəsə də, iclasa sədrlik edən 1-ci vitse-spiker Ziyafət Əsgərov ona söz vermədi.
Deputatlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini də müzakirə etdilər. Komitə sədri Əli Hüseynli bildirdi ki, bundan sonra barəsində həbs-qətimkan tədbiri seçilməyən şəxslərin şəxsiyyət vəsiqəsinin yalnız surəti cinayət işinə əlavə ediləcək. Komitə üzvü Çingiz Qənizadə indiyədək bu sahə ilə bağlı qanunda boşluğun olduğunu deyib dəyişikliyi təqdir etdi. Bildirdi ki, bir sıra hallarda vətəndaşların süni şəkildə incidilməsinə səbəb olan boşluğun aradan qaldırılması təqdirolunandır.

Şəhər yaratmaq asanlaşır?

Arif Rəhimzadə“Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna dəyişikliklər edilməsi barədə" qanun layihəsinin müzakirəsi zamanı çıxış edən regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə dedi ki, qanuna təklif olunan dəyişikliklərin əsas məğzi yeni inzibati ərazi vahidlərinin yaradılması, ləğv edilməsi, onların adlandırılması və ya adlarının dəyişdirilməsi, eləcə də sərhədlərinin müəyyənləşdirilməsi və dəyişdirilməsi ilə bağlıdır: “Dəyişikliyə əsasən, şəhərlərin yaradılması mexanizmi də sadələşdirilir. Qanunun qəbulu ilə bir neçə kənd və ya qəsəbəni birləşdirərək şəhər yaratmaq mümkün olacaq”. Komitə sədri dedi ki, bu, həmin inzibati ərazi vahidlərinin inkişafı, yeni infrastrukturların yaradılması baxımından çox əhəmiyyətlidir. Onun sözlərinə görə, yeni yaradılan rayon inzibati ərazi vahidləri onların mərkəzi olan ərazi vahidinin adlarına, şəhər və şəhər rayonları isə onların əhatə etdikləri ərazidə mövcud olan ərazi vahidlərinin birinin adına uyğun olaraq adlandırılacaq. Layihə səsverməyə çıxarılaraq qəbul edildi.

“Deyə bilərsinizmi mən Milli Məclisdə kimi şərləmişəm və kimə böhtan atmışam?”

Etibar Hüseynovİclasın yekununda isə Etibar Hüseynov növbəti dəfə parlamentdə internetin vəziyyətindən bəhs etdi. Deputat çox sərt notlar üzərində qurduğu çıxışında bunları bildirdi: “Ötən iclasda Milli Məclisin 2013-cü il üçün smeta xərclərinin müzakirəsi zamanı mən də çıxış etdim və digər deputatlar kimi görülən işləri müsbət qiymətləndirdim, əlavə olaraq xahiş etdim ki, otaqlarımızda olan kompüterlər, internet zəif işləyir, bu səbəbdən də bir çox videogörüntülərə, qəzet saytlarına giriş məhdudlaşır. Ona görə də xahiş etdim ki, gələcəkdə bu problemə də diqqət yetirilsin. Amma çox təəssüf ki, ötən müddət ərzində bu problemlə heç kəs maraqlanmadı və heç bir tədbir görülmədi. Əvəzində isə Milli Məclisin mətbuat xidmətinin rəhbəri bir gün sonra mətbuata çıxıb bəyanat verərək məni şər-böhtançı adlandırdı. Aydındır ki, bu məqamda Akif Təvəkküloğlu öz hədd və səlahiyyətlərini aşıbdır. Amma mən öz hədd və səlahiyyətlərimi aşağılayıb ondan deyil, Milli Məclis Aparatının rəhbəri cənab Səfa Akif TəvəkküloğluMirzəyevdən soruşmaq istəyirəm ki, hörmətli Səfa müəllim, deyə bilərsinizmi mən Milli Məclisdə kimi şərləmişəm və kimə böhtan atmışam? Deputatın adi bir xahişdə bulunması nə vaxtdan şər-böhtan olubdur? Milli Məclisin Aparatı millət vəkillərinə xidmət və yardımçı olmaq funksiyasını yerinə yetirən bir idarədir. Hansı haqq və cəsarətlə mətbuat xidmətinin əməkdaşı millət vəkilini heç bir əsas olmadan təhqir edir? Axı adından da göründüyü kimi, bu qurum xidmət göstərəcək bir qurumdur. Məntiqlə də mətbuat xidmətində çalışanlar da xidmətçi statusu daşıyır. İndi mətbuat xidməti Milli Məclis üzvlərinin təəssübünü çəkmək, yeri gələndə onları yersiz hücumlardan qorumaq əvəzinə onun baş xidmətçisi özü deputatı təhqir edir. Buna nə ad vermək olar? Belə hala dünyanın hansı ölkəsində rast gəlinib? Mətbuatda Milli Məclis təhqir olunanda, xanım millət vəkilləri ən ağır şəkildə təhqir olunanda Akif Təvəkküloğlu qorxusundan bircə dəfə də olsun cınqırını çıxarmağa cəsarət etmədi. Onun əvəzində biz-bir neçə millət vəkili cavab verdik. Belə hallar baş verirsə və aparatın adi bir işçisi millət vəkilini yersiz olaraq təhqir edirsə, biz hansı haqla kənar insanlardan özümüzə hörmət və ehtiram gözləyirik? Onları məhkəməyə verməyə mənəvi haqqımız çatırmı? Ona görə də, hörmətli Səfa müəllim, şəxsiyyətinizə və personanıza bir daha hörmət və ehtiramımı bildirməklə yanaşı, sizdən məsələyə münasibət bildirmənizi xahiş edirəm. Ümidvar olmaq istəyirəm ki, öz səlahiyyət və hüquqlarını aşmış Akif Təvəkkuloğluna layiq olduğu cəzanı verib ona yerini göstərəcəksiniz. Və bu işi mənim öhdəmə buraxmayacaqsınız.
Və onu da son olaraq qeyd edirəm ki, əgər bu gün axşama qədər Akif Təvəkküloğlu çıxış etdiyi mətbuat orqanlarında təkzib verib məndən rəsmən üzr istəməsə, onda mən də cavab hüququmdan istifadə etmək məcburiyyətində qalacağam".
A.Təvəkküloğlu isə “Yeni Müsavat”a açıqlamasında barəsində səslənənlərlə bağlı yalnız bunları bildirdi: “Millət vəkilidir. Mən hər bir kəsin fikirlərinə hörmətlə yanaşıram”. Bəs xidmət rəhbərinin üzr istəmək niyyəti varmı? A.Təvəkküloğlu əlavə bir söz deməyəcəyini bildirdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR