İnsanlara hürriyət, millətlərə istiqlal!

PARLAMENT FRANSA SENATINA ETİRAZ MƏKTUBUNU QƏBUL ETDİ

1996 31.12.2011 09:44 Gündəm A A

Fazil MustafaDeputat Fazil Mustafa sonuncu əfv fərmanını təqdir etməklə bərabər qeyd etdi ki, bunlar hələ də Azərbaycanın 2012-ci ilə gedən yolda qaneedici addım kimi qiymətləndirilə bilməz: “Çox yaxşı olardı ki, biz 2012-ci ildə bütün problemli məhbusların azad olunmasına nail olaq. Problemli deyəndə mən burda dartışma açmaq istəmirəm ki, biri deyəcək bizdə siyasi məhbus, ya vicdan məhbusu yoxdur. Mən bu mübahisələrə girmirəm. Amma yaxşı olardı ki, 2012-ci ildə artıq həbsxanada insan haqları təşkilatlarının Azərbaycana irad bildirdiyi bir sıra məhbusların həbsdən azad olunması həyata keçirilərdi. Artıq biz beynəlxalq arenada Azərbaycana yönələn ən azı elementar, mənasız iradları ortadan qaldırardıq. Ən azı daha başqa problemlər üzərində çalışardıq. Dağlıq Qarabağ kimi bir problemi olan ölkə rəvac verməməlidir ki, öz içərisində hər hansı bir şəkildə bu qədər siyahı olsun, müxtəlif QHT-lər bunu spekulyasiya eləsin, müxtəlif variantlarda bunu təqdim etsinlər ki, ölkədə insan haqlarının pozulması bir faktdır”. F.Mustafa dedi ki, Əfv Komissiyası əfv siyahısını verərkən bunları nəzərə alıb prezidentə təqdim etsəydi, daha yaxşı olardı. Deputat "Siyasi partiyalar haqqında" qanunun payız sessiyasında qəbul olunmamasına da diqqət çəkdi: “Ölkədə siyasi həyatın canlanması üçün siyasi partiyaların rolunun qaldırılmasına böyük bir zərurət var”. F.Mustafa yaz sessiyasında bu qanunu qəbul etməyə çağırdı.
Fərəc QuliyevFərəc Quliyev Fransa Milli Assambleyasının qondarma “erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması" haqqında qanunun qəbulu ilə bağlı Fransa Senatına Milli Məclisin etiraz məktubunu hazırlamaq üçün komissiyanın yaradılmasını təklif etdi.
Ardınca Mübariz Qurbanlı da eyni təşəbbüslə çıxış etdi. Dedi ki, Fransa başlatdığı işi dayandırmaq fikrində olmadığı üçün Senatda da oxşar qərarın qəbul olunması gözlənilməzdir: “Bununla bağlı müvafiq addım atmağın zamanı gəlib çatıb”.
O.Əsədov razılaşaraq dedi ki, əsas məsələ Senatla işləməkdir: “Biz 2001-ci ildə Senata müraciət etmişdik. Növbəti dəfə Senata müraciət qəbul etməliyik”. Ancaq spikerə görə, TürkPA və başqa təşkilatlar da bu sahədə iş görməlidir. Sədr Fransaya etirazla bağlı hazırda TürkPA-da sədrliyi həyata keçirən Qazaxıstana da müraciət edəcəyini bildirdi. O.Əsədov mətbuatdakı tənqidlərə də etirazını ifadə etdi: “Xarici İşlər Nazirliyi bəyanat verib, Milli Məclis də öz mövqeyi ilə Türkiyəni dəstəkləyib. Qəzetlərdə yazırlar ki, Azərbaycan Türkiyəni dəstəkləmir. Bu, çox savadsız, yersiz yazılardır”. Bildirdi ki, hətta baş nazir Ərdoğan 24 dekabrda prezident İlham Əliyevi təbrik edərkən ölkə başçısı bu məsələdə Türkiyəyə dəstəyini ifadə edib. Ancaq O.Əsədovun sözlərinə görə, Milli Məclis məsələyə daha sərt reaksiya bildirmək üçün Fransa Senatına müraciət hazırlanması məqsədilə komissiya yaratmağa qərar verib. Bundan sonra spiker Milli Məclis adından Fransa Senatına müraciət hazırlanması üçün komissiyanın rəhbər və üzvlərini elan etdi. Komissiyanın sədri Mübariz Qurbanlı, üzvləri isə Əli Hüseynli, Rövşən Rzayev, Çingiz Qənizadə, Sahibə Qafarova, Vahid Əhmədov seçildilər.
Qənirə PaşayevaKomissiya işləmək üçün zalı tərk edəndən sonra da bu barədə çıxışlar oldu. “Fransa Senatına göndərdiyimiz müraciətdə açıq və birmənalı şəkildə qeyd etməliyik ki, ya Senat Fransa Parlamentinin aşağı palatasının qərarını ləğv etməlidir, ya da Fransa ATƏT-in Minsk Qrupu həmsədrliyindən getməlidir”. Bu sözləri deputat Qənirə Paşayeva dekabrın çıxışında bildirdi. O, qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması ilə bağlı Fransa Parlamentinin aşağı palatasının qəbul etdiyi qanundan sonra Fransanın ATƏT-in Minsk qrupunda həmsədrliyi məsələsinə baxılmalı olduğunu vurğuladı: “Son günlər Azərbaycan cəmiyyətində yaşanan narahatçılıq göstərir ki, Fransa parlamentinin "erməni soyqırımını" inkara görə cəza qanunundan sonra bu ölkənin Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair Minsk qrupunda həmsədr kimi ədalətli və obyektiv fəaliyyət göstərməsinə inam yoxdur. Azərbaycanda artıq elə bir insan yoxdur ki, Fransadan bu məsələdə ədalətli mövqe gözləsin. Bu müraciətdə birmənalı olaraq göstərməliyik ki, əgər Senat qanunu qəbul etsə və Fransa prezidenti tərəfindən təsdiqlənsə, bu ölkə artıq həmsədr kimi fəaliyyətini davam etdirə bilməz".
Qüdrət Həsənquliyev“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında sərmayələrin qarşılıqlı qorunması və təşviqi haqqında” sənədin müzakirəsi zamanı isə deputat Qüdrət Həsənquliyev çıxış edərək “erməni soyqırımı” məsələsində Azərbaycanın Türkiyənin yanında olmaması ilə bağlı fikirlərin səslənməsinə münasibət bildirdi: “Əksinə, bu gün parlamentin sədri Oqtay Əsədovun da bu məsələ ilə bağlı komissiya yaratması göstərir ki, Azərbaycan Türkiyənin yanındadır. Amma gəlin görək, Türkiyə Azərbaycanın yanındadırmı?” Q.Həsənquliyevə görə, bu gün ermənilərin ayaqüstə durmasında iki dövlətin böyük xidməti var: Türkiyə və İran: “Hər il 18 min böyük "TIR"lar ticari əlaqə üçün Türkiyədən Ermənistana yola salınır. Bu yaxınlarda Ermənistanda Türk-Erməni İş Adamlarının Forumu keçirildi. Orada belə bir rəqəm səsləndirildi ki, Türkiyə-Ermənistan ticari əlaqələri 300 milyon manatdır. Gəlin biz də Türkiyəyə müraciət edək. Necə olar ki, Fransa belə bir sənəd qəbul edən kimi artıq Türkiyə Fransa ilə bütün əlaqələri kəsir? Ermənistanla da bu əlaqələri kəsmək lazımdır. Ərdoğan Avropa Şurası Parlament Assambleyasının tribunasında fəxrlə deyir ki, Türkiyədə on minlərlə erməni qanunsuz halda yaşayır. Bütün bunlar necə ola bilər? Bu məsələlərin üstündən keçməklə bizə minnətdarlıq edən yoxdur".
Sabir RüstəmxanlıSabir Rüstəmxanlı isə dedi ki, bu yaxınlarda Türkiyədəki kitab sərgisində olarkən ermənilər tərəfindən tarixin təhrifi olunması bahasına hazırlanmış çoxsaylı kitablarla rastlaşsa da, Azərbaycandan bir kitab belə görməyib: “Amma çox təəssüf ki, həmin sərgidə Azərbaycan dilində bir kitab belə yox idi. Türkiyədə 3 milyondan artıq azərbaycanlı yaşayır, amma həmin gün bir kitab ortaya çıxarda bilməmişdilər. Çox pərt oldum, hesab edirəm ki, bu ciddi məsələdir. Türkiyədə işimiz belə qurulubsa, o biri ölkələrdə necə qura biləcəyik? Mən bu məsələdə çox təəssüf edirəm”. S.Rüstəmxanlı iki ölkə arasındakı viza məsələsindən bəhs edərək bu sahədəki problemlərdən danışdı.
Zahid OrucZahid Oruc isə qeyd etdi ki, erməniləri hazırda dünyada biabır edəcək, rəzil günə salacaq ən böyük faktlardan biri Xocalı soyqırımıdır. Onun sözlərinə görə, bu soyqırımını bütün dünyaya tanıtmaq gərəkdir və iki ölkə arasında bir dövlət qurumunun yaradılmasına ehtiyac var: “Məsələn, biz Fransanın bu əməli ilə bağlı fikir bildiririk, amma mən hesab etmirəm ki, bu ermənilərlə bağlı bir məsələdir, sabah başqa bir ölkə də Fransa kimi belə bir qanun qəbul edə bilər”.
Qənirə Paşayeva dedi ki, Azərbaycanın səfirliklərinin sayının artırılması, ayrı-ayrı ölkələrdə səfirliklərinin açılması çox önəmlidir. Onun sözlərinə görə, səfirliklərimiz qondarma “erməni soyqırımı” ilə bağlı problemi priortet məsələ kimi diqqətdə saxlamalıdırlar. “Çünki Fransanın qəbul etdiyi məlum sənəd yalnız Türkiyəyə qarşı deyil, eyni zamanda da Azərbaycana qarşıdır”. Deputat bildirdi ki, qondarma “erməni soyqırımı” məsələsi digər Avropa ölkələrində də müzakirə edilə bilər: “Qondarma "erməni soyqrımı"nın 100 illiyi 2015-ci ilə təsadüf edir, bu sahədə gözləntilər çoxdur. Bu zəncirvari reaksiya kimi gedəcək və Avropanın digər ölkələrində də bu məsələni müzakirəyə çıxara bilərlər. Onlar Fransa Senatının son qərarını gözləyirlər, bu baxımdan biz də ayıq olmalıyıq".
Fəzail Ağamalı siyasi partiyalar haqqında qanunun qəbuluna çağırdı və buna böyük ehtiyac olduğunu bildirdi.
Musa Qasımlı 2011-ci ildə Azərbaycanın “Avroviziya”dakı qələbəsinin böyük əhəmiyyət kəsb etdiyini dedi. Deputat eyni zamanda Azərbaycanın BMT Təhlükəsizlik Şurasında da təmsil olunmasını ölkə diplomatiyasının qələbəsi kimi qeyd etdi. Fransanın bir neçə gün öncə qondarma “erməni soyqırımı”nı inkar edənləri cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı qərarına toxunan M.Qasımlı bildirdi ki, Yeni il bayramından sonra Fransanın əksər nüfuzlu media nümayəndələrini, həmçinin senatorlarını Azərbaycana dəvət etməliyik. M.Qasımlı İraqdakı Kərkük türklərinin özlərini azərbaycanlı hesab etdiklərini xatırladıb burda Azərbaycanın konsulluğunun açılmasını təklif etdi. Onun bəzi nazirlik və komitələrdən gileyi də oldu. Dedi ki, onlar keçirdiyi tədbirlərdə bəzən ağsaqqal deputatların oturması üçün yer olmur, onlara hörmətsizlik göstərilir: “Cənab sədr, xahiş edirəm bu məsələ ilə bağlı fikrinizi bildirəsiniz, köməklik göstərsiniz”. Spikerinsə cavabı belə oldu: “Nazirliklərdə protokollar var. Deputatları hansısa tədbirlərə dəvət edirlərsə və arxada otuzdururlarsa, deputat ora niyə gedir. Özünə hörmət edən deputat heç ora getməli deyil”.
Spiker xalq artisti Zeynəb Xanlarovanın 35 yaşının (zarafatyana-E.P.) tamam olduğunu deyərək təbriklərini çatdırsa da, bildirdi ki, xanım deputat iclasa qatılmadığı üçün Milli Məclisin fəxri diplomunu və medalını ona təqdim edə bilmir.
İqbal Ağazadə prezidentin ötən həftə imzaladığı əfv sərəncamını yüksək qiymətləndirsə də, təəssüfünü də ifadə etdi: “Təəssüf ki, bu sənəd Arif Hacılı başda olmaqla 2 aprel məhbuslarının heç birinə, o cümlədən Bəxtiyar Hacıyevə və siyasi məhbus kateqoriyasına aid edilən digər şəxslərə şamil olunmadı. Azərbaycan 2011-ci ildə beynəlxalq təşkilatlarla insan haqlarının müdafiəsi istiqamətindəki problemini növbəti ilə daşıdı ki, bu da çox təəssüf doğuran haldır. Milli Məclis də, icra strukturları da 2012-ci ilin ilk günlərində, ilk aylarında bu məsələni həll etməlidir və ”Eurovision" ərəfəsində Azərbaycana qarşı əks-təbliğat apara biləcək qurumların və dövlətlərin də əlində bu fakt olmamalıdır". İ.Agazadə dedi ki, gələn il Azərbaycanda siyasi islahatlar ili olmalıdır: “Nəhayət ki, müxalifətin dəfələrlə səsləndirdiyi dialoq təklifinə Azərbaycan iqtidarı ciddi reaksiya verməlidir. İqtidarla müxalifət arasında məhz siyasi islahatlarla bağlı ciddi proses başlamalıdır. Niyə dialoq təklifinə ciddi reaksiya verilmir? Dünya ölkələrində olduğu kimi, Azərbaycanda siyasi partiyalara, sərbəst toplaşma azadlığı, Seçki Məcəlləsi haqqında, korrupsiya və rüşvətxorluqla bağlı Azərbaycan müxalifətinin təklif etdiyi, iqtidarın da problemlərin olduğunu etiraf etdiyi məsələlərlə bağlı müzakirələrə başlamaq olar. Gələn il həm də ölkədə siyasi islahatlar ili olmalıdır”.
Vitse-spiker Bahar Muradova parlamentin sədrinə Fransa Senatına müraciət hazırlayan komissiyanın yaradılmasına görə təşəkkür etdi: “Bu təqdirəlayiq haldır. Millət vəkilləri Azərbaycan cəmiyyətinin rəyini nəzərə aldığı üçün sədrə təşəkkür edirik”. Bildirdi ki, TürkPA Fransanın qondarma “erməni soyqırımı” ilə bağlı verdiyi qərara münasibət bildirməlidir. Eyni zamanda o, qeyd etdi ki, bu, yalnız TürkPA-nın məsələsi deyil. Eləcə də bütün beynəlxalq təşkilatlar sözügedən məsələyə münasibət bildirməlidir: “ATƏT, Avropa Parlament Assambleyası, Avropa Şurası kimi təşkilatlar insan hüquqları pozulanda məsələ qaldırırlar. Bu onların vəzifəsidir. Amma indi Avropa dəyərləri pozulub, anormal sənəd qəbul olunub. Buna qarşı da səs qaldırmaq, etiraz etmək lazımdır. Mən öz adımdan təmsil olunduğun ATƏT Parlament Assambleyasında bu məsələni qaldıracağam. Digər beynəlxalq təşkilatlarda iştirak edən həmkarlarımdan da xahiş edirəm ki, bu məsələni mütləq gündəmə gətirsinlər”. B.Muradova daha sonra siyasi məhbuslar məsələsinə toxunaraq qeyd edib ki, Prezident humanistlik edərək insanları əfv edir. “Amma görün əfv üçün ərizə yazanlar həbsdən çıxandan sonra nə məsələ qaldırırlar, deyirlər ki, ”əfv ərizəsi yazmamışıq", bu kimi hadisələr necə ola bilər?" B.Muradova dialoq məsələsinə də toxundu. Bildirdi ki, YAP hər zaman dialoqa hazır olub: “Biz dialoqdan heç zaman qaçmamışıq, müzakirəyə hazırıq”.
Bundan sonra Milli Məclis Fransa Senatına müraciəti qəbul etdi.
Müraciətin mətnini deputat Sahibə Qafarova səsləndirəndən sonra spiker müzakirəyə ehtiyac görmədi və dedi ki, təkliflər yazılı şəkildə təqdim oluna bilər. Müraciətdə deyilir ki, Azərbaycan Fransa parlamentinin qərarında son dərəcə narahatdır: “Biz sizi tam aydın olmayan uzaq tarixi hadisələrə ehtiyatla yanaşmağa çağırırıq. Şübhə yoxdur ki, qəbul ediləcəyi təqdirdə bu qanun demokratik quruluşun təməli olan insan hüquq və azadlıqları sırasında əsas yer tutan söz və fikir azadlıqlarına ziddir. Lap yaxın keçmişdə, 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərinin yüzlərlə dinc sakini yalnız azərbaycanlı olduğuna görə Ermənistan Silahlı Qüvvələri tərəfindən vəhşicəsinə öldürülüb. Bütün bunlar nəzərə alınarsa, tarixi hadisələrə birtərəfli mövqe ilə qiymət vermək cəhdləri tarixi həqiqətlərə hörmətsizliklərə gətirib çıxara bilər”. Müraciətdə o da vurğulanır ki, belə bir qanunun qəbulu Dağlıq Qarabağ münaqişəsinin dinc həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın obyektivliyini şübhə altına alacaq: “Ona görə də Azərbaycan Milli Məclisi Fransa Senatındakı həmkarlarını adıçəkilən məsələnin müzakirəsi zamanı diqqətli və həssas olmağa, qanunu qəbul etməməyə çağırır”. Müraciətin yumşaq dillə yazılması bəzi deputatların narazılığına səbəb olsa da, sənəd səsə qoyularaq 111 səslə qəbul edildi.
İclasda “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi də müzakirə olundu. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, təklif edilən dəyişikliyə əsasən, Azərbaycan xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, Azərbaycan vətəndaşı şəxsiyyət vəsiqəsindən həmin dövlətlərdə də vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə onun ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər. Şəxsiyyət vəsiqəsi 10 il müddətinə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə veriləcək. Şəxsiyyət vəsiqəsində digər məlumatlarla yanaşı, şəxsin fərdi identifikasiya nömrəsi, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) tələblərinə uyğun fotoşəkili yerləşdiriləcək. Şəxsiyyət vəsiqəsinə elektron daşıyıcı (çip) yerləşdiriləcək. Qanunun 2014-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Şəxsiyyət vəsiqələri İsveçrə şirkəti tərəfindən hazırlanacaq. “Bu, yeni nəsil şəxsiyyət vəsiqəsi, daha doğrusu kart olacaq” - deyə, Ə. Hüseynli bildirdi.
Layihələr səsə qoyularaq qəbul olundu. Bundan sonra parlament adından xalqa bayram təbriki oxundu və payız sessiyası himnin oxunuşu ilə başa çatdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR