İkinci Qarabağ müharibəsində biabırçı şəkildə məğlub olan Ermənistanda hamı satqın, günahkar axtarışındadır. Burada bir incə nüans ondan ibarətdir ki, bir dövlət olaraq Ermənistanın Azərbaycan Ordusu qarşısında tab gətirə bilmədiyini açıq etiraf etməyi sanki özlərinə sığışdırmırlar. Nikol Paşinyan məğlubiyyəti Köçəryan-Sərkisyan dövründə ordu quruculuğuna diqqət yetirilməməsi ilə bağlamağa çalışır. Opponentləri isə Nikolu xəyanət etməkdə suçlayırlar.
Ancaq fakt və reallıq bundan ibarətdir ki, Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Azərbaycan Ordusu işğalçı erməni ordusunu darmadağın etməyə qadir olub. Əslində, Ermənistan ordusu heç də Paşinyanın dediyi kimi, debil yığınından ibarət olmayıb. Uzun illər ərzində Rusiyadan, digər ölkələrdən kifayət qədər silah-sursatla, hətta qanunsuz olaraq “İsgəndər M” raketi ilə də təchiz olunmuşdular. Sadəcə, Azərbaycan Ordusu dünyanın güclü orduları sırasındadır, Ermənistan ordusunu cəmi 44 günə darmadağın etməsi də bunun sübutudur.
Azərbaycan Ermənistanı elə günə salıb ki, indi bu ölkə yalnız demoqogiya ilə məşğuldur, proseslərin bundan sonrakı mərhələsi üçün vahid bir kurs müəyyən edə bilmir.
Paşinyanın parlamentdəki son çıxışı və buna Ermənistan daxilində verilən reaksiyalar da göstərir ki, ölkədə ara qarışıb, məzhəb itib. Paşinyan məğlubiyyətin məsuliyyətini sələflərinin üzərinə atır, qarşı tərəf isə Nikolun hökumət başçısı kimi günahkar olduğunu cəmiyyətə təbliğ edirlər. Bütün siyasi qüvvələr məğlubiyyətin günahkarını axtarır, hamı bir-birini satqınlıqda ittiham edir.
Hətta erməni mediasında Paşinyanı məlum çıxışını edərkən sərxoş olmaqda da suçlayırlar. Nümunə kimi onun ziddyyətli açıqlamalarını qeyd edirlər. Erməni mediası yazır ki, baş nazir parlamentdəki çıxışında silahlı qüvvələrin keçmiş baş qərargah rəisi Onik Qasparyanın müharibənin 4-cü günündə ona savaşı 2-3 gün ərzində son çatdırılması üçün tədbirlər görülməsi barədə heç bir söz demədiyini bildirib. Ancaq N.Paşinyan ötən ilin dekabr ayının 16-da “Azadlıq” radiosuna verdiyi müsahibədə Qasparyanın ona bu barədə təklif verdiyini söyləyibmiş...
Onun sərxoş durumda olmasına digər nümunə kimi Paşinyanın dünya liderlərinin adlarını sadalayarkən Fransa prezidentinin adını dedikdən sonra Rusiya prezidenti Vladimir Putini də “Fransa prezidenti” adlandırmasını göstərirlər...
Hətta ideoloji cəhətdən yaxınlıqları ilə seçilən Ter-Petrosyanla Paşinyan belə bir-birilərinə qarşılıqlı ittihamlar səsləndirməyə başlayıblar.
Baş nazir parlamentdə çıxışı zamanı deyib: “Birinci prezidentin (Levon Ter-Petrosyan-red.) 2018-ci ilin iyulunda mənimlə görüşündə dedikləri sirri açacağam. Sitat gətirirəm: "Torpaqlar artıq verməlisən". Nəyin qarşılığında? Niyə? Necə? Hər halda eks-prezidentin həmin gün formalaşmış təsəvvürü bu çərçivədən kənara çıxmırdı, qalan digər şeylər qiymətləndirmə mövzusudur".
Paşinyan müharibədə məğlubiyyətə görə üstüörtülü şəkildə ordu generallarına da mesaj verib, eyni zamanda bir hiyləgər gediş də edib, onların məsuliyyətə cəlb olunmayacağını deyib.
Ancaq erməni mediası yazır ki, generallar ciddi şəkildə narahatdır və gizli toplantı keçiriblər, mövcud durumu müzakirə ediblər. Onlar hesab edir ki, Paşinyan seçkiöncəsi onların başını aldadır, dəstək qazanmağa çalışır, seçkidən sonra isə cəzalana bilərlər...
***
Ancaq Ermənistanda nə qədər qarışıqlıq olsa da, ermənilərin Azərbaycanla münasibətlərlə bağlı anormal davranışları da dayanmır.
Məsələn, Paşinyan çıxışında deyir ki, “Dağlıq Qarabağın xilası naminə ayrılma” qətnaməsinin həyata keçirilməsini davam etdirməliyik, bu, “danışıqlar prosesinin əsasını təşkil etməlidir”.
Əlbəttə, bu təxribatçı bir açıqlamadır, şübhəsiz ki, Paşinyanın seçki təşviqatında yer alacaq, xal, səs qazanmağa hesablanıb. Ancaq Nikol indidən cəmiyyətə bu mesajı da verir ki, bundan sonra məsələlərin həllini hərbi variantda görmür. O bəyan edib ki, məsələlər siyasi yolla həllini tapmalıdır.
Görünür, Paşinyan dəmir yumruğu tam unutmayıb, ancaq onun yenə də Qarabağla bağlı xülyalara qapılması, belə çağırışlar etməsi gələcəkdə özləri üçün ciddi problemlər yarada bilər.
Rəsmi Bakı Ermənistana dinc yaşamaq, barışıq və kommunikasiyaların açılması prosesinə başlamağı təklif etdiyi bir vaxtda Paşinyanın “Dağlıq Qarabağın xilası”ndan danışması, paralel olaraq da erməni cəmiyyətində Azərbaycana, Türkiyəyə qarşı nifrət tonunda davranışların sərgilənməsi adekvat tədbirlərin görülməsi ilə nəticələnə bilər. Ermənilər bunu qətiyyən unutmamamlıdır. Onlar ağıllanmayana qədər sərt davranış görməkdə davam edəcəklər...
***
Mümkündür ki, həm Paşinyanın, həm də Ermənistanda siyasi qütblərin cəsarətlənməsi, yenə revanşdan danışmaları həm də Fransanın fitvası ilə baş verir. Hər halda, ermənilər Fransanın Ermənistandakı səfirinin bəlli açıqlamasından sonra “cəsarətləniblər”...
Fransanın səfiri Azərbaycanda Hərbi Qənimətlər Parkının açılışı ilə bağlı anormal bir bəyanat verib. O deyib ki, “müharibə tamaşa predmeti olmamalıdır”. Səfir eyni zamanda Ermənistanın məğlubiyyətini “ləyaqətli məğlubiyyət” adlandırıb.
Fransa səfiri görünür, öz dövlətinin “ləyaqətli” tarixini, ölkəsindəki muzeylərdə nələrin nümayiş etdirildiyini bilmir.
Fransanın müharibə cinayətlərindən nəinki məqalələr, qalaq-qalaq kitablar yazmaq olar və yazılıb, yazılır. Fransa ayaq basdığı ölkələrin hamısına faciələr, soyqırımlar və aclıq, səfalət gətirib. Təkcə Əlcəzairdə Fransa ordusu 1 milyondan çox insanı qətlə yetirib!
Səfir “xəbərsizdir” ki, Parisdə İnsan Muzeyində (“Musee de l'Homme”) 19-cu əsrdə müstəmləkə müharibələrində öldürülən döyüşçülərin kəllə sümükləri hələ də saxlanılır və nümayiş etdirilir. Söhbət hansısa texnikadan, dəbilqədən yox, məhz insan kəllələrindən gedir! Müharibə tarixlərində hərbi qənimətlər muzeyinin yaradılması, texnikaların, dəbilqələrin nümayişi bir ənənədir. Ancaq döyüşçülərin, əsirlərin kəllə sümüklərini muzeydə nümayiş etdirmək kimi vəhşi praktikanı özünü demokratiya beşiyi sayan Fransanın 2 əsr öncədən həyata keçirdiyi bir prosesdir. Fransa 21-ci əsrdə də öldürdüyü döyüşçülərin sümüklərini Əlcəzairə qaytarmır.
![]()
Muzeydə 150 ildən artıq nümayiş etdirilən bu kəllə sümükləri arasında fransız işğalına qarşı xalq müqavimətində iştirak edən altı liderə məxsus qalıqlar da var.
Parisin İnsan Muzeyində 18 min kəllə sümüyündən 500-nün kimliyinin müəyyən olunduğu, bu kəllə sümüklərindən 37-nin 19-cu əsrdə Əlcəzairi işğal edən Fransa qüvvələrinin öldürüldükdən sonra başları kəsilən əlcəzairli müqavimət liderlərinə aid olduğu bildirilmişdi.
Məsələ bir neçə il öncə ictimailəşdikdən və ciddi təpkilərdən sonra Fransa prezidenti Emmanuel Makron 24 kəllə sümüyünün 3 mart 2020-ci ildə Əlcəzairə qaytarılmasına razılıq verib və onlar qaytarılıb.
Habelə, muzey 21 Maori döyüşçüsünün kəlləsini də Yeni Zelandiyaya qaytarıb.
Lakin Fransa kimliyi bəlli olan kəllələrin əksərini qaytarmaqdan imtina edir. Bu bir Fransa dəhşətidir, müharibə cinayətidir. “Müharibə tamaşa deyil” deyən fransız səfir müharibələrdə öldürdükləri insanların kəllə və bədən sümüklərinin nümayişinə konkret bir ad tapa bilərmi?
![]()
Fransanın dəhşətlər yaşatdığı ölkələrdən biri də Ruandadadır. 1994-cü ildə fransızlar bu ölkədə “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat həyata keçiriblər. Nəticədə fransız silahlı qüvvələrinin və onlara qoşulan yerli münaqişə tərəfinin də iştirakı ilə Ruanda da tutsi qəbiləsinin 800 mindən çox üzvü öldürülüb...
XVI əsrdən üzü bəri müstəmləkəçilik siyasəti yürüdən Fransanın İkinci Dünya Müharibəsindən əvvələək işğal etdiyi ərazilərin ölçüsü 13,5 milyon kv.km təşkil edib. Təsəvvür edin, Farnsa öz ərazisindən 20 dəfəyədək böyük bir böyük bir coğrafiyada işğalçılıq, soyqırımlar həyata keçirib. Bu gün də həmin siyasətindən əl çəkmir, Afrika qitəsində müstəmləkəçilik həyata keçirir...
***
Ermənistan digər bir məsələlə də Fransaya çox oxşayır. Ermənistan 30 illik işğal dövründə Azərbaycan torpaqlarında basdırdığı minaların xəritəsini verməkdən imtina edir və bununla da növbəti müharibə cinayətini törətmiş olur. Oxşar davranışı tarxidə Fransa da sərgilyib: Əlcəzair ərazilərində həyata keçirdiyi nüvə sınaqları ilə bağlı aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri bu günədək təqdim etmir... Beləliklə, Əlcəzairdə növbəti cinayətə imza atır...
Belə aydın olur ki, Ermənistan həm də Fransanın yoluyla gedir.
Ancaq ortada bir reallıq var: Fransa bölgədə yaranmış yeni reallıqlar baxımından Ermənistana sadəcə “ayı xidməti” göstərir. Bu “dəstək” və “yolgöstərənlik” ermənilərə çox baha başa gələ bilər. Ermənilər özləri də bunu başa düşsə, yaxşı olar.
Elşad MƏMMƏDLİ
“Yeni Müsavat”






