İnsanlara hürriyət, millətlərə istiqlal!

Parçalanmış xalqın BİRLƏŞMƏK ARZUSU: Böyük Azərbaycan LAYİHƏSİ – FOTOLAR

1381 22.07.2024 17:09 Siyasət A A

İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun Azərbaycan tarixində görkəmli iz qoymuş, dövlət və partiya xadimi, diplomat, tibb elmləri doktoru, professor, Azərbaycanın Əməkdar həkimi, ölkəsinin və xalqının vətənpərvər övladı Əziz Əliyevin ictimai və siyasi fəaliyyətinə həsr olunan “Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabı işıq üzü görüb.

Medianews.az müəllifin icazəsi ilə “Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabından müəyyən hissələri oxucularla bölüşür.

1941-ci ilin iyunun 22-də SSRİ ilə Almaniya arasında müharibə başladıqdan sonra 1921-ci il müqaviləsinə əsasən, Sovet rəhbərliyi ölkənin təhlükəsizliyini nəzərə almaqla İran ərazisinə mümkün müdaxilə haqqında bəyanət verdi və sovet ordusu Cənubi Azərbaycana daxil oldu.

1941-ci ilin sentyabrının ilk günlərində Mir Cəfər Bağırov Güney Azərbaycan məsələsini müzakirə etmək üçün Moskvaya çağırıldı. Moskvada söhbət zamanı Azərbaycan SSR-də səfərbər olunmuş qrupun mərhələli şəkildə Cənubi Azərbaycana göndərilməsinə başlanılması barədə razılıq əldə olundu.

Ümumiyyətlə, keçən əsrin 40-cı illəri elə dövr idi ki, artıq bu zamandan başlayaraq Azərbaycanın rəhbər elitasında, xüsusilə siyasi cəhətdən yetkin azərbaycanlı gənclərə daha çox üstünlük verilirdi. Məhz o illərdə də, Böyük Azərbaycan layihəsinin əsası qoyulurdu və 1941-ci ildə Əziz Əliyevin başçılıq etdiyi azərbaycanlılardan ibarət böyük bir qrup İrana gedir. Hərbi şuranın qərarı və Zaqafqaziya ordusu komandanının əmri ilə sentyabrın 16-da polkovnik-komissar Əziz Əliyev Təbrizə daxil olan 47-ci ordunun Hərbi Şurasının üzvü seçilir. Əlbbətdə bu təyinatda Azərbaycan rəhbəri M.C.Bağırovun rolu danılmazdır.

Sentyabrın ikinci yarısından etibarən “Əziz Əliyev qrupu”nun Təbrizdə fəaliyyətə başlaması qərara alınır. Alt qrupların rəhbərləri də təsdiq edilir: təbliğat üzrə Süleyman Rəhimov, inzibati-təsərrüfat üzrə Mehbalı Əmiraslanov, xüsusi əməliyyat üzrə Ağasəlim Atakişiyev, sanitar-tibb üzrə Mustafa Quliyev, Mirzə İbrahimov (o, Azərbaycan dilində nəşr olunması nəzərdə tutulan “Ordu” qəzetinin redaktoru təyin edilir).

2-3 ay ərzində “Əziz Əliyevin qrup”nun sayının 2-2,5 min nəfərə çatdırılması üçün Moskvadan razılıq alınır. Dövlət Müdafiə Komitəsinin qərarı və Zaqafqaziya Cəbhəsinin komandanı, general-leytenant D.Kozlovun 16 sentyabr 1941-ci il tarixli əmri ilə polkovnik-komissar Əziz Əliyev 47-ci Ordunun Hərbi Şurasının üzvü təyin edilir. Sərəncamda deyilirdi (ARPİİİSSA, F. 1, Siy. 89, iş. 10, səh. 32): “Ezam edilmiş bütün yoldaşlar Azərbaycan K(b)P MK katibi və hərbi şuranın üzvü Əziz Əliyevin göstərişlərini rəhbər tutmalıdırlar. Müvəkkillər və hərbi-siyasi hakimiyyət “Əziz Əliyev qrupu”nun işlərinə qarışa, ona əmr verə bilməz. Eyni zamanda, hərbçilər onun  işlərinə qarışa və hərbi xarakterli göstərişlər verə bilməzlər. 47-ci Ordunun Hərbi Şurası Azərbaycan SSR-in planlaşdırdığı tədbirlərin həyata keçirilməsi üçün bütün lazımi şəraiti yaratmağı öhdəsinə götürür”.

İki həftə M.C.Bağırov Cənubi Azərbaycana ezam olunmuş qrupun üzvləri ilə hər gün görüşlər keçirir və onları təlimatlandırır. Arxivdə saxlanılan sənədlər də bunu bir daha təsdiq edir.

Bu görüşlərin birində M.C.Bağırov deyirdi (ARPİİİSSA, f. 1. siy. 162, iş. 28, səh. 1 – 19): “Biz birinci dəstədə 500 nəfəri göndəririk. Amma “ay yarımdan sonra kiçik birliklər göndərməklə bu rəqəmi 3000-ə çatdıracağıq… Bilirsiniz ki, bizim Qızıl Ordumuz qısa müddətdə Şimali İranın böyük ərazisini tutdu. Bu ərazilər əsasən Cənubi Azərbaycan torpaqlarıdır. Tarixən bunlar Azərbaycan torpaqlarıdır. İranın ən böyük şəhərləri – Qəzvin, Urmiya, Miyanə, Marağa, Təbriz, Ərdəbil, Salmas, Xoy, Ənzəli və başqaları bizim əcdadlarımızın vətəni olub. Əgər həqiqəti bilmək istəyirsiniznsə, Tehran da qədim Azərbaycan şəhəridir. Bunu da əlavə etmək istərdim ki, Qızıl Ordu orada olduğu halda, biz yüzlərlə insanın gözümüzün qabağında aclıqdan ölməsinə razı ola bilmərik. Əgər içimizdə bir damla belə Azərbaycan qanı qalıbsa, o zaman biz bir zamanlar zorla parçalanmış xalqın birləşməsinə nail olmalıyıq… Bunun üçün gücümüz və bacarığımız var… Güney Azərbaycanın zəhmətkeş xalqına kömək etməliyik, nə qədər çətin olsa da. Vəzifə, vicdan, namus, sədaqət bizi buna çağırır… Ona görə də biz liderimiz, yoldaş Stalinə məktubla müraciət edərək, Güney Azərbaycan zəhmətkeşlərinə yardım etməsini xahiş etdik… Bu işə cəmi 4-5 gün əvvəl  başlamışıq. Məni Moskvaya çağırıb, nə istədiyimi soruşdular. Cavab verdim ki, Güney Azərbaycandakı qardaşlarımıza kömək etmək istəyirik, buna icazə verməlisiniz. Moskvadakı yoldaşlar bizə bunu etməyə icazə verdilər. Güney Azərbaycana yardım elə aparılmalıdır ki, nə şah hökuməti, nə də ingilislər bizi İranın daxili işlərinə qarışmaqda ittiham etməsinlər. Sizin vəzifəniz çox məsuliyyətli və şərəflidir. Bu işin öhdəsindən gəlsəniz, parçalanmış xalqın, Azərbaycan xalqının əzəli və əbədi arzusunu həyata keçirmiş olacaqsınız. “Türkməncay” ilə bölünmüş xalqımız birləşməlidir! Bölünmüş ürəkləri, sevgiləri, hissləri birləşdirəcəksiniz! Bu, şərəf məsələsidir!”

Beləliklə, Böyük Azərbaycan layihəsinin əməli icrasına start verilir.

M.C.Bağırov nəzarəti ələ keçirmək üçün “Əziz Əliyev qrupu”nu tez bir zamanda Təbrizə daxil etməyə çalışırdı. M.C.Bağırov Mərkəzi Komitənin aparatında keçirilən iclasda deyirdi (ARPİİİSSA, f. 1, siy. 162, iş. 30, səh. 6): “Naxçıvanda olarkən 3-4 saat Təbrizdə oldum… Təbrizin bir neçə yerində 7-8 oğlan və qızla görüşüb onlarla söhbət etmək istədim. Lakin dayanmış avtomobili görən kimi qaçmağa başladılar. Mən onlara Azərbaycan dilində  “Bura gəlin”, – dedim. Azərbaycan dilində bu sözü eşidib yanıma qayıtdılar… Güney Azərbaycan torpağı bizim əsl Vətənimizdir. Respublikamızın sərhədində yaşayan vətəndaşlarımız qohumlarından ayrı düşüblər… İran hökuməti ölkəni bölgələrə bölərək Azərbaycanı çox kiçildib (xəritədə göstərir). Bu, yalandır. Tehran da Azərbaycan torpaqlarına daxildir”.

M.C.Bağırov Cənubi Azərbaycana ezam olunmuş qruplarla görüşlərdə Əziz Əliyevin göstərişlərinə ciddi əməl olunmasını tələb edirdi. Əziz Əliyevin başçılığı altındakı qrup Cənubi Azərbaycana ezam olunandan sonra  çox ciddi vəzifələr yerinə yetirməyə başladı.

Əziz Əliyevin Təbrizdə ilk vəzifəsi Cənubi Azərbaycana göndərilən işçilərli müxtəlif şəhərlərdə yerləşən hərbi hissələrə göndərmək olur. Ezam olunmuş işçilərin birinci dəstəsindən Makuya 16, Urmiyaya 22, Zəncana 15, Pəhləviyə 27, Xoya 16, Ərdəbilə 15, Noşəhrə 15 nəfər göndərilir. Birbaşa təyinat almayanların çoxu Təbrizdə qalır. İlkin tədbirlər başa çatdıqdan sonra sentyabrın 22-də Əziz Əliyev Tehrana gedir. Tehrandakı səfir A.Smirnova görülən işlər haqqında məlumat verir.

Əziz Əliyevin Təbrizdə  digər  işlərindən biri şəhərdə şəkər ticarətinə nəzarət edən Budaqyan adlı erməninin pozuculuq fəaliyyətini neytrallaşdırmaq olur. O, əhali arasında narazılıq yaratmaq üçün şəkərin satışına qadağa qoymuşdu. Bu təxribatı dayandırmaq üçün Təbriz şəhərinin meri və polis rəisi hərbi qərargaha dəvət edilir. Onlardan asayişi bərpa etmək tələb edilir. Aclığın qarşısını almaq üçün sentyabrın 24-ü Sovet Azərbaycanından Təbrizə  ərzaq karvanı göndərlir. Bakıdan yardım kimi 800 ton şəkər, 360 ton un, 105 ton buğda, 300 min metr parça göndərilir.

Ümumilikdə, 1941-ci ilin sonunadək Cənubi Azərbaycana Bakıdan 1.484.053 metr parça, 2.548 ton şəkər, 1.371 ton un, 1.814 ton buğda və ümumi dəyəri 2 milyon rubl olan başqa mallar göndərilir. Əziz Əliyev Cənubi Azərbaycanda həmçinin tayfa liderləri ilə görüşür, onları milli  azərbaycançılıq ideyasının ətrafında birləşməyə dəvət edir.

SSRİ-nin İrandakı səfiri Andrey Smirnov 1941-ci il üçün illik hesabat məruzəsində İran hökumətinin müttəfiqlərə münasibətindən belə yazırdı: “Qızıl Ordunun işğal etdiyi ərazilərdə demokratik qüvvələrin sərbəst buraxılması ehtimalından qorxaraq, İranın hakim dairələri daha çox ingilislərə yaxınlaşır”.

 

İngilislərin 1941-1942-ci illərdə İranda hərbi-strateji fəaliyyəti aşağıdakılardan ibarət idi (ARDA. f.28, siy. 4, s.v. 2, vər. 46 – 62):

1. Hərbi məqsədlər üçün Fars körfəzindən İranın içərilərinə doğru yolların və müdafiə istehkamlarının tikintisi (Zahidan-Məşhəd; Bender-Buşir-Tehran, Əhvaz-Təbriz);

2. Yeni ordu qrupunun yaradılması (12 diviziyaya qədər);

3. Kirmanşah, Kuramabad, Həftkel, Ram Hörmuz və Bəndər Diləmin işğalı.

Ardı var…

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR