İnsanlara hürriyət, millətlərə istiqlal!

Papa “Laçın yolu”ndan əl çəkmir: yalanları pantifikin qulağına kim pıçıldayır?

529 01.02.2023 13:09 Siyasət A A

Roma papası minlərlə dindara ermənilərin “blokadada zülm çəkdiyini” çatdırıb; deputat və ilahiyyatçıdan rəy: “Ermənilər Roma katolik kilsəsi ilə sıx əməkdaşlıq qurublar”

Yanvarın 29-da Roma papası Fransisk yenidən “Laçın dəhlizinin Azərbaycan tərəfindən blokadaya alınmasından narahatlığını” dilə gətirib. “Cənubi Qafqazda Laçın dəhlizində yaranmış ağır humanitar vəziyyətlə bağlı müraciətimi bir daha bildirirəm. Qışın ortasında bu qeyri-insani şəraitlə üzləşməli olan hər kəsə öz dəstəyimi bildirirəm. İnsanların xeyrinə sülh yolu ilə həll yollarının tapılması üçün beynəlxalq səviyyədə hər cür səy göstərilməlidir”, - deyə pantifik bildirib. 

“Yeni Müsavat” qeyd edir ki, ənənəyə görə, Roma papası bazar günü duasından sonra aktual beynəlxalq mövzularda da çıxış edir. Çıxış radio və televiziyada yayımlanır və sosial mediada geniş işıqlandırılır. “Laçın blokadası” haqda ermənilərin uydurduğu yalanı Roma papası Müqəddəs Pyotr meydanına toplaşan minlərlə dindara çatdırıb. Onların böyük əksəriyyətinin isə nəinki Laçın yolunun harada yerləşməsindən, ümumiyyətlə, bu münaqişənin tarixindən xəbərsiz olması şübhə doğurmur.

Yada salaq ki, Papa ötən ilin dekabrında da eyni məzmunlu açıqlama vermişdi. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə isə Roma papasına məktub yazmış, münaqişənin tarixindən, Laçın yolunda əslində heç bir blokadanın olmamasını qeyd etmişdi.  Təəssüf ki, 44 günlük müharibə zamanı da pantifik Azərbaycanın haqq davasını dəstəkləmədiyi kimi, indi də azərbaycanlı fəalların Laçın-Xankəndi yolundakı aksiyasına erməni gözü ilə qiymət verməkdə davam edir, Ermənistanın dünyaya car çəkdiyi yalanları tirajlayır. Əslində isə Roma papası olmayan “humanitar fəlakətdən” söz açmaq əvəzinə, Qarabağdakı ermənilərin törətdikləri ekoloji fəlakətdən danışmalı idi. Öz növbəsində Azərbaycan tərəfi yolun bağlanması ilə bağlı iddiaları rədd edir.

Rəsmi Bakı bildirir ki, yolun hər iki istiqaməti avtomobillərin hərəkəti üçün açıqdır. Həmçinin Bakı bölgə ermənilərinə humanitar yardım etməyə hazır olduğunu bəyan edib.

Azərbaycan fəallarının Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası dekabrın 12-də başlayıb. Etirazçılar Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə təbii sərvətlərin qanunsuz istismarına qarşı çıxır, azərbaycanlı mütəxəssislərin mədənlərin monitorinqini aparmasına imkan yaradılmasını tələb edirlər. Yeri gəlmişkən,  on ildən çoxdur ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda və Romada mühüm tarixi əhəmiyyət daşıyan dini abidələr bərpa edilir. Bütün bunlar ölkəmizin multikultural dəyərlərə və dinlərarası sağlam münasibətə ciddi önəm verdiyini təsdiqləyir. Roma papası isə təkcə müsəlman məscidlərini deyil, alban və xristianlıq abidələrini də dağıdan erməniyə qahmar çıxır. Azərbaycanın Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri də var. Görünür, artıq səfirlik səviyyəsində pantifikə həqiqəti söyləməsi üçün pıçıldamaq lazımdır. Burada bizim də informasiyanı beynəlxalq ictimaiyyətə çatdırmaqda axsadığımızı qeyd etməliyik. Əks halda, Roma papası belə xəritədə yerini bilmədiyi Laçın koridorundan danışmazdı. Bəs Vatikana sözümüzü necə çatdıraq və inandıraq?

Deputat Ceyhun Məmmədovun atası vəfat etdi

 Ceyhun Məmmədov

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a qeyd etdi ki, burada bir neçə məqamı nəzərə almaq lazımdır: “Əvvəla, ermənilər Roma katolik kilsəsi ilə sıx əməkdaşlıq qurublar. Bu haqda məlumatım var. Ermənilərin içində katolik olanlar var ki, Roma katolik kilsəsi ilə güclü əlaqələrə malikdirlər deyə belə bəyanatların verilməsinə nail olurlar. Roma papası qısa müddətdə iki dəfə bəyanat verib, halbuki heç bir humanitar fəlakətdən söhbət getmir. Amma beynəlxalq təsisatlar, Roma papası mövqe ortaya qoyanda Azərbaycanın da münasibətini nəzərə almalıdırlar. Biz Vatikanda, İtaliyada katakombaları ən yüksək səviyyədə təmir-bərpa etmişik. Bu da istər-istəməz bizi düşündürür ki, torpaqlarımız işğalda olanda dini abidələrimiz dağıdıldı, buna heç bir münasibət bildirilmədi, amma indi əsası olmayan ittihamlarla üzləşirik”. C.Məmmədov hesab edir ki, Azərbaycanda olan dini icmalar, mərkəzlər Roma papası ilə əlaqələr qurmalı, Vatikana məktublar ünvanlanmalıdırlar: “Onlar erməni yalanlarının uydurma olduğunu diqqətə çatdırmalıdırlar. Təəssüf ki, ermənilər əllərindəki imkanlardan istifadə edərək əleyhimizə kampaniya aparırlar. Ona görə dini təşkilatlar məktublar yazmalı, eləcə də Roma papası ilə əlaqələr qurulmalıdır”.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli  qeyd etdi ki, azərbaycanlı fəallar öz ərazisində dinc aksiya keçirir: “Hər gün təminat maşınları oradan keçir, xəstəliyi olan ermənilər Qırmızı Xaç Komitəsinin maşınında daşınırlar, ərzaq və dərman daşınmasında heç bir məhdudiyyət qoyulmayıb, hansı humanitar böhrandan söhbət gedə bilər? Din xadimləri obyektiv, ədalətli olmalıdırlar. Təəssüf ki, dini təəssübkeşlik nümayiş etdirirlər. İlk növbədə münaqişənin ədalətli həllinə çağırış etmək əvəzinə birtərəfli mövqe tutulur. Vatikandan Azərbaycandakı katolik kilsəsinin rəyi də öyrənilə bilərdi, çünki onların burada nümayəndəliyi var. Katolik kilsəsi ərazi bütövlüyümüzü dəstəkləyən bəyanatlar verib, ona görə bu məsələdə dolğun məlumatlı olub ədalətli mövqe tutulmalıdır. Din xadimlərindən tələb olunan budur ki, istənilən münaqişənin dinc yolla həllinə səy göstərmək lazımdır. Amma belə bəyanatlar münaqişələrin qızışmasına səbəb olur”.

Qərbin ikiüzlülüyü Suriya məsələsində bir daha üzə çıxdı - politoloq şərhi  - 11.10.2019, Sputnik Azərbaycan

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, xristian dünyası bu məsələdə həmrəydir. Onun fikrincə, təəssübkeşlik göz qabağındadır və nə Vatikanı inandırmaq mümkündür, nə Qərb dünyasını. Ekspert təklif edir ki, rəsmi şəkildə Vatikan kilsəsinə etiraz bildirilsin: “Xarici İşlər Nazirliyi səviyyəsində cavab verilməlidir. Azərbaycanın İtaliyadakı səfiri Roma papasına müraciət ünvanlamalıdır. Minlərlə xristian Papanı dinləyir və inanır ki, bir ovuc erməni həqiqətən də Qarabağda bədbəxt bir vəziyyətə salınıb. Onlar xəritədə Laçının hara olduğunu bilmirlər. Hətta ermənilərlə azərbaycanlılar arasında problemin kökündən məlumatsızdırlar. Sadəcə, eşidirlər ki, türklər xristianlığı guya ilk qəbul etmiş erməni xalqını orada "humanitar fəlakətlə" üzbəüz qoyub. Etiraf etmək lazımdır ki, ermənilər şivən salmaqda xeyli dərəcədə bacarıqlıdırlar. Biz daha iri addımlar atmalı, daha kəskin şəkildə məsələni qoymalıyıq. Ermənilər onu da anlayırlar ki, istər Roma papası bəyanat versin, istər Fransa Senatı qətnamə qəbul etsin, bu kampaniyanın bizə heç bir təsiri yoxdur. Qondarma rejimin başçısı da etiraf edib ki, Bakı ilə danışıq aparmalıyıq, nə ruslar, nə də beynəlxaq təşkilatlardan ümid gözləməyin. Ona görə Roma papası bilsin ki, göz yaşı tökdüyü o ermənilər lap yaxşı yaşayırlar, amma əlində silah olan terrorçu ermənilər isə Laçın yolundan bizə qarşı atəş açmaq üçün silah-sursat daşıyırdı, mina daşıyırdı. Buna da diqqət etsə, yaxşı olar".

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Emil SALAMOĞLU  
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR