Mayın 16-da Azərbaycan Dövlət Pantomima Teatrının yaranmasının 25 illiyi münasibətilə təntənəli tədbir keçirilib.
Musavat.com-un əməkdaşının verdiyi məlumata görə tədbirdə mədəniyyət naziri Əbülfəz Qarayev, tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar, teatrsevərlər iştirak edib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilən tədbirdə əvvəlcə qonaqlar teatrın foyesində sənət ocağının 25 illik fəaliyyətinə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi ilə tanış olub.
Daha sonra yubileyin rəsmi hissəsi başlayıb. Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək, bu sənət ocağının keçdiyi yoldan söz açıb: “Bu teatr haqqında danışmaq demək olar ki, rahatdır. Bu teatr Azərbaycan teatr sənətində müstəqilliyin rəmzinə çevrilib. Çünki onun yaradılması Azərbaycanın müstəqillik dövrünə təsadüf edir. Və bu 25 ildə teatr öz axtarışları, tapıntıları ilə cəmiyyətdə cərəyan edən proseslər, münasibətlər barədə mövzulara müraciət edib. Bu gün də sənət ocağının yaradıcı kollektivi öz yaradıcılıq axtarışlarını uğurla davam etdirir. Xarici ölkələrdə ölkəmizin mədəniyyət günlərinin keçirilməsi zamanı teatrın yaradıcı heyəti hər zaman layiqli töhfələr verib. Azərbaycan Dövlət Pantomima Teatrı 35-dən artıq xarici və yerli teatr festivallarında Azərbaycan teatrını və mədəniyyətini yüksək səviyyədə təmsil edib. Bilirsiniz ki, prezident İlham Əliyev tərəfindən teatra, mədəniyyət və incəsənət sahəsinə böyük diqqət və qayğı göstərilir. Prezident tərəfindən imzalanan sərəncamlar bunu əyani sübut edir. Biz bu yaxınlarda Azərbaycan teatrlarının inkişafı üçün nəzərdə tutlun dövlət proqramını tamamalamışıq. Yola saldığımız son on ildə bu istiqamətdə qarşıda duran problemləri kifayət qədər adlamışıq və çoxsaylı məsələləri icra etmişik. Lakin bu problemlər qurtaran deyil. Teatr sanki canlı bədəndir, onun ağrıyan yeri də olur, sevinən ürəyi də. Deyərdim ki, Pantomima Teatrı ürəkdə olan sevinclə yaşayır. Zamanla biz bütün problemlərimizi həll edəcəyik, teatrlarımız daha da sürətli inkişaf dövrünü yaşayacaq. Mən Pantomima Teatrının yaradıcı kollektivinə uğurlar arzulayıram, hər birini bu gün münasibətilə təbrik edirəm”.
Daha sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, xalq artisti Hacı İsmayılov çıxış edib.
Xalq artisti teatrda çalışan aktyorlarının fəaliyyətindən, sənət ocağının bu günədək sərf etdiyi yorulmaz əməkdən, görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb: “Başqa teatrlarda işləmək bir qədər asandır. Çünki orda söz, mətn var. Lakin pantomima teatrı digərlərindən onunla fərqlənir ki, burada söz yoxdur və fikirlər ancaq hərəkətlərdə, mimikalarda verilir. Bu çox çətin sənətdir. Çox sevinirəm ki, 25 ildə bu teatr özünü təsdiq edə, sevdirə bilib”.
Çıxışlardan sonra xalq artisti Bəxtiyar Xanızadənin quruluş verdiyi “Sehrli xalat” tamaşası təqdim olunub. Tamaşanın zəngin səhnə dekorasiyası, aktyorların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb. Tamaşadan sonra teatrın qurucusu və baş rejissoru, xalq artisti Bəxtiyar Xanızadə qısaca çıxış edib.
Xalq artisti yubiley tədbirində iştirak edən hər kəsə təşəkkür edib: “Bu xalq çox istedadlıdır, heç kəsin buna şübhəsi yoxdur. Düşünürəm ki, onlardan biri mənəm. Azərbaycanda ən qədim teatr növünü yarada bildim. Sizlərə təşəkkür edirəm ki, bu teatr növünü qoruyub saxladız. Əgər istəyiriksə bizimlə gələcək nəsillər fəxr etsin, bu qədim teatr növünü qoruyub onlara çatdırmalıyıq”.
Yubiley tədbirindən sonra musavat.com-un əməkdaşı tamaşaçıların rəyini öyrənməyə çalışıb. Xalq artisti Afaq Bəşirqızı yubileylə bağlı böyük təəssüratlarının olduğunu bildirdib: “Təəssüratlarım çox böyükdür. Bəxtiyar müəllim bir daha öz istedadı, böyüklüyünü öz teatrı ilə birgə təsdiq etdi. Bu cür sənətkarların dəyəri, qədri bilinməlidir. Xalq sevir, öz sənətkarını dəyərləndirir, amma cənab məmurlar siz də ayılın”.
Əməkdar artist Elza Seyidcahan bu teatrı çox sevdiyini deyib: “Hələ konservatoriyada tələbə olarkən, təxminən 2000-ci illərdə mənə bu teatr üçün musiqi yazmaq təklif olundu. Mövzu belə idi, “14 daş və 7 oğlan”. Mənə deyildi ki, musiqi yaz, amma heç bir musiqi alətində ifa olunmayacaq. Dedim ki, axı bu necə olacaq? Sonradan musiqi yazdım. Bu teatrda çalışanlar çox istedadlıdır. Başqa teatrlarda aktyorlar sözlə tamaşanı ifadə edirlərsə, bu teatrın aktyorları yalnız hərəkətlərlə, mimikalarla bunu verir və çox da yaxşı bacarırlar”.
Əməkdar artisti, Kukla Teatrının baş rejissoru, vaxtilə Panromim Teatrının aktyoru olan Qurban Məsimov da yubiley ilə bağlı təəssüratlarını bölüşüb: “Bu gün köhnə pantomimçi kimi yalnız zalda, tamaşaçı qismindəyəm. Uzun illər bu teatrın səhnəsində çalışmışam. İndi də tamaşaçı kimi kənardan izləmək çox maraqlıdır. Bu gün bir qədər kədərli, eyni zamanda qürurluyam. Nə gözəl ki, bu teatrın yaranmasında, yaşamasında bizlərin də əməyi olub”.
Tanınmış rejissor və aktyor Rövşən İsax bu tədbirlə bağlı ən xoş hisslərini keçirdiyini söyləyib: “15 il unutduğum hissləri yenidən yaşadım. Bu teatr yarananda mənim 23-24 yaşım var idi. İndi isə 50 yaşımın astanasındayam. Yubiley tədbirini izlədikdə düşündüm, nə gözəl ki, bu sənətdə mənim də bir payım var, mən də nəsə iş görmüşəm. Arzulayıram ki, bu teatrın ömrü daha da uzun olsun”.
Tanınmış rejissor, əməkdar artisti Nicat Kazımov isə ustadı Bəxtiyar Xanızadə ilə birlikdə yenidən səhnədə olduğu üçün özünü xoşbəxt hiss etdiyini bildirib.
Xatırladaq ki, 1994-cü ildə Xalq artisti Bəxtiyar Xanızadənin rəhbərliyi ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində “Dəli yığıncağı” Pantomima Teatr studiyası yaradılıb. 2000-ci ildə studiyaya “dövlət teatrı” statusu verilib.
Xalq artisti Pərviz Məmmədrzayev, əməkdar artistlər Elman Rəfiyev, Nargilə Qəribova, Bəhruz Əhmədli, Səbinə Hacıyeva, aktyorlar Nurlan Rüstəmov, Səbirə Həsənova, Solmaz Bədəlova, Leyla Atayeva, Elnur Rzayev və başqaları bu gün Azərbaycan teatr sahəsində istedadlı sənətçilərdən hesab olunur.
Xalidə Gəray,
Musavat.com,
Fotolar müəllifindir.






