İnsanlara hürriyət, millətlərə istiqlal!

Pandemiyanın bitmək üzrə olduğunu deyən nazir nəyi nəzərdə tutub? - həkimdən açıqlama

4647 23.09.2022 11:15 Yaşam A A

“Yoluxmaların azalmasından yox, xəstəlikdən ölümlərin azalmasından söhbət gedir” - infeksionist

Ötən gün səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında Azərbaycanda pandemiya ilə bağlı vəziyyəti  açıqlayıb. O deyib ki, Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi artıq pandemiyanın sonuna yaxınlaşması ilə bağlı iş görüldüyünü bildirib: “Azərbaycanda koronavirusdan ölüm halları minimal səviyyədədir. Yoluxanlar hələ də var. Buna görə pandemiyanın sonuna doğru getdiyimizi bəyan edə bilərəm. Azərbaycanda yetərincə vaksin var. Bu günə qədər peyvənd vurdurmayan şəxsləri vaksinasiyadan keçməyə çağırıram”.

Yada salaq ki, ötən həftə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə çərşənbə günü keçirilən brifinqdə bildirib ki, ötən həftə dünyada COVİD-19 səbəbindən təsdiqlənmiş ölüm hallarının sayı 2020-ci il mart ayından bəri ən aşağı səviyyədə olub: “Deyəsən, iki il yarımdan artıq müddətdə insanların həyat rejimini pozan koronovirus pandemiyası başa çatır. Pandemiyanın başa çatması ilə bağlı biz heç vaxt daha yaxşı nəticəyə nail olmamışıq. Lakin pandemiyanın başa çatması göz önündədir”.

Mütəxəssislər bunu pandemiyanın başa çatmasının anonsu kimi qiymətləndirir. Bildirilir ki, ilin sonunadək pandemiyanın başa çatdığı rəsmən elan olunacaq. Deməli, bundan sonra maskalar, sərt karantin və bu kimi digər tədbirlər geridə qaldı. Həyatımıza pandemiyadan əvvəl olduğu kimi davam edə biləcəyikmi?

Sürətlə yayılır, amma öldürücü deyil...

 Nicat Əzimli 

Həkim-infeksionist Nicat Əzimli mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Koronavirusdan əvvəlki dövrdə də, indi də həssas, risk qrupunda olan şəxslərə hər payız mövsümü qabağı qrip (influenza) vaksini olunmaq məsləhət görülürdü. Pandemiyadan sonra isə əhali arasında dövr edən tənəffüs yolu infeksiyalarına biri də əlavə olundu. Bu da koronavirusdur. Buna görə də hər mövsümqabağı həssas şəxslərin bu xəstəliyə qarşı vaksinasiyada iştirak etməsi məsləhətdir.

Çünki pandemiyanın bitməsi o demək deyil ki, artıq koronavirusa yoluxmalar yoxdur. Yoluxmalar var, bəlkə də əvvəlkindən daha çoxdur. Sadəcə olaraq, xəstəliyin şiddəti azalmış, insanlar yoluxduqda simptomlar ortaya çıxmır və ya yüngül keçirirlər. Elə ÜST-in pandemiyanın bitməsi ilə bağlı verdiyi açıqlama da yoluxmaların azalması yox, xəstəlikdən ölümlərin azalması ilə bağlıdır. Yəni xəstəlik əvvəlki dövrlərə nisbətən xeyli yüngülləşib".

Qeyd edək ki, Azərbaycanda “TURKOVAC” vaksininin 3-cü faza klinik sınaqlarının ilkin nəticələri açıqlanıb. Bu barədə səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlama verib. O bildirib ki, artıq ilkin məlumatlar toplanılıb və daha dəqiq, dərin təhlil üçün Türkiyə tərəfinə göndərilib: “İnanırıq ki, qısa müddətdə Azərbaycanda keçirilmiş sınaqlar ”TURCOVAC"dan sonra silsiləli şəkildə gələn vaksinlər üçün də öz töhfəsini verəcək".

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah 2020-ci il fevralın 28-də Azərbaycanda ilk koronavirus (COVİD - 19)  infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib. Pandemiya dünyada 2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı. 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdi.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR