İnsanlara hürriyət, millətlərə istiqlal!

“Pandemiya şərtlərinə razıyıq, təki dərslər məktəbdə olsun” - İlk dərs günündə yaşananlar VİDEOREPORTAJ

686 22.09.2021 19:52 Təhsil A A

Bu gün - 22 sentyabr ilk dərs günüdür. 158 min 608 şagird bu il birinci sinfə qədəm qoyur. Təhsil Nazirliyindən verilən məlumata görə, 2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagird təhsil alacaq.

Musavat.com-un əməkdaşları olaraq üz tutduğumuz Eldar Quliyev adına 145 saylı orta məktəbdə valideynlərlə şagirdlərin sevinc və həyəcanı bir-birinə qarışmışdı. Anasının ətəyindən bərk-bərk tutaraq ağlayan birincilər, qəhərlənərək sevinc göz yaşlarını gizlətməyə çalışan valideynlər - bütün bunlar ilk dərs günündə gördüklərimzidir.

Birinci Qarabağ döyüşçüsü, şəhid Eldar Quliyevin adını daşıyan bu məktəbdə yeni dərs ilinə xüsusi hazırlıq görülmüşdü. Azərbaycanın Dövlət Himni ilə başlayan tədbirin bədii hissəsi şagirdlərin ifa etdikləri xüsusi rəqslər, şeirlər, mahnılarla davam etdi. Müəllimlərin yeni dərs ilinə çağırışı isə tədbirə xüsusi rəng qatdı.

Ötən ildən fərqli olaraq bu il uşaqların məktəbə gül çələngləri ilə gəlməsinə də icazə verilib. Odur ki, balaca əllərində gül çələngini daşıyan kim, ağır məktəbli çantasını çiynində güclə saxlayan kim...

Valideynlər isə bu il övladlarını yalnız uzaqdan, məktəb hasarından izləməklə kifayətlənməli oldular. Bununla belə, pandemiya səbəbindən məktəb qapısından içəri daxil ola bilməsələr də, təəssüflənmədiklərini dedilər.

Bu tədris ili başqa bir özəlliyinə görə də fərqlənir. Artıq övladlarımız qalib ölkənin vətəndaşı kimi təhsil alacaq, qürurlu gənclər kimi yetişəcəklər. Şagirdlərimiz torpaqlarımızın işğal deyil, zəfər tarixini yaddaşlarda saxlayacaqlar. Elə məktəblərdə ilk dərslər də məhz “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.

Budur, məktəbdə ilk zəng çalınır! Bu zəng sərbəst həyata addımlayan balacaları işığa aparan maarifçilik yolunun ilk əks sədasıdır...

Qeyd edək ki, sentyabrın 22-dən I-V siniflər, sentyabrın 29-dan isə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanacaq.

Reportajımızı təqdim edirik:

 

Afaq Mirayiq,
Elçin Əkbərov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR