İnsanlara hürriyət, millətlərə istiqlal!

Pandemiya şəraitində dövlətlər fermerlərə necə dəstək verir – faktlar

615 04.06.2020 08:05 İqtisadiyyat A A

Azərbaycanda bir sıra addımlar atılıb; kreditlər, güzəşt və subsidiyalar...

Koronavirus pandemiyasının yaratdığı iqtisadi böhranın kənd təsərrüfatına təsirləri müxtəlif ölkələrdə fərqli səviyyədə olub. Avropada, ABŞ-da, Kanadada, Avstraliyada fermerlər ciddi itkilərə məruz qalıblar. Xüsusilə Kanada və ABŞ-da ət emalı müəssisələrinin fəaliyyətinin dayanması heyvandarlıq sahəsində çalışan fermerlərin ciddi zərər çəkməsinə səbəb olub. Bundan əlavə, pandemiyaya görə tətbiq olunan hərəkət qadağası kənd təsərrüfatı sahəsində çalışan günəmuzd işçilərin hərəkətini məhdudlaşdırıb. Hazırda ABŞ, Kanada və Avropada məhsul yığımı mövsümü başlayıb və işçi qıtlığı üzündən sahələrdə giləmeyvələrin zay olması müşahidə olunmaqdadır.

Bütün bunları nəzərə alaraq müxtəlif ölkələr kənd təsərrüfatı istehsalçılarına dəstək proqramları həyata keçirirlər. Ərazisinin cəmi 9 faizi əkinə yararlı olmasına rəğmən dünyada ərzaq təhlükəsizliyini təmin etmək baxımından ilk yerdə olan Sinqapurda dövlət dəstək proqramlarının əsasında fermerlər dayanır. Avropada da hökumətlər aqrar sahəyə xüsusi diqqət ayırırlar. ABŞ-da isə fermerlərə 19 milyard dollarlıq yardım paketi ayrılıb. Proqram çərçivəsində 16 milyard dollar birbaşa fermerlərə və rançolara gedəcək. Daha 3 milyard dolları isə hökumət fermerlərdən məhsul almağa sərf edəcək.

Bəs Azərbaycanda necə, kənd təsərrüfatı pandemiyanın yaratdığı böhrandan çoxmu zərər çəkib? Müşahidələr göstərir ki, Azərbaycanda sərt karantin məhdudiyyətləri aqrar sektora ciddi təsir etməyib. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin təklifləri əsasında regionlarda kənd təsərrüfatı işçilərinin və texnikasının hərəkətinə məhdudiyyətlər çox cüzi tətbiq edilib. Əkin və səpin üçün zəruri olan bütün hərəkətlərə icazə verilib. Eyni zamanda kənd təsərrüfatı məhsullarının ixracı, toxumların, texnikanın idxalına da tam şərait yaradılıb. Nəticədə bu ilin 4 ayında meyvə-tərəvəz ixracı 153,9 milyon dollar təşkil etməklə ötən ilin eyni dövründəkindən(149 milyon dollar) çox olub. Bütün bunlara görə Azərbaycanda kənd təsərrüfatı istehsalçılarına xüsusi yardım proqramı həyata keçirilməsə də, müxtəlif istiqamətlərdə aqrar sektora dəstək tədbirlərinin reallaşdırılmasına başlanıb.

Belə ki, “Sosial sığorta haqqında” Qanuna edilən dəyişikliklərə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II dərəcə əlilliyi olan şəxslər, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı fərqli hesablanacaq. Belə şəxslərə sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əmək haqqının müxtəlif dərəcələri üzrə hesablanacaq. Torpaq 5 hektaradək olduqda - 2 faiz miqdarında, hazırkı minimum əmək haqqı göstəricisi ilə 5 manat;

Fermerlərə dəstək verməlidir, amma özünə dəstək lazımdır ...

5 hektardan 10 hektaradək olduqda - 6 faiz miqdarında, hazırkı minimum əmək haqqı göstəricisi ilə 15 manat;

10 hektardan yuxarı olduqda - 10 faiz miqdarında, hazırkı minimum əmək haqqı göstəricisi ilə 25 manat.

Prezidentin 8 aprel tarixli fərmanı ilə mikro və kiçik ölçülü aqrar kreditlərin verilıməsi şərtləri xeyli yumşaldılıb. Belə ki, indiyədək mikrokreditlərin maksimum həcmi 5 min manat idi, fərmanla bu məbləğ 15 min manata qaldırılıb. Kiçikhəcmli kreditlərin maksimal məbləği isə 15 min manatdan 30 min manata çatdırılıb. Əvvəllər ikrokreditlər üçün - 2 ilədək; kiçikhəcmli kreditlər üçün - 3 ilədək kreditin verilməsi nəzərdə tutulurdu. Dəyişiklikdən sonra isə mikrokreditlərin müddəti 3 ilədək uzadılır.

Dəyişiklik faiz dərəcələrini də əhatə edir. Belə ki, dəyişikliyə qədər hər hansı bir həddə - mikro, kiçik, orta, iri həcmli və istehsal sahələrinə kreditlər Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən müvəkkil kredit təşkilatlarına (bank, BOKT)  2% dərəcəsi ilə verilərək, onlar tərəfindən aqrar subyektə maksimum 7% (SİF-in verdiyi kreditlər kimi) təklif edilirdi.

Fərmanın 5.7-ci bəndində olan  dəyişikliyə əsasən, AKİA bu qaydada nəzərdə tutulan vəsaiti müvəkkil kredit təşkilatlarına təminatsız verilən mikrokreditlər və ya digər güzəştli kreditlər üçün illik 2%, təminatla verilən mikrokreditlər üçün isə əlavə 0,5 faiz olmaqla, illik 2,5 faiz tətbiq etməklə verəcək.  Müvəkkil kredit təşkilatlarının Agentliyin kredit vəsaitinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi (AKİA-nın tətbiq etdiyi faizlər də daxil olmaqla) müvafiq olaraq öhdəliklərin icrasının təmin edilməsi üsulu müəyyən edilmədən verilən mikrokreditlər üçün 12%, digər güzəştli kreditlər üçün isə 7%-dən artıq olmamalıdır.

Təkrar əkin aparan fermerlərə dəstək veriləcək - VİDEO

Prezident həmçinin aprel ayında koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında sərəncam imzalayıb. Sərəncamla koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə vəsaitinə ehtiyacının qarşılanması məqsədilə aqrar sektorda təminatsız mikrokreditlərin verilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 30 milyon manat ayrılıb.

KTN-dən verilən məlumata görə, bu il aprelin 23-dən iyunun 1-nə qədər Azərbaycanda 512 fermerə 5,2 milyon manat kənd təsərrüfatı təyinatlı güzəştli mikrokredit verilib. Bu vəsaitin 4,5 milyon manatı heyvandarlıq, 335 min manatı əkinçilik, 208 min manatı bağçılıq, 102 min manatı isə arıçılıq və digər ailə kəndli-fermer təsərrüfatlarının qurulmasına və inkişafına ayrılıb.

Azərbaycan hökuməti pandemiya dövründə aqrar istehsalçılara yönəlik əvvəlcədən həyata keçirilən dövlət dəstəyi proqramlarını da davam etdirib. Belə ki,  yazlıq əkinlərinə görə bəyanları monitorinqdən keçən 17 min fermerə 7 milyon manat ödəniş edilib.

Rəsmi məlumatlara əsasən iyunun 1-nə Azərbaycanda 21 675 fermerin süni mayalanma ilə doğulmuş buzova görə subsidiya müraciəti təsdiqlənib. Bu fermerlər 25 370 baş buzova görə subsidiya alacaqlar. Subsidiya məbləği hər heyvandarın öz “Fermer Kartı”na köçürüləcək.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR