Pandemiya finlandiyalıların işləmək qabiliyyətinə mənfi təsir göstərib.
AZƏRTAC xəbər verir ki, Finlandiya Xalq Sağlamlığı İnstitutunun (THL) yeni yaydığı məlumata əsasən, koronavirus pandemiyasından sonra cəmiyyətin qadın yarısının əhəmiyyətli bir hissəsi əvvəllər olduğu kimi işdə üzərinə qoyulan öhdəliklərdən gələ bilmir. İnstitutun yeni araşdırması göstərir ki, iş qabiliyyətinin azalması xüsusilə 50 yaşınadək insanlar tərəfindən kəskin hiss edilir.
THL qeyd edir ki, 50 yaşından cavan finlərin əhəmiyyətli bir hissəsinin koronavirus epidemiyası zamanı işlərində və maddi vəziyyətlərində mənfi dəyişikliklər yaşanıb. İnstitut 50 yaşınadək qadınların, xüsusilə də böhran şəraitində məşğulluqlarından və ümumi maddi vəziyyətlərindən narahatlıq yaşadıqlarını vurğulayır.
Digər məsələlərlə yanaşı THL tədqiqatları, pandemiya dövründə qadınların iş öhdəliklərini yerinə yetirmək üçün xüsusi çətinlik yaşadığını da təsbit edib. Belə ki, 2020-ci ilin sonuna qədər 25 ilə 49 yaş arası fin qadınlarının yüzdə 14-ü tam və ya qismən iş həyatında problemlər yaşayıb. 2017-ci ildə müvafiq göstərici yüzdə doqquz səviyyəsində olub. Keçən il eyni yaş qrupundakı kişilərin 11 faiz tam və ya qismən iş vəzifələrini yerinə yetirməkdə problemlər yaşadığı bildirilib. 2017-ci ildə isə kişilərin yalnız yüzdə səkkizi bu problemlərlə rastlaşıb.
THL tədqiqatları, eyni zamanda ali təhsil və ibtidai təhsil almış insanlar arasındakı iş tapmaq qabiliyyətindəki uçurumun getdikcə artmağa davam etdiyi qənaətinə də gəlib.






