Özünüzü nə dərəcədə təhlükəsiz hiss edirsiniz? - Bakı sakinləri arasında VİDEOSORĞU
Türkiyədə ardıcıl baş verən dəhşətli terror aktları, Belçika aeroportunun partladılması, Misirdə sərnişin təyyarəsinin qaçırılması kimi olaylar Azərbaycan insanını da narahat etməyə bilməz. Terror müasir dünyanın elə bir bəlasıdır ki, ondan heç kim, heç bir ölkə sığortalanmayıb. Artıq insanlar kütləvi yerlərdə durarkən, metrodan, ictimai nəqliyyatdan istifadə edərkən hər hansı hadisənin olacağı ilə bağlı narahatlıq keçirir.
Musavat.com olaraq, xarici ölkələrdəki son hadisələrin paytaxt sakinlərində hansı təəssüratlar yaratdığını öyrənmək üçün şəhərdə sorğu keçirdik.
Xarici ölkələrdə baş verən terror olaylarından narahatsınızmı? Özünüzü nə dərəcədə təhlükəsiz hiss edirsiniz?
Bu və digər suallar ətrafında keçirdiyimiz sorğunun nəticəsindən bəlli oldu ki, bəzi sakinlər şəhərdə, xüsusən də metroda təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edir, bəziləri isə Azərbaycanın nisbətən təhlükəsiz və sabir olduğuna inanırlar.
Sorğuda iştirak edən gənclərdən biri Azərbaycanda sonuncu partlayış hadisəsinin 1994-cü ildə olduğunu dedi: “Bizim insanlar elə düşünür ki, 90-cı illərdən üzü bəri Azərbaycanda terror hadisəsi olmayıb. Olsa da MTN tərəfindən qarşısı alınıb. Bu baxımdan insanlarda rahatlıq var. Mən dünən statistikaya da baxdım. Azərbaycan terror olan ölkələr arasında ən aşağı yerlərdən birini tutur. Amma bu, rahatlıq yaratmamalıdır. Ehtiyatlı və ayıq olmalıyıq. İnsanları şübhəli şəxs gördükdə necə davranmaq lazım olduğu ilə bağlı maarifləndirmək lazımdır ki, hər hansı təhdidin qarşısı mükəmməl şəkildə alınsın”.
Sorğumuzun təsadüfi iştirakçılarından biri olan politoloq Ərəstun Oruclu Azərbaycanda təhlükəsizlik tədbirlərinin Türkiyədən daha güclü həyata keçirildiyini dedi.
Lakin ekspert vurğuladı ki, heç bir tədbir terrordan tam sığortalamır: “Əslində, Azərbaycanda təhlükəsizlik tədbirləri Avropa ölkələri ilə müqayisədə daha intensiv aparılır. Peşəkarlıq səviyyəsini deyə bilmərəm, amma nəzarət daha ciddidir. Lakin təcrübə göstərir ki, terror baş verən zaman bunun heç bir effekti olmur. Terrorçular istədiyi anda, istədiyi yerdə terror aktı törətmək imkanı əldə edirlər. Bu da onların peşəkarlığının artmasından, təchizatının daha müasir texnologiyalar hesabına həyata keçirilməsindən qaynaqlanır. Mən ABŞ yox, Avropa ölkələri və Türkiyə ilə müqayisədə deyə bilərəm ki, Azərbaycanda nəzarət daha ciddidir. Ancaq nə dərəcədə effektiv olduğunu deyə bilmərəm. Metrolarda da nəzarət formal olaraq aparılır. Hər bir insanın üzərini yoxlamaq texniki baxımdan da mümkün deyil. Bunun üçün skanerlər yerləşdirmək lazımdır ki, aparatlar özləri aşkarlasın. Demək olmaz ki, bizdə pis işləyirlər, bu, ədalətsizlik olar. Sadəcə, texniki baxımdan bəzən ciddi yoxlanış qeyri-mümkündür. Metroda insanlar o qədər kütləvi şəkildə axın edir ki, hamını tam nəzarətdən keçirmək mümkün deyil”.
Digər sorğu iştirakçılarının cavabları ilə bağlı daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.
Məğrur Mərd,
Musavat.com






