İnsanlara hürriyət, millətlərə istiqlal!

Özünüməşğulluq proqramı vətəndaşa ərizə və şikayət yazmağı öyrətdi

1801 11.06.2019 18:02 Gündəm A A

 

Vüsal Muradova 3800 manata imza atdırıb 1750 manatlıq ləvazımat vermək istəyiblər

Vüsal Qurban oğlu Muradov 2018-ci ilin aprelində özünüməşğulluq proqramına qoşulub. 1 il 2 aydır ki, ona gözləməyi məsləhət görürlər. Maddi sıxıntılar üzündən ailəsi dağılmış vətəndaş deyir ki, dövlətin vətəndaşa yönəlik addımları məmur etinasızlığı, özbaşınalığı üzündən səmərəsini itirir.

“Artıq get-gəldən bezmişəm. Halbuki özünüməşğulluq proqramına qoşulanda böyük ümidlərim vardı. Düşünürdüm ki, nəhayət işimi qurub ailəmi dolandıracaq qədər pul qazana bilərəm. Balaca oğluma istədiyi şirniyyatı, meyvəni, oyuncağı ala bilərəm. Hər ay bir bəhanə tapırlar. Bu ərizəni yaz, o məlumatı yazdıra-yazdıra aylardır məni süründürürlər” – vətəndaş belə deyir.

Vüsal Muradov əvvəllər restoranlarda foto-video xidmətləri göstərib. Uyğun ləvazımatları olmadığından sonradan işsiz qalıb: “Özünüməşğulluq proqramına qoşulmaqda məqsədim o idi ki, işə başlamaq üçün ləvazımatları dövlətdən alım. 2018-ci ilin aprelində 1 aylıq kurs keçdilər. Biznes plan tərtibatını öyrətdilər. Kurs yekunlaşdı, sonda biznes plan yazdım. Planda mənə fəaliyyət üçün 2 ləvazimat – fotokamera “Canon D 800”, həmin vaxt qiyməti 1600 manat idi, bir də foto-video montaj işlərini görmək üçün noutbuk – “Lenovo Y 520” qiyməti həmin dövrdə 2200 manat idi, alınmasını yazdım. Əslində mənə daha professional ləvazımatlar lazım idi. Kursda bizə biznes-planın ümumi məbləğinin 3 min 800 manata qədər ola biləcəyini demişdilər. Yəni bu məbləğ civarında ləvazımat alına bilərdi. Ona görə həmin məbləğə ən uyğun ləvazımatları yazdım. Qeyd etdiyim ləvazımatlar mənim ortabab fəaliyyətim üçün bəs edirdi, ona görə də biznes planda bu ləvazımatları yazdım. Əslində isə daha professional ləvazımatlara ehtiyacım var. Düşündüm ki, bu ləvazımatlarla pul qazanıb özümə daha professional ləvazımatlar alaram”.

Vüsal Muradov deyir ki, 2018-ci ilin aprelində biznes-planı təqdim edəndən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Bakı Şəhər Məşğulluq İdarəsində olub: “Biznes planı təqdim etdiyimdən düz 8 ay sonra, 2019-cu ilin yanvarında məni Dərnəgül qəsəbəsindəki Məşğulluq Mərkəzinə çağırdılar. Ortaya bir müqavilə qoydular. Özümə də işimə tam yararsız ləvazımatlar  - “Canon D 800” əvəzinə “Canon D 400”, hanısının ki, qiyməti 750 manatdır, bir də “Lenovo Y 520” əvəzinə 800-1000 manat arası qiyməti olan “Lenovo” noutbuku vermək istəyirdilər. Dedim ki, bu ləvazımatlar mənim işimə yaramır. Kameranın göstəriciləri normal çəkilişə imkan vermir, təqdim etdikləri noutbukda çəkdiklərimi də montaj edə bilməyəcəyəm. Çünki montaj proqramları həmin noutbukda sadəcə işləmir. Mənə həmin ləvazımatları biznes planda yazdığım ləvazımatların qiymətinə, onların adı ilə vermək istəyirdilər. Müqavilədə də mənə 3 min 800 manatlıq  ləvazımatların təqdim edildiyi yazılmışdı. Müqaviləni imzalamağımı istəyirdilər. Müqavilədə mənə “Canon D 800”, “Lenovo Y 520” təqdim olunduğu yazılsa da, reallıqda mənə daha ucuz qiymətə olan, mənim işimə yaramayan ləvazımatları vermək istəyirdilər. Lakin mən həmin müqaviləni imzalamaqdan imtina etdim. Sənədlərlə mənə 3 min 800 manatlıq, reallıqda isə 1750 manatlıq ləvazımat veriləcəkdi. İsrar elədilər, müqaviləni imzalamadım, ləvazımatı da götürmədim. Bundan sonra qeyri-rəsmi dedilər ki, götür, apar sat”.

Vətəndaş Vüsal Muradov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət etdiyini bildirdi: “Nazirdən başqa hamısının, müavinin, Məşğulluq Xidmətinin rəisi Fuad Musayevin qəbulunda oldum. O mənə vəd etdi ki, problemi həll ediləcək. Martda onun qəbulunda olmuşam, bu günə qədər də mənə ləvazımat vermirlər. Süründürməçiliklə üzləşirəm. Bakı Şəhər Məşğulluq Xidmətinin rəis müavini Fatimə Ələkbərovanın da qəbulunda olmuşam. Sadəcə vəd verirlər. Mən ailəli olmuşam. Maddi sıxıntılar ucbatından ailəm dağılıb. Nazirlikdəki məmurlar get-gələ salmaqla ailəli insanları çıxılmaz duruma salırlar. Dövlət bu proqramı vətəndaşların özünüməşğulluğunu təmin etmək üçün həyata keçirir. Əgər normal şərtlətlə bu proqram həyata keçsə, xeyli vətəndaşın işsizlik problemindən qurtula bilər.  İstəyim, tələbim mənə işsizlik probleminin həll olunması üçün uyğun ləvazımatların verilməsidir”.

Vüsal Muradov redaksiyamıza Dövlət Məşgulluq Xidmətinin rəisi Fuad Musayevə ünvanladığı müraciəti də təqdim edib.  

Vüsal Müradov ümid edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələni nəzarətə götürüb tez bir zamanda ona qarşı süründürməçiliyə son qoyulacaq.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə əlaqə saxladıq. Xidmətin mətbuat katibi Əsmər Nəcməddinqızı məsələni araşdırıb redaksiyamıza məlumat veriləcəyini açıqladı. Təqdim ediləcək cavabı da bölüşəcəyik.

E.MƏMMƏDƏLİYEV
Musavat.com  

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR