İnsanlara hürriyət, millətlərə istiqlal!

Özünü vəkil kimi təqdim edən şəxslə İlhamə Quliyevanın oğlunun nə əlaqəsi?- dələduzluq işi

1794 12.10.2017 18:42 Ölkə A A

Bakıda bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb. Onlardan biri özünü vəkil kimi təqdim edərək vətəndaşları aldadıb. Bu işdə mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun da adı keçir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Etibar Hüseynov və Çingiz İsmayılovun cinayət işi üzrə məhkəmə prosesinə hakim Ramella Allahverdiyeva sədrlik edib.

Məhkəmədə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Etibar Hüseynov özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim edərək bir neçə nəfərə qarşı dələduzluq edib.

Belə ki, E.Hüseynov Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilərək hakim qarşısına çıxarılan Əziz Hüseynov barəsində qərarı dəyişdirəcəyini vəd edib. İstintaqı aparan vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyib və bu məqsədlə də ev dustaqlığında olan Əziz Hüseynovdan 3640 manat alıb.

E.Hüseynov bundan başqa təqsirləndirilən Çingiz İsmayılovla qabaqcandan əlbir olaraq Vəli Məmmədova qarşı dələduzluq ediblər.

Onlar Gəncə Ağır Cinayətlər Məhkəməsində məhkəməsi olan Qərib Məmmədovun atası Vəli Məmmədovdan 22 min manat alıblar.

E.Hüseynov Q.Məmmədovun işinə baxan hakimlərlə yaxın münasibətlərinin olduğunu, onun azadlığa çıxamasını təmin edəcəyini vəd edərək Vəli Məmmədovu aldadıb.

İttihamda yazılır ki, E.Hüseynov digər dələduzluq əməlini Zəhra Məmmədovaya qarşı edib. O, Zəhra Məmmədovanın həbsdə olan qızı barəsində bəraət hökmü çıxartdıracağını vəd edib.

O, ibtidai istintaqı aparan şəxslərlə yaxın əlaqəsinin olduğunu deyib, müstəntiq və digər vəzifəli şəxslərə rüşvət vermək adı ilə Zəhra Məmmədovadan 18 600 manat alıb.

E.Hüseynov ittihamda yazılan digər cinayət əməlini Ağatahir Zəkiyevə qarşı edib. O, özünü vəkil kimi təqdim edərək Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 234-cü (narkotik) maddəsi ilə təqsirləndirilərək hakim qarşısına çıxarılan Ağatahir Zəkiyevin cəzasını cərimə cəzası ilə əvəz edəcəyini vəd edib və onun yaxınlarından 7 min manat alıb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 312-ci (rüşvət vermə; aktiv rüşvətxorluq) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmədə təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülən ittihamlarla özlərini təqsirli bilmədiklərini deyiblər.

Prosesin davamında zərərçəkmişlərdən Zəhra Məmmədova ifadə verib.

O, qızı Sevinc Məmmədovanın dələduzluq ittihamı ilə həbs edildiyini və vəkil kimi Etibar Hüseynovla danışıq apardıqlarını deyib.

Zəhra Məmmədova Etibar Hüseynovu qardaşı oğlunun tanışı vasitəsi ilə tanıdığını deyib:

"Qardaşımın oğlu İlhamə Quliyevanın oğlu Orxanın sürücüsü idi. Biz də Etibarı Orxan vasitəsi ilə tanımışıq. Bir neçə dəfə bizə gəlib. Nəvəsinin canına and içirdi. Birinci dəfə gələndə 5 min verdim. Sonra da əlavə olaraq hissə-hissə pulları aldı. Məhkəməyə gedirdik. Amma o, içəri girmirdi. Binadan içəri keçib sonra da harasa gedirdi. Bizi də belə aldadırdı".

Verdiyi pulları tələb etdiyini deyən Z.Məmmədova təqsirləndirilən şəxsin ünvanına ittihamlar da səsləndirib:

"Aldığı pulların hamısını da aparıb Nabranda yeyib-içib. 11 ay bizi yola verdi. Vidinə, fasonuna baxanda fikirləşmirdim ki, belə edər. Xəstə, yaşlı adamam. Bir qəpik də qaytarmayıb. Deyirdi bu işi böyüklərlə həll edirəm. Hövsanda bağı, evi, maşını var. Satsın, mənim pulumu versin. Həmin pulu borc almışam".

Zərərçəkmiş şəxs qızının indi ev dustaqlığına buraxıldığını, lakin bu işi Etibar Hüseynovun etmədiyini söyləyib.

Məhkəmədə Zəhra Məmmədovanın qızı Sevinc Məmmədova şahid qismində ifadə verib.

O deyib ki, 2-3 il əvvəl ticarətlə məşğul olub. Devalivasiya zamanı işləri yaxşı olmadığı üçün müştərilərdən adlığı pulları qaytara bilməyib.

"Etibar anama deyib ki, mənim vəkilimdir. Amma mən onu məhkəmələrdə görməmişəm. Guya İbrahim Sadıqov adlı şəxsi mənə vəkil tutmuşdu. Deyirdi ki, "vəkillərim çoxdur. Özüm gələ bilmirəm deyə vəkil göndərirərm". İbrahim Sadıqov da bir dəfə gəldi. 3 aya yaxın həbsdə qaldım. Müştərilərdən aldığım pulu geri qaytara bilmədim. Devalivasiyaya görə problemlər yaşadım. Anam da bu qədər pulu ona verib. Həmin puldan mənim işimdə zərərçəkmiş şəxslərə də verəcəyini deyibmiş. İndi də müştərilərlə problemlərim var"- deyə şahid ifadəsində bildirib.

Məhkəmənin növbəti iclası oktyabrın 18-nə təyin edilib.

İ.Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR