O, özünü sevən, iddialı, bəzən lap şıltaq uşaq kimi ərköyünlük edən, gənclik illərinin havasını başından çıxmayaraq, baş katibə “Leonid İliç” əvəzinə, “Lyonya” kimi miraciət edən və siyasi karyerasına gözlənilmədən son qoyulan sovet məmuru olub.
Nikolay Podqornı uzun müddət, 12 il SSRİ-nin hüquqi baxımdan birinci şəxsi olub. Mövcud dövrdə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri ölkənin birinci şəxsi sayılıb, amma faktiki olaraq ölkəni partiyanın baş katibi idarə edib.
Ölkənin idarəetmə sistemindəki bu anlaşılmazlıq, sözsüz ki, Brejnev üçün də sərfəli olmayıb. Nəhayət, Leonid İliç özünün Ukraynadan Moskvaya gətirdiyi kadrdan, Podqornıdan xilas olmaq üçün məqam axtarıb və 1977-ci ildə bu məsələnin həllini Mixail Suslova həvalə edib.
Kremlin “boz kardinalı” sayılan Suslov bu işin öhdəsindən həmişə olduğu kimi peşəkarlıqla gəlib. Mərkəzi Komitənin 24 may 1977-ci ildə keçirilən plenumunda yeni konstitusiyanın layihəsi müzakirə olunub. Çıxış edən Donetsk vilayət partiya komitəsinin birinci katibi Boris Kuçura təklif edib ki, Sov.İKP MK-nın baş katibi və SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifələri bir şəxsə həvalə olunmalıdır. Plenum iştirakçıları bu təklifi alqışlarla qarşılayıb.

Plenumda rəyasət heyətində Brejnevin yanında əyləşən Podqornı həyəcanlı şəkildə baş katibə tərəf əyilərək pıçıltı ilə soruşub:
- Lyonya, bu nə deməkdir?
Brejnev heç nə bilmirmiş kimi cavab verib:
- Heç mən özüm də anlamıram, yəqin xalq belə istəyir.
Podqornı qalxıb məsələyə münasibət bildirmək istəyib. Ancaq plenuma sədrlik edən Suslov sərt bir kəlmə ilə onu susdurub:
- Əyləşin yerinizdə.
Təklif səsə qoyulub və yekdilliklə qəbul edilib. Sonra da yekdilliklə Brejnev SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri seçilib.
Beləliklə, Podqornı oyundankənar vəziyyətdə qalıb. Plenumdan sonra o, Brejnevin qəbuluna girmək istəsə də, bu cəhdi baş tutmayıb.

Podqornı geriyə dönüşünün mümkünsüzlüyünü dərk edib, elə səhərisi günü Brejnevə məktub yazıb. O məktubda gənclik illərindəki dostluqlarından, uzun illər partiya oaqanlarında vicdanla çalışdığından, həmişə ona dəstək verdiyindən uzun-uzadı cümlələr yazıb. Əsas xahişini isə bu sətirlərlə əks etdirib:
“Lyona, mən 52 il partiya orqanlarında vicdanlı bir kommunist kimi işləmişəm. İndi birdən-birə qəfil məni siyasi fəaliyyətimdən uzaqlaşdıranda xalq nə düşünəcək? Yəqin düşünəcəklər ki, partiyaya xəyanət etmişəm, cinayətkaram, oğruyam. Ona görə də mən istəyirəm ki, bütün tutduğum vəzifələrdən öz ərizəmlə gedim. Ərizədə səhhətimlə bağlı təqaüdə çıxmağımı sizdən xahiş edim...”
Konstantin Çernenko məktubun məzmununu Brejnevə catdırıb. Baş katib razılığını verib, Podqornının plenumdan “əvvəlki tarixlə yazdığı ərizə” qəbul edilib. Onun digər xahişləri də nəzərə alınıb, fərdi təqaüd, Kreml poliklinikasında müalicə, Mərkəzi Komitənin Krımda yerləşən sanatoriyasında pulsuz istirahət və s.

Nikolay Podqornı iddialı məmur olsa da, onun bu iddialılığı heç də kimisə devirmək, siyasi qruplaşmalar yaratmaq, intiriqalara getmək niyyətli olmayıb. Bu iddia daha çox onun özünü sevməyindən irəli gəlib. Əslində o, “dəymə mənə, dəyməyim sənə” prinsipi ilə yaşayıb. Yəni “mən varam”, “mən siyasi fiquram” kimi özünə vurğunluq olub Podqornıda.
Bununla bağlı bir faktı qeyd etmək yerinə düşər. Günlərin birində ittifaq miqyaslı tədbirdən sonra Podqornı gecədən xeyli keçmiş “Pravda” qəzetinin baş redaktoru Zimyaninə zəng vuraraq deyib ki, tədbirlə bağlı qəzetdə gedəcək yazıda onu “SSRİ-nin prezidenti Nikolay Podqornı” kimi təqdim etsinlər. Baş redaktor onu təmkinlə dinlədikdən sonra dəstəyi yerə qoyub. Təbii ki, Podqornının dedikləri baş redaktorda ironiyalı təbəssüm yaratmaqla yanaşı, həm də onu əsəbiləşdirib. 5-10 dəqiqə keçdikdən sonra Zimyanin Podqornının köməkçisinə zəng vurub:
- Artıq dərəcədə xahiş edirəm, “sahib”inə başa sal ki, SSRİ konstitusiyasına görə belə bir vəzifə yoxdur və mən onu qəzetdə belə təqdim etməyəcəyəm.
Sonradan bu hadisə Kreml məmurları arasında lətifəyə çevrilib, qeyri-rəsmi ziyafətlərə Podqornı təşrif buyuranda “qoca” məmurlar bir-birlərinə göz vuraraq “prezident gəlir” deyə xısınlıqla gülüşüblər.
Nikolay Podqornı Semyon Sviqunla yaxın dost olub. Sviqun Azərbaycan DTK-sının sədri olanda Podqornı Mərkəzi Komitədə katib vəzifəsində işləyib. Həmin dövrdə Sviqun Podqornını Azərbaycana qonaq dəvət edib. Azərbaycanın ecazkar təbiəti Podqornını heyran edib.

Podqornı şahmat həvəskarı olub. Tez-tez kabinetində özü təkbaşına şahmat oynayıb, kombinasiyalar qurub, “rəqib”ini məğlub edib. Köməkçisi bununla bağlı xatirələrini belə bölüşüb:
“Podqornı kabinetində şahmat taxtasına fiqurları düzəndə mən artıq işimi bilirdim. Bilirdim ki, hər 5-10 dəqiqədən bir məni çağırıb idman şərhçisi Sinyavskiyə zəng etməyimi, qurduğu kombinasiyalarda hansı fiqurun hansı gedişinin daha düzgün olduğunu soruşmağımı tapşıracaq. Bəzən bu saatlarla davam edirdi...”
Nikolay Podqornı təqaüddə olduğu illərdə köhnə dostu Brejnevə dəfələrlə zəng edib. Bu zənglərdə onun məqsədi heç də nəsə xahiş etmək olmayıb. Sadəcə hal-əhval tutmaq, köhnə xatirələri birgə yada salmaq istəyib. Hər dəfə isə Kremldən eyni cavabı alıb: “Leonid İliçin sizə heç bir sualı yoxdur...”.

Amma buna baxmayaraq, Podqornı səhhətində problemlər olsa da, 1982-ci ilin noyabrında Qırmızı meydanda silahdışını son mənzilə göz yaşları ilə yola salıb, təxminən iki aydan sonra, 11 yanvar 1983-cü ildə isə özü vəfat edib.
Nikolay Podqornı Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.
İlham Cəmiloğlu, Musavat.com






