İnsanlara hürriyət, millətlərə istiqlal!

ÖZÜNÜ DOĞRAYAN QƏZƏB

604 03.11.2012 09:09 Yazarlar A A
Gözümüzü açandan görmüşük ki, zahirən sivil normalarla idarə olunsa da, hələ sovet hakimiyyətinin mövcud olduğu dönəmlərdə birinci şəxsin qəzəbinə gəlmək ölüm hökmünə bərabər idi. Elə ölümə məhkum edilənlər də az deyildi. Qəzəb bir nəfəri cəzalandırmaqla soyumurdu, onun yaxın qohumları, ailəsi də eyni zülmü, sitəmi yaşayırdılar. Azmı şahidi olmuşuq ki, oğul ataya, qardaş-qardaşa görə illər boyu qazandığı imtiyazları bir anda itiriblər. Bu cür hallar yüzlərlə, minlərlə idi. Birinci şəxslərə qarşı ortaq ədavətin özəyində də elə bu qorxu dayanırdı.
Yadımdadır, 1993-cü ildə Heydər Əliyev yenidən hakimiyyət kürsüsünə qayıdanda ən çox bir məsələ narahatlıq doğururdu: ona qarşı çıxanlardan intiqam almayacaqmı? Bunu özü də duyurdu, ona qarşı yönələn pislikləri ara-sıra xatırlayırdı, amma bütün bunları unutduğunu, yeganə niyyətinin ölkəni xilas etmək olduğunu dönə-dönə qeyd edirdi. Qısa müddətdən sonra hamı gördü ki, keçmişdə qalanlar heç də unudulmayıb. Əksinə, daha ifrat şəkildə təkrarlanır. Elə son iyirmi ildə vəzifədən çıxarılanların necə repressiyalara məruz qaldığını göz önünə gətirin. Nə qədər insan bir qəzəbin güdazına gedib, biri yüksək vəzifədən çıxarılanda onlarla adam onun arxasınca sıralanıb. Qurunun oduna yaş da yanıb, vəzifədə olanda öz yaxın qohumunun yadına düşməyən də bir anda hər şeydən məhrum olub. Kiminsə uzaq-yaxın qohumu olmaq vurulmaq üçün yetərli olub.
İndi kimsə barmağını qatlayıb deyə bilərmi ki, Fərhad Əliyevin, ya da Əli İnsanovun hansısa qohumu keçmiş vəzifəsini qoruya bilib?
Azərbaycan adlı ölkə qəribəliklərlə doludur. Son on-on iki il ərzində hansısa iri çinli məmurun, nazir-oliqarxın qohumunun, ya da yaxın adamı olmayanın vəzifəyə təyin olunduğunun şahidi olubsunuzmu? Buna bircə nümunə göstərə bilərsinizmi? Bircə-bircə bölgələrdə at oynadan icra başçılarını göz önünə gətirin? Vəzifədədirlər, digər tərəfdən də səksəkə içində yaşayır, böyük himayəçilərinə yönələn istənilən hadisədən təşvişə düşürlər. Hətta bu hakimiyyətdən narazı olduğunu dilə gətirən qohumlar da biri-birinə yad olublar, onlarla görüşməmək, salamlaşmamaq bir əxlaq normasına dönüb.
“Milyarderlər ittifaqında” elə şəxslər var ki, onların Azərbaycanda heç bir obyektləri yoxdur. Bəs onlarla necə haqq-hesab çürüdəcəklər? Onların uzaq-yaxın qohumlarımı hədəfə götürüləcək? Bütün hallarda dəfələrlə yarayan intiqam almaq üsulu bu dəfə gözlənilən nəticəni verməyəcək.
Ən nəhayət, ailənin özü ilə yaxın qohumluq əlaqəsi olan, belə birliyin yaranmasına dəstək verdiyini etiraf edən Araz Ağalarovla münasibətlər hansı axara yönələcək? Moskvada yaşayan, Rusiyada nəhəng biznes layihələrin icraçısı olan şəxsin öz iddialarından geri çəkiləcəyi heç cür inandırıcı görünmür. Əks halda itirdiyi qazandığından qat-qat çox ola bilər.
Təkcə bu deyil, elə Gülər Əhmədova ilə bağlı atılan addımlar da təsdiqləyir ki, bu rejim xaosla üzləşib. Hakimiyyətin ideoloqları da qırx ildən çox tətbiq olunan, artıq ikrah doğuran, bu rejimin özünə qarşı yönələn, bumeranq effekti yaradan köhnə vasitəni işə salırlar. Kimin daha çox uduzduğu isə göz önündədir...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR