İnsanlara hürriyət, millətlərə istiqlal!

Özünü "12-ci imam" elan etmiş şəxsin məhkəməsində qalmaqal - jurnalistlər zaldan çıxarıldı

898 11.10.2022 15:58 Kriminal A A

Bakıda özünü "12-ci İmam Mehdi" kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmişlərin vəsatəti elan olunub.

Hakimin səsləndirdiyi vəsatətdən məlum olur ki, onlar məhkəmə iclasının qapalı keçirilməsini istəyiblər. Hakim bildirib ki, saytlarda məhkəmədə dindirilməyən zərərçəkmişin ifadəsi yayılıb, onun ifadəsi məhkəmə iclasında dindirilməmiş kimi qeyd olunub.

Daha sonra hakim vəsatəti müzakirəyə çıxarıb. Zərərçəkmişlər məhkəmə iclasının tam qapalı keçirilməsini istəyiblər.

Təqsirləndirlilən şəxsin vəkili Əli Hüseynov bildirib ki, prosesin qapalı keçirilməsi qanunsuzdur, media azadlığının pozulması deməkdir. Təqsirləndirlilən şəxs də prosesin qapalı keçirilməsinə etiraz edib.

Hakim 31 zərərçəkmişin vəsatətini təmin etməyib.

Daha sonra hakim zərərçəkmiş Daşqın Aslanova ifadə vermək üçün söz verilib. Daşqın Aslanov isə açıq məhkəmə iclasında ifadə verməkdən imtina edib. Bu zaman prokuror prosesin qapalı keçirilməsini, zərərçəkmişin qapalı iclasda dindirilməsini istəyib.

Bu səbəbdən hakim prosesin qapalı keçirilməsi barədə qərar qəbul edib və jurnalistləri zaldan çıxarıb. Proses faktiki olaraq qapalı şəkildə davam etdirilib və Daşqın Aslanov qapalı iclasda ifadə verməyə başlayıb.

İttihama görə, Aqil Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məslislər təşkil edərək inanclı insanları özünün Mehdi Sahib əz-Zaman olmasına inandırıb.

O, təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb.

Aqil Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. Tabeliyində olan insanlar onun sözündən çıxdığı təqdirdə isə, onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.

E.Məmmədəliyev
"Yeni Müsavat"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR