İnsanlara hürriyət, millətlərə istiqlal!

Özəl klinikadan xeyirxah addım: Musavat.com-un haqqında yazdığı xəstə qazimiz uğurla əməliyyat olundu - FOTOLAR

2532 23.05.2019 15:36 Sosial A A

Bir müddət öncə qazi Rövşən Məmmədovun səhhəti ilə bağlı musavat.com saytında dərc olunan yazı ictimaiyyətdə geniş reaksiyalara səbəb oldu, redaksiyamıza ardıcıl zənglər gəldi. Sadə vətəndaşlardan millət vəkillərinə qədər bir çox insanlar qazimizə yardım etmək istədiklərini bildirdilər.

İlk dəstək verənlərdən biri də millət vəkili Qənirə Paşayeva oldu. Onun dəstəyi ilə “Avrasiya Holspital”ın  baş həkimi Asiman Həsənov da saytımızda dərc olunan materiala operativ reaksiya verdi. Klinika rəhbəri redaksiyamızla əlaqə saxlayaraq, Rövşən Məmmədovun bütün müayinə və müalicə , o cümlədən əməliyyat xərclərini öz üzərinə götürəcəyinə söz verdi.

Ötən müddət ərzində R. Məmmədov Bakıya gətirilərək müayinə olundu və həkimlərin birgə müzakirəsindən sonra onun əməliyyatına qərar verildi. “Avrasiya Hospital”ın dəstəyi ilə tam təmənnasız olaraq  çox riskli bir əməliyyat keçirən R.Məmmədov artıq əvvəlki dəhşətli ağrılardan xilas olub.

Rövşən Məmmədov və bacısı Cəmilə Məmmədova redaksiyamızla əlaqə saxlayaraq, bu xeyirxah əməlinə görə, “Avrasiya Hospital”ın baş həkimi Asiman Həsənova və millət vəkili Qənirə Paşayevaya öz təşəkkürünü ifadə etdilər.

R.Məmmədov bildirdi ki, artıq əvvəlki dəhşətli ağrılardan xilas olub: “Əməliyyat olundum. Çox riskli bir əməliyyat idi, 3 saata yaxın davam etdi. Disk yırtığı əməliyyatı idi. İndi yaramda yüngül ağrılar var, o da yeni əməliyyatdan çıxmış birisi üçün normal haldır. Məni o durumdan xilas etdiyi üçün “Avrasiya Hospital”ın rəhbərliyinə də minnətdarlığımı bildirirəm. Çox gözəl qulluq etdilər,  peşəkar həkimlər qayğıma qaldılar. Mətbuat olaraq dəstək olduğunuz üçün musavat.com-a da təşəkkürümü bildirərəm”.

Musavat.com olaraq biz də vətən uğrunda sağlamlığını qurban verən qazimizin düşdüyü ağır durumdan xilas olması üçün edilən bu  təmənnasız yardımı işıqlandırmağı özümüzə borc bildik.

Nərgiz LİFTİYEVA,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR