İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistandakı səfirliyimizin ikinci şəxsi barədə şok ittihamlar

6833 16.11.2013 08:55 Ölkə A A
Azərbaycanın Özbəkistandakı səfirliyinin keçmiş əməkdaşı haqqin.az saytının redaksiyasına sensasion məzmuna malik məktub yazıb. Virtualaz.org saytı xəbər verir ki, həmin diplomatın “Seymur Rzayev” şərti adı ilə yazdığı məktub xarici işlər naziri Elmar Məmmədyarova ünvanlanıb. Məktub səfirliyin müşaviri Nəsimi Ağababayevin diplomata yaraşmayan, dövlətin imicinə zərər vuran və artıq səfirliyin hüdudlarından kənara çıxan qalmaqallı hərəkətləri barədə sensasion iddialarla doludur.

Məktub müəllifi xəbərdarlıq edir ki, səfirliyin ikinci şəxsinin özbaşınalıqları beynəlxalq qalmaqala səbəb ola bilər. O iddia edir ki, səfirliyin müşaviri Nəsimi Ağababayev eyni vaxtda 3 vəzifə tutur - müşavir, konsul və kassir: “Ağababayev faktiki olaraq səfirliyin bütün işlərinə nəzarəti ələ alıb. İş hətta o yerə çatıb ki, səfirin göstərişlərini öz bildiyi kimi dəyişdirir.

Eyni zamanda N.Ağababayev xidməti səlahiyyətlərindən sui-istifadə edərək öz xidməti vəzifələrini yerinə yetirmək əvəzinə böyük ölçüdə Daşkənddə qurduğu bizneslə məşğuldur. Hər həftənin birinci və dördüncü günləri o, Bakıdan mal gətirən təyyarələri qarşılayır və yola salır. Ağababayev özünü öz postunda o dərəcədə arxayın hiss edir ki, səfirliyin zirzəmisində saxlanılan inventarı və avadanlığı da bütün əməkdaşların gözü qarşısında satıb.

Ağababayev açıq şəkildə bildirir ki, heç kimdən qorxmur və onun nazirlikdə xüsusi əlaqələri var. O, Azərbaycanın Ukraynadakı səfirliyində konsul işləyəndə səfirin başına tapançanı necə dirəməyindən fəxrlə danışır. Ağababayev lovğalanaraq danışır ki, hətta bu insidentdən sonra vəzifəsindən kənarlaşdırılmasına baxmayaraq, XİN sisteminə qayıdıb və diplomatik toxunulmazlıq əldə edib, yəni ona heç kimin gücü çatmaz.

Məlumdur ki, Tacikistanda konsul işləyərkən o, işçilərə o qədər zülm verib ki, səfir Ağababayevin bilet pulunu da verməyib və əməkdaşlar onu aeroporta yola salmaqdan da imtina ediblər".

Keçmiş səfirlik işçisi məktubunda bildirir ki, Ağababayev Özbəkistandakı səfirliyə vəzifəyə təyin olunandan sonra 8 diplomat və ştatdankənar əməkdaş işdən azad olunub: “O, qətiyyən vicdan əzabı çəkmədən müntəzəm olaraq işdən azad olunacaq növbəti əməkdaşın adını çəkir.

Səfirliyin əməkdaşlarını konsulun özbaşınalıqlarından qoruyan yoxdur. Bu adamın əlindən ancaq intriqalar yaratmaq, səfirliyin əməkdaşlarını səfirin gözündə pis qələmə vermək və onların işdən azad edilməsinə nail olmaq, boşalan yerlərə öz adamlarını yerləşdirmək gəlir. İnsanlar gündəlik pressinq altındadır. Səfirlikdə hər kəs gündəlik işi ilə məşğul olmaqdansa özlərini Ağababayevdən necə qorumaq haqda fikirləşirlər.

Səfirliyin saytına nəzər salmaq kifayətdir ki, hər hansı fəaliyyətin olmadığı görünsün. Ağababayev XİN sistemində təsadüfi adamdır. Onun təhsili yoxdur və peşəkarlıqdan uzaqdır. İndiyə kimi bir dəfə də olsun hansısa tədbirdə çıxış etməyib. Səfirliyin ikinci adamı texnikum bitirib və indi ölkənin təhsilli kadrları üçün təhlükəyə çevrilib.

Öz əlində üç vəzifə cəmləşdirən Ağababayev viza alveri qurub, xarici vətəndaşlara vizanı 50 dollar əvəzinə 150 dollara satır və bununla da Azərbaycanı biabır edir. Özbəkistanın ucqar yerlərindən gələn həmyerlilərimiz onun qəbuluna düşmək və viza almaq üçün günlərlə gözləməli olur.

Səfirliyin diplomatik nömrəli maşınları yalnız ona xidmət edir, diplomatlar isə taksidən istifadə etməli olurlar. Onların təhlükəsizliyi və rahatlığı barədə heç kim fikirləşmir. Ağababayev diplomatik nömrəli maşınlarda yüngül əxlaqlı qadınlarla görüşə gedir və bu, hətta özbəklərin də təəccübünə səbəb olur. Hətta həmin qadınları gecələr səfirliyə də gətirir, bunu səfirliyin mühafizə xidmətinin əməkdaşı olan özbək polisləri də təsdiqləyir.

Ağababayevin əsas məskənlərindən biri də ermənilərə məxsus olan Daşkənd restoranlarıdır. O, hər gün yemək-içmək və orgiyalar təşkil edir, bütün məsələlərini də bu məclislərdə həll edir. Özbəkistanda yaşayan azərbaycanlılar artıq konsuldan XİN-ə şikayət ediblər. Səfirliyin əməkdaşları isə Ağababayevdən qorxaraq açıq şəkildə ondan şikayət edə bilmir..."

Məktubun yekununda müəllif ümid edir ki, onun müraciəti nəticəsiz qalmayacaq və nazir XİN sistemini diplomat adını ləkələyən və yeri daha çox bazar olan bu adamdan təmizləyəcək.

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR