Zaman o zaman idi ki, hamı bu məkana axışırdı. Kimisi kitab oxumağa, kimisi də gündəlik qəzetləri götürüb, mətbuat zalında gündəmlə tanış olmağa gəlirdi.
İndi çərxi-fələk bu məkanın altını üstünə çevirib. Adından tutmuş, texniki avadanlıqlara qədər hər şey dəyişdirilib. Bura kasıb yuvasında xoşbəxt günlərini yaşayan adamın sonradan varlanaraq, bədbəxtlik şərabını daddığı qədər miskin bir mənzərəni xatırladır.
Bir zamanlar hər kəsin üz tutduğu məkan...
Əvvəllər tamam başqa cür idi. İndi media nümyəndələri, sorğu keçirən təşkilatların əməkdaşları tez-tez döşəmələri dəyişdirilən müxtəlif parklara axışaraq, müsahib ovuna çıxırlarsa, 10 il öncə hamı bu məkana - Mirzə Fətəli Axundov adına kitabxananın önünə toplaşırdı.
Çünki belə daha rahat idi. Kitab oxuyan adamla söhbət etmək, müsahibə almaq, hər hansı bir məsələyə münasibətini öyrənmək asandır, nəinki quşlara yem verməyə gələn, tum çırtlayaraq qabığını yerə tökən, sevgilisiylə 5-10 dəqiqəlik görüşə gələn adamlarla mübahisə etmək…
Deyəsən, getdi o günlər və daha geri qayıtmayacaq...
Hamıya göz qoyan “göz”lər…
İçəri keçirik. Qeydiyyat otağına girib, siyahıya düşürük. Sonra üst geyimimizi qarderoba təhvil verib, pilləkənlərlə yuxarıya doğru irəliləyirik.
Kitabxananın adı dəyişdirilsə də, Axundova hörmət əlaməti olaraq, hələlik onun büstü götürülməyib. Bu, ədəbiyyata olan sevgidən deyil.
Yəqin ki, Axundov Rəsulzadə qədər sevilmədiyi, alqışlanmadığı üçün büstə toxunulmayıb. Onun məğrur baxışları altında addımlayaraq, ikinci - əsas mərtəbəyə çatırıq.
Nədənsə, elə zənn edirik ki, büstün arxasında Axundova daha iki “göz” qoyulub. Sanki o, bütün ziyarətçiləri diqqətdə saxlayır. Az keçməmiş bu “göz”ə bütün künc-bucaqlarda rast gəlirik. İçəri başdan-başa izləmə kamerasıyla əhatələnib.
Nikolayın da, Axundovun da evini yıxan pıçapıç...
Oxuculara rahat olsun deyə sifariş vermək istədikləri kitabların şifrəsini ikinci mərtəbənin sol tərəfində bir neçə masanın üzərinə düzülmüş kompüterlərdən əldə edə bilərlər. Sağda isə əyani kataloqlardır.
Yəni, masalarda boş yer qalmadığı halda, bu hissəyə adlayıb, gərək olan kitabı müəllifin adının ilk hərfiylə axtarırsan. Tapdıqdan sonra yarım saata sifarişin gətirilir. Ancaq sifariş ünvana çatmaya da bilər.
“İstədiyiniz kitab təmirə gedib, üzlənib, geri qaytarılacaq. Bir həftədən sonra gəlin”, - bu sözləri də eşitsəniz, təəccüblənməyin. Əgər tələbəsənsə, vay halına... Ya pul verib, imtahandan keçməlisən, ya da ağlayıb-sızlayıb, kimdənsə həmin kitabı tapmalısan. Üçüncü variant yer yoxdur!
Yusif Vəzir Çəmənzəminlinin “Studentlər” romanını sifariş edib, öz növbəmizi gözləyirik. Dəhliz çox sıxıcıdır. Kiminsə ağzı başqa birisinin qulağındadır. Hamı asta səslə danışır. Pıçapıç Nikolayı taxtdan saldığı kimi, Axundovun da komasına başına uçurdub. Ən azından adı götürülüb, kitabxana milliləşdirilib. Sanki indiyə qədər qeyri-milli idi.
Kimisi qulaqcıq taxıb dərs oxuyur, kimisi isə də söhbət edir
Səbrimiz çatmadığı üçün böyük zala daxil oluruq. Stullar üçlük formasında düzülüb. Lap irəlidə isə iki kitabxanaçı sifarişləri qəbul edir.
Onlardan yalnız dərslikləri ala bilərsən. Başqa kitabları növbə gözləməklə əldə etmək mümkündür. Zalda oturanların əksəriyyəti qulaqcıq taxıb. Musiqi sədaları altında dərsə hazırlaşırlar. Bir-iki nəfər kitabdan dəftərə nəsə köçürür, kiçik bir qrup isə yalnız oxuyur. Sifariş etdikləri kitablar gəlmədiyi üçün oturub, söhbət edənlər də var.
Ara-bir uzaqdan “sakitliyə riayət edin”, “bir az yavaş” deyə iradlar eşidilir. Başını yuxarı qaldırırsan, nəzarətçilər gözünə sataşır.
10 il əvvəl bura tam başqa bir məkan idi. Kitab oxumağa da, sevgilisiylə görüşə gələn də olurdu. İkisi də romantikadır. Kitabdan, dəftərdən heç kimə ziyan gəlməyib, əksinə böyük sevgilər elə vərəqlərin altında yatır.
Mətbuat zalında süstlük...
Buranı tərk edib, sifariş götürənlərə yaxınlaşırıq. Məlum olur ki, “Studentlər” hələ yoldadır, gəlib çatmayıb.
“Yəqin avtobusa verməyə pulları yoxdur, piyada gəlirlər”, - donquldanaraq, aşağı mərtəbəyə düşürük. Mətbuat zalında isə əvvəlki kimi süstlük hökmranlıq edir. Buranın yalnız həzin musiqisi çatışmır. Sükutu yalnız bircə səs - döşəmələrin cırıltsı pozur.
Gündəlik qəzetlərdən bir-ikisini qoltuğumuza vurub, kiçik zala daxil oluruq. Girişdə - sağ tərəfdə Heydər Əliyevin, solda isə Atatürkün porterti qoyulub. Divar boyunca isə uzun rəflər var. Həmin rəflərə satılmayan, üz qabığında daha çox Araz çayı, Qız qalası, Heydər Əliyevin şəkilləri əks olunmuş jurnallar düzülüb.
Ən sonda isə Osmanlı imperatorlarının geyimlərinə xas libasda naməlum beş-altı nəfərin yağlı boya ilə rəsmləri çizilib. Daha çox karikaturaya bənzəyir.
Burada bir-iki nəfər arxivdən nəsə sifariş verib, qalanları isə kitab-dəftərlə gəlib. Hiss olunur ki, ikinci mərtəbədəki əsas zalda oxumaq, sabahkı dərsə hazırlaşmaq üçün aura, nəfəslik olmadığı üçün mətbuat zalı bəzi tələbələrin pənah yerinə çevrilib.
Zalda yatan da var, sadəcə xoruldamır, ara-bir qamətini dikəldir, ətrafa göz gözdərir və yenidən başını boş masaya qoyaraq, gözlərini yumur.
*****
Qəzetləri vərəqləyib, günün icmalıyla tanış olandan sonra oranı da tərk edirik.
“Studentlər” gəlib, çıxmaq bilmir. Deyəsən, həqiqətən də “uzun yol”u pay-piyada gəlirlər…
Az sonra kitabxananı tərk edirik. Ancaq Axundovun məğrur baxışları tələbələrin üzərindən çəkilmir. Onun gözləri ora gələn hər kəsi izləmə kameraları tək rahat buraxmır...
Ramin DEKO