İnsanlara hürriyət, millətlərə istiqlal!

Otuz faiz alçaq

2020 20.07.2013 09:05 Yazarlar A A
Ümumiyyətlə, uğurlar bu iclasların daimi mövzusudur, bu sahədə yaponlar belə bizim nikbinliyimizə həsəd apara bilər. İstər Sabirabadı sel bassın, istər Qarabağda ermənilər turp əksin, istər göydən daş yağsın - nazirlər və ölkəyə rəhbərlik edən digər şəxslər (namxuda, bizdə ölkəyə rəhbərlik edənlər çoxdur və bu da bizim demonkratik quruluşda yaşamağımızın növbəti təzahürüdür) optimist ruhlarını itirmirlər. 
Bugünlərdə yenə belə bir müşavirə olubdur, ilin yarısına həsr edilmişdir. Düzü, mən heç bilmirdim il yarı olubdur, bu iclasın sayəsində bildim. İclas olmasa hardan bilərdim? Bəlkə heç 2013-cü ilə də keçə bilməzdik. 
Uzun sözün qısası, müşavirədə möhtərəm cənab prezident (məni bu yay günündə Kürdəxanıya göndərmədiyi üçün zati-alilərinə təşəkkür edirəm) yenə də uğurlardan danışıb, qeyd edib ki, “Neftçi” növbəti dəfə UEFA kubokunu alıbdır... Yox, bu ayrı süjet idi, yanlış gəldi düşdü bura... Cənab prezident iqtisadiyyatımızdakı böyük uğurlardan, camaatın pasportu, nikah haqda şəhadətnaməni asan və maneəsiz almasından, korrupsiya ilə mübarizənin xalqda yaratdığı razılıq hisslərindən danışmışdır. 
Sonuncu - korrupsiya ilə mübarizə haqda xüsusi qeydimiz olacaqdır, ancaq şəxsən mən cənab prezidentin çıxışındakı bir cümləni başa düşmədim. Belə, tənqid kimi çıxmasın, vallah, mənim Kürdəxanılıq canım yoxdur, amma prezidentin bu fikirlərini necə anlayaq: “Gələcəyimiz çox parlaqdır. Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir”. 
Axı nə üçün “gələcəyimiz” deyir? Bizdə indi də hər şey parlaqdır. O cümlədən inkişaf eləmiş ölkələrin də sırasına girmişik, hətta o sıranı bəyənməyib çıxmışıq. Məsələn, Almaniya çökür, İsveçdə xalq zibil yeyir, Amerikada işsizlərin sayı artır, Britaniyada kraliçə xalqa işgəncə verir və sairə. Belə inkişaf bizə dünəndən lazım deyil. 
Korrupsiya məsələsinə qayıdaq. Cənab prezident qeyd elədi ki, sən demə, bu yaxınlarda hansısa beynəlxalq qurum Azərbaycan camaatı arasında sorğu keçiribdir. Xalqa sual veriblər ki, siz öz hakimiyyətinizin korrupsiya ilə mübarizəsindən razısınızmı. Camaatın 70 faizi deyib, bəli, yerlə göy qədər razıyıq, hökumət bu sahədə çox ciddi, səmərəli mübarizə aparır. 
Doğrudan da ötən illərdə neçə hərbi komissarın ofşor zonalarda açdığı gizli şirkətlər ifşa edilmiş, pullar dövlət büdcəsinə qaytarılmışdır. Mənzil istismar sahələrində çalışan onlarla süpürgəçiyə şəxsi işinə yazılmaqla töhmət verilmişdir. Bütün polis rəisləri, prokurorlar da həccə gediblər, şeytana daş atıb tövbə ediblər. Axırıncı dəfə Lənkəranda bir universitet müəllimi rüşvət almaq istəmişdi, onu da tutdular, yediyi pul sözün əsl mənasında burnundan gəldi. Məni maraqlandıran ayrı şeydir. 
Görəsən, o sorğuda iştirak edən 30 faiz yaramaz, erməni dəyirmanına su tökən alçaq qara qüvvələr kimlərdir ki, bizim korrupsiya ilə mübarizəmizi bəyənmirlər? Usubov, Qaralov, Mahmudov üçlüyü hara baxır? Niyə indiyə qədər o 30 faizi həbs etməyiblər?
Yazımın sonunda Kürdəxanı zindanındakı bütün dostlara salam göndərirəm. 
İndi söz əlaqədar təşkilatlarındır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR