İnsanlara hürriyət, millətlərə istiqlal!

“Oturmuşuq ağzıgünə, uşaq da evdə çörək gözləyir...” - avtotəmir sexlərinin karantin qayğıları

1110 17.04.2020 16:38 Reportaj A A

Koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına mənfi təsirləri göz önündədir. Turizm, xidmət, bir sözlə, real iş sektoru, faktiki, iflic durumdadır. Şəhərlərin, kəndlərin, qəsəbələrin küçələrini boş qoyan infeksiya müvafiq olaraq iş yerlərinin də bağlanmasına səbəb olub.

Bu gün Bakı ilə yanaşı, ətraf kəndlərdə də iş yerləri infeksiyaya yoluxma qorxusu qarşısında qapadılıb. Tək-tük açıq iş yeri görmək olar. Yol kənarlarında ən çox rast gəlinən avtotəmir emalatxanaları da 1 aya yaxındır ki, işləmir. Müşahidə apardığımız 10-a yaxın emalatxanalardan yalnız birində avtoyuma sexi açıq idi.

Sexin işçisi Bəbir İbrahimov dedi ki, pandemiyaya qədər gün ərazində 50-60 manat pul qazana biliblər: “İndi isə küçədə heç kim yoxdur. Virus yayılana qədər bu yolda maşınlar bir-birinin ardınca düzülmüşdü. İndi gün ərzində burdan 100 maşın keçmir. Onların da 50-si də “Təcili yardım”dır. O gün səhərdən axşama qədər oturub iş gözlədim, yoldan keçən maşınları da bekarçılıqdn saydım. Axşama kimi 97 oldu. Düzdür, arada çay içmişəm, əl yumağa da getmişəm, amma nə olsun? Lap 150 maşın keçsin, onlardan ki, heç biri gəlib iş gördürmür. Hamısı 2 saatlıq evdən çıxır, qaçaqaçda işini görüb qayıdır evə. Oturmuşuq ağzıgünə. Uşaq da evdə çörək, pul gözləyir. Sexin sahibi gəlir-gedir. Görür ki, aclıqdır. Sağ olsun, yenə yerpulu istəmədi. Bilmirik neyləyək, dərdimizi kimə deyək?”

Bəbir İbrahimov sözlərini hökumətə çatdırmağımızı da istədi: “Yazın ki, biz çox çətin günlərdəyik. Adımız işçi kimi gedir. Amma 1 qəpiyin də yiyəsi deyilik. 3-5 manat pulumuz vardı, onu da çoxdan xərcləyib qurtarmışıq. 190 manat birdəfəlik yardım da bizə düşmür. Bəs biz nə yeyib-içək? Bizə də bir gün ağlasınlar. Zabrat “kruqu”ndan üzü Kürdəxanaya, Pirşağıya tərəf gəlib gəzsinlər avtotəmir sexlərini. Özləri də görəcəklər ki, 90 faizi bağlıdır. Bizim kimi məcbur qapını açıb oturub iş gözləyənlər də 1 qara qəpiyin sahibi deyil. Bizə də dövlət bir gün ağlasın”.

“Yeni Müsavat”a danışan Ruslan Məmmədov avtotəmir emalatxanalarından birinin sahibidir. Deyir ki, koronavirus “dünya səyahəti”nə çıxandan əksəriyyət kimi onun da gəlirləri yarıdan çox azalıb.

“Virus yayılana qədər xırda təmir işləri görüb günə 20-30 manat qazana bilirdik. İndi isə 3 gündən bir 10 manat qazananda sevinirik. Vəziyyət çox ağırdır. Yanımızda şagirdlərimiz də var. Gündəlik yemək pulu, mal-material xərcləri, şagirdlərin yol pulunu verib birtəhər dolanırdıq. Pandemiya avtotəmir emalatxanalarına böyük ziyan vurub. Bilmirik necə olacaq. Karantin müddəti uzadılsa, biz batdıq”, – deyə sexin sahibi bildirib.

Onun sözlərinə görə, virus yayılana qədər qazandıqlarını bank kreditlərinə ödəyiblər, ona görə də hazırda maddi durumları çox pisdir: “Əksəriyyət kimi biz də kredit alıb emalatxana tikdirmişik. Kimin ağlına gələrdi ki, Çində, hanısa Uhan əyalətində bir virus ortaya çıxıb dünyanı vuracaq bir-birinə? Karantin müddəti uzadılsa, işimiz lap çətin olacaq. Dövlətin bu sahəyə də diqqət ayırması gərəkdir. Rusiyada qazancının 30 faizini itirənlərə dövlət yardım eləyir. Biz qazancımızın 70 faizini itirmişik. Üstəlik bank kreditlərimiz də qapını kəsdirib”.

Hesablamalara görə, koronavirus (Covid-19) dünya iqtisadiyyatına 347 milyard dollara başa gələ bilər. Asiya İnkişaf Bankının hesabatına əsasən, epidemiya inkişaf edən Asiya və dünya miqyasında iqtisadi artımın bu il düşəcəyi gözlənilir. Asiya İnkişaf Bankı Covid 19-un 2 ay davam etməsi nəzərdə tutulan ən yaxşı ssenarisinə görə, dünya iqtisadiyyatına 76,6 milyard dollar, 3 ayda 155,9 milyard, 6 ayda isə 346.9 milyard dollar olacağını proqnozlaşdırır. Qlobal iqtisadiyyatda ən yaxşı ssenari üzrə 0,08 faiz, mülayim ssenariyə görə 0,18 faiz, ən pis ssenariyə görə isə 0,40 faiz azalma olacağı təxmin edilir.

Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılması barədə sərəncam verib. Sərəncamda deyilir ki, fondun məqsədi “Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək” olacaq. Prezidentin verdiyi qərarla yaradılan fond 2020-ci il dekabrın 31-dək fəaliyyət göstərəcək. Bu müddətin prezident tərəfindən uzadıla biləcəyi qeyd olunub.

Dövlət başçısı digər bir sərəncamla Fonda Prezidentinin ehtiyat fondundan ilkin olaraq 20 milyon manat ayırıb. Bu vəsaitdən koronavirusla mübarizənin ön xəttində olan tibb işçilərinin mükafatlandırılması və onlara maddi yardım göstərilməsi, tibbi müəssisələrin təkmilləşdirilməsi, xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılması, tibb sahəsində mütəxəssislərin hazırlanması və digər məqsədlər üçün istifadə olunacağı bildirilib.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR