Orxan Qafarlı: “Ankara-Moskva münasibətlərində Bakı faktoru hər zaman önə çıxıb”
Bakıda keçiriləcək Avropa Oyunlarının açılış mərasimində Türkiyə və Rusiya prezidentləri də iştirak edəcək. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, prezident İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Avropa Oyunlarının açılış mərasimində iştirak üçün Bakıya dəvət edib. Türkiyəli nazirin sözlərinə görə, Ərdoğan Bakıya gələcək.
Rusiya prezidenti Vladimir Putinin də I Avropa Yay Oyunlarının açılış mərasiminə qatılmaq üçün Bakıya gələcəyi dəqiqləşib. Bu haqda Kremlin mətbuat xidmətinə istinadən xəbər yayılıb. Mətbuat xidmətindən o da əlavə edilib ki, Rusiya prezidentinin Azərbaycana səfərinin təfərrüatları barədə daha ətraflı sonra məlumat veriləcək.
Eyni zamanda mətbuatda iki ölkə liderinin Bakıda bir araya gələcəyi haqda məlumat yayılıb. Nəzərə alsaq ki, 24 apreldə Putinin Çanaqqalaya deyil, İrəvana səfər etməsindən sonra Rusiya-Türkiyə münasibətlərində soyuqluq açıq şəkildə müşahidə olunur, o zaman görüşün əhəmiyyətini xüsusi qeyd etməyə gərək yoxdur. Aydın məsələdir ki, hazırda Bakı həm Ərdoğan, həm də Putinə yaxındır. Hər iki liderin özünü “evindəki kimi” hiss etdiyi Bakıda görüşməsi tamamilə real görünür.
Bəs bu görüş Azərbaycana nə vəd edir? Bakı Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşmasından hansı faydanı gözləyir? Yeni Türkiyə Araşdırmalar Mərkəzinin Avrasiya üzrə eksperti Orxan Qafarlı deyir ki, Türkiyə və Rusiya prezidentlərinin Azərbaycanda Avropa Oyunlarını ziyarətinin iki diqqət çəkən səbəbi var: “Birincisi, Azərbaycan prezidenti İlham Əliyevin həm Türkiyə, həm də Rusiya rəhbərləri ilə isti münasibətlərə önəm verməsidir. Amma bu məsələnin digər önəmli tərəfi geopolitik rəqabətin göstəricisi olmaqdadır. Əlbəttə, liderlər arasında münasibətlər önəmlidir. Bəzən bu liderləri bir birilərinə yaxınlaşdıran dövlətlərinin rasional maraqları olur. Yəni demək istədiyim Azərbaycan, Türkiyə və Rusiyanı narahat edən geopolitik proseslər Avrasiya bölgəsində gedir. ABŞ və İranın yenidən münasibətləri düzəltməsi və Yaxın Şərqdə Vaşinqton-Tehran əməkdaşlığının formalaşmasından rahatsız olan Rusiya və Türkiyə kimi regional güclər var. ”Soyuq müharibə" illərində nə zaman ABŞ Yunanıstan və ya İranla Türkiyə ilə olduğundan daha çox strateji əməkdaşlıq qurmağa başlayıbsa, bunun arxasınca hər zaman Ankara-Moskva əməkdaşlığı görüşləri başlayıb. Təbii, “soyuq müharibə” illərində Ankara Moskva əlaqələri ABŞ-a təzyiq etmək xarakteri daşıyırdı".
O.Qafarlı deyir ki, Berlin divarları söküldükdən sonra ilk onillikdə Moskva-Ankara münasibətləri yetərli səviyyədə inkişaf etməsə də, son 10 ildə bu münasibətlər qarşılıqlı bağlılıq xarakteri almaqdadır: “Türkiyə və Rusiya nüvə enerjisi stansiyaları tikilməsindən başlayaraq, Avropaya qaz tranziti və ikili iqtisadi-ticari münasibətləri 100 milyard dollara çatdırmaq kimi hədəflər müəyyən ediblər. Təbii ki, bu münasibətlərin olduğu zamanda ABŞ-İran əlaqələrinin yaxşılaşması faktının üzə çıxması Rusiya və Türkiyəni geopolitik maraqlar üçün yaxınlaşdırır. Tarixən belə olub, Moskva-Ankara münasibətləri yaxınlaşdıqda bunun ilk göstəriciləri liderlərin Bakı ziyarətləri olub. Məsələn, xatırlayın, Süleyman Dəmirəlin 1967-ci ildə Bakıya ziyarəti olub. Çox qəribədir, amma hər zaman Rusiya və Türkiyə yaxınlaşmasında Bakı amili olub. Bu mənada Vladimir Putin və Tayyib Ərdoğanın Bakıda üçtərəfli və ya ikitərəfli formatda bir görüş keçirib, regional məsələləri müzakirəsi baş tuta bilər. Hətta mətbuatın bunda xəbəri belə olmaya bilər”.
Bəs bu yaxınlaşma Azərbaycana necə təsir edə bilər? O.Qafarlının fikrincə, burda iki məqam var. Bunlardan birincisi, Rusiyanın gücüdür: “Türkiyə və Rusiyanı dövlət və regional güc olaraq müqayisə etdikdə, diqqətə almaq lazımdır ki, Ankara Moskvanın qarşısında yetərincə zəifdir. Rusiya ”soyuq müharibə" illərində uzun zaman super güc olmuş bir ölkədir. Sovetlərdən miras olaraq aldığı texnologiyanı bu gün siyasi maraqları üçün davam etdirir. Nəhayət, nüvə silahına sahib olan bir ölkədir. Türkiyənin texnologiya ixracatı Ankaranı Moskvadan asılı duruma salır. Bunun Türkiyə və Azərbaycanı birlikdə asılılığa salması Cənubi Qafqazda Moskvanın maraqlarına xidmət etməsi durumunu yaradır. Siyasi tarixdə Mustafa Kamal Paşanın Qurtuluş Müharibəsində Rusiya Sovet Respublikası ilə yaxınlaşması bizim müstəqilliyimizi itirməmizə səbəb olduğunu unutmamalıyıq. Təbii ki, bu gün bu yaxınlaşma Rusiya işğalı ilə nəticələnməz, amma Cənubi Qafqazda Rusiyanın təsirinin güclənməsinə səbəb ola bilər".
KƏNAN






