İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ortada bəy yoxdursa, hansı toydan söhbət gedir?”

2681 13.07.2013 09:40 Siyasət A A
- Nizami müəllim, siyasətə dönüb seçkilərdə ortaya iddia qoymaq, meydana çıxmaq niyyətiniz yoxdur ki?

- Partiya sədrləri və siyasətlə məşğul olanlardan mənim bir fərqim var. Mən ən gərgin siyasi fəaliyyətim dövründə belə, gərgin də elmi fəaliyyətlə məşğul olmuşam. Elm mənim ana sənətim, peşəmdir. Uşaqlıqdan bəri həmişə təhsil, elm, elmdə inkişaf mənim qanımda, genimdə olub. 60 yaşa çatanda isə artıq qərar verdim ki, iki yoldan birini seçməliyəm: ya elmi, ya da siyasəti. Çünki iki işi eyni vaxtda aparmaq hədsiz dərəcədə çətindir. Mən bəzən sutkada 15-16 saat elmi fəaliyyətlə məşğul oluram. Paralel olaraq siyasi fəaliyyətlə məşğul olmaq...Bu iki yükü çiyinlərimdə daşıya bilməzdim. Odur ki, elm yolunu seçdim. Həm də insan yaşa dolduqdan sonra peşəkar fəaliyyəti nədirsə, onunla da məşğul olmalıdır. Yəni peşəkar siyasətçidirsə, elə o yolla da davam etməlidir. 
Mənim siyasətdən getməyimin səbəbi o idi ki, ömrümün qalan hissəsində yarımçıq qalmış elmi işlərimi başa çatdırım. Çox istəyirəm ki, o nəticələri bütün dünyaya çıxarım. Xüsusilə də atmosferin çirklənməsi, neft yanma məhsullarının avtomobil texnikasından, daxili yanma mühərriklərindən atmosferə atılan çirkli məhsulların kəskin şəkildə azaldılmasının nəinki Azərbaycanda, bütün dünyada tətbiqinə çalışıram və buna da inanıram. Çox yaxın gələcəkdə bu, BMT, Avropa İttifaqı, ABŞ, Asiya dövlətləri səviyyəsinə çıxacaq. Bu iş bitirməyimə çox az qalıb.

- Bu kəşfin sonucunda “Nobel” iddianız varmı?

- Onu zaman göstərər. Hörmətli akademiklərimizdən, AMEA-nın rəhbər şəxslərindən biri israrla mənə dedi ki, Nizami müəllim, nə yatmısan, bu iş “Nobel”ə gedir. Dedim vallah-billah mən o barədə düşünmürəm, sadəcə işimi işləyirəm. Bu gün dünyada 4 milyard ton neft çıxır. Bunun 3 milyard tonu avtomobil yanacaqlarına gedir. Təsəvvür edin bu yanacağın yanması üçün də 18-in 1-ə nisbətində hava tələb olunur. Yəni əgər 3 mlrd. Ton neft məhsulu yanırsa, azı 50 mlrd. ton da havanı ora qatsaq, deməli, atmosfer 50-55 mlrd. ton dəm qazı ilə çirklənir. Xərçəng kimi dəhşətli xəstəliklərin də birinci səbəbi dəm qazıdır. Özü də qışa nisbətdə yayda dəm qazının miqdarı iki dəfə artır. Mən bu dəm qazının tamamilə sıfırlanması texnologiyasını işləyib hazırlamışam. Keçən il biz dəm qazının miqdarını iki dəfəyə qədər azaltdıq. Üstəlik, bu gün çıxarılan neftin 20-40 faizi yanmır, o da atmosferə atılır. Bizim yaratdığımız texnologiya ölkədə bir laboratoriyadan idarə edilərək bütün atmosferə atılan maddələri qat-qat azaltmağa qadirdir, bunu sübut etmişik, rəsmi sənədlərimiz var. Biz Bakının havasını kənd havasına çevirə bilərik.  

- Bəs siyasi atmosferi təmizləmək üçün hansısa bir ideyanız, kəşfiniz varmı? Xüsusilə də seçki ilində, təhqirlərin, ağır ittihamların dəm qazı kim artdığı dövrdə buna daha çox ehtiyac olur...

- Mən iqtidar və müxalifəti kəskin ittihamlardan çəkinməyə çağırıram. Yaşlı bir ziyalı kimi bu, mənə də xoş gəlmir. Xüsusən şəxsi həyata müdaxilə, nə vaxtsa olmuş bir məsələnin mikroskop, ya lupa ilə böyüdülməsi, şəxsiyyətin təhqir olunması yolverilməzdir. Mənim ziyalı həmkarlarımın da fikri budur ki, təhqir olmasın, başqa ölkələrdə olduğu kimi normal seçki mühiti olsun. Amma nə edəsən, seçkidir, hər kəs qalib gəlmək istəyir və xalqa rəhbərik etmək insanlar nəyi varsa, ortaya qoymağa çalışır. Ancaq unutmayaq ki, biz azərbaycanlıyıq, axtarsan ölkədəki 9 milyon insanın çox böyük əksəriyyəti bir-biri ilə qohum-əqrəbadır. Etikanı, əxlaqı, dinimizi unutmamalıyıq və təhqirdən uzaq olmağa çalışmalıyıq.

- Milli Şura ilə bağlı gəlişmələri izləyirsinizmi?

- Baxmayaraq ki, sırf elmi fəaliyyətlə məşğulam, əlbəttə ki, bir vətəndaş kimi ölkəmin, millətimin, xalqımın, o cümlədən özümün və övladlarımın taleyinə, siyasi proseslərə laqeyd deyiləm. Üstəlik də nəzərə alsaq ki, uzun illər siyasətdə olmuşam, hətta sətiraltı deyilən sözlərin də on mərtəbə arxasındakı mətləbi hiss edirəm, odur ki, siyasi proseslər mənim üçün çox maraqlıdır. Milli Şuranın da fəaliyyətini izləyirəm.

- Müxalifətin birləşə bilmədiyi barədə illərlə söylənilən tənqidlərdən sonra düşərgə vahid mövqeyə gəldi. Bir ziyalı olaraq Rüstəm İbrahimbəyovun vahid namizəd olması məsələsini necə qarşıladınız?

- Əgər müxalifət birləşib öz içərisindən peşəkar siyasətlə məşğul olmuş partiya sədri və ya fəal nümayəndəsinin namizədliyi üzərində dayansaydı, mən buna normal baxardım. Rüstəm İbrahimbəyov kifayət qədər dünyada tanınan kinodramaturq, yazıçı, ssenaristdir və əsasən kino sənəti ilə məşğul olub. Amma son 1-2 ilə qədər biz heç vaxt Rüstəm müəllimi siyasətdə görməmişik. Azərbaycanda da az olur. Mən iki dəfə prezidentliyə namizəd olmuşam, Ziyalılar İttifaqı, Milli Yaradıcılıq Akademiyasını yaratmışam, ölkənin bütün ziyalı qaymağı ilə təmasım olub. Bilmirəm necə olubsa, Rüstəm İbrahimbəyovla heç vaxt əlaqəm olmayıb. 

- Bəlkə yaxından tanımadığınıza görə onun yüksək keyfiyyətlərindən, bacarığından da xəbərsizsiniz... 

- Onun öz peşəsində kifayət qədər peşəkar olduğunu, “Oskar” aldığını bilirik. Öz peşəsində peşəkar olan yalnız o deyil ki. Bizim Arif Məlikov kimi qüdrətli bəstəkarımız, Lütfi Zadə kimi nəhəng alimimiz var. Vaxtilə Müslüm Maqomayev kimi dahimiz vardı, bu gün xalq mahnılarının mahir ifaçısı Zeynəb Xanlarova var. 

- Sadəcə, Rüstəm İbrahimbəyov ölkənin taleyindən narahat olduğunu bəyan edərək qolunu çırmayıb siyasətə girişib...

- Narahatçılığı sözlə hamı ifadə edə bilər. Bunun üçün hökmən ölkə prezidenti olmaq gərək deyil ki. Onun ağsaqqal kimi istədiyi adama, prezidentdən tutmuş gənclərə qədər sözünü demək, nəsihət vermək, yol göstərmək imkanı var. Bəlkə də kənardan baxan adama prezidentlik postu sadə görünür. Amma bu post çox sadə olsaydı, Əbülfəz Elçibəy kimi bütün həyatını əvvəldən siyasətə həsr etmiş adam bir ildən artıq tab gətirə bilmədi. Elçibəy siyasətin içində doğulmuşdu, dissident idi, siyasi fəaliyyətinə görə həbsdə də yatmışdı. O, Elçibəy qədər siyasətçi ola bilməz. Elçibəyin türkçülük nəzəriyyəsi, Azərbaycanın əsarətdən qurtarması ilə bağlı ideyaları vardı. Yaxud İsa Qəmbər Zori Balayana hələ sovet dövründə cavab yazmışdı. Əli Kərimli gənc ikən gənclər təşkilatında çalışmışdı və s. Sovet dövründə rəhbər vəzifədə işləmək xeyli asan idi, Moskvadan gələn direktiv və göstərişləri yerinə yetirirdilər. Bu gün Azərbaycan müstəqil dövlətdir və ölkəmizin bərkiməsi, öz yerini tutması prosesi gedir. Belə bir vaxtda kiçicik bir yanlışlıq, yanlış bir namizədin hakimiyyətə gəlməsi Azərbaycanı param-parça edər və bizi 90-cı illərin əvvəlinə aparıb çıxara bilər. İndi biz haradan bilək ki, “Oskar” mükafatçısı olan Rüstəm İbrahimbəyov belə bir məngənədə olan Azərbaycan dövlətinin başında oturarsa, onu idarə edə bilər. Qıraqdan baxanda hər şey insana asan gəlir. Bənna nə qədər peşəkar olsa da, o, gəlib cərrahın, yaxud cərrah bənnanın işini görə bilərmi? Hələ “Oskar” mükafatını almaq, peşəkar kinorejissor olmaq heç də peşəkar dövlət başçısı dərəcəsinə çatmaq demək deyil. 

- Bəs müxalifətin vahid namizədi kim olmalı idi?

- Ölkədə yaşamış və uzun illərin siyasi təcrübəsini qazanan, yaxud siyasət elminə yaxın olan peşəkarlar olmalı idi. Peşəkar insan o peşədə 90-100 yaşınadək çalışa bilər. Qeyri-peşəkarın yaşlanandan sonra peşəsini dəyişməsini mən azı normal qarşılamıram. Ukraynada akademik Patonun 93 yaşı var. Gözünü açandan elmdə olub, Elektrik Qaynağı İnstitutunun direktorudur və eyni zamanda Ukrayna MEA-nın prezidentdir. Əgər o, gənc yaşından elmlə məşğul olmasaydı, 93 yaşında akademiya prezidenti kimi çətin bir vəzifədə çalışa bilməzdi. Yaxud başqa peşələri götürək. Məsələn, Allah bizim nazirimiz Ramil Usubova ömür versin. O, peşəkar polis işçisidir, nə qədər ki, enerjisi var, yaşından asılı olmayaraq, 70-80 yaşında da o, nazir kimi çalışa bilər. Ya da digər peşələrdə olanlar öz ixtisaslarını ömrünün sonrakı mərhələlərində də davam edirlərsə, onlar üçün asandır. Allah Heydər Əliyevə rəhmət eləsin, bütün həyatı boyu dövlət qulluğunda olub, 46 yaşında 1-ci katib təyin edilmişdi, sonra da SSRİ boyda nəhəng dövlətin 3-4 rəhbərindən biri idi. Azərbaycana yaşlı vaxtında gəldi və yenə rəhbərlik etdi. Onun qanında, canında, ruhunda peşəkarlıq var idi. Bu gün İsa Qəmbər, Əli Kərimli, ya İqbal Ağazadə, Pənah Hüseyn gənc yaşlarından siyasətlə məşğul olub, peşəkar siyasətçidirlər. Amma qeyri-peşəkarların yaşlı vaxtı siyasətə gəlməsi dediyim kimi mənə qəribə görünür. 

- İsa Qəmbərin partiya Məclisinin qərarına uyğun olaraq namizədliyini saxlamasına necə baxırsınız?

- Azərbaycanı başqalarına öz fikirlərini zorla diktə etmək xəstəliyi bürüyüb. Hər kəs öz fikrini təklif kimi yox, diktə etməklə deməyə çalışır. Nə üçün kimsə öz fikrindən başqasının diktəsi ilə dönməlidir? Əgər Müsavat Partiyası hesab edirsə ki, Rüstəm İbrahimbəyovun namizədliyi çox kövrəkdir və partiya başqanı öz namizədliyini saxlayırsa, burda qeyri-adi nə var ki? Mən tez-tez bu məsələ ilə bağlı çox tanınmış alim dostlarımla da söhbət edirəm, Rüstəm İbrahimbəyovun adı gələndə hamı çiyinlərini çəkib qaşlarını dartır ki, necə oldu o, bu işə razılaşdı. Axı onun 74 yaşında özünün gözəl sənətini buraxıb prezidentlik iddiasına düşməsinə nə səbəb oldu? Əgər müxalifət birləşib adını çəkdiyim siyasətçilərdən birini irəli sürsəydi, bunun üzərində dayanıb mühakimə yürüdə bilərdik. Burda anormal hal odur ki, bir qisim partiyalar başqa təşkilatı məcbur etməyə çalışır ki, “sən namizədini geri götür”. Bu, bir-birinə paxıllıqdanmı, qısqanclıqdanmı irəli gəlir deyə bilmərəm, amma bu, yenə parçalanma əlamətidir. Ay balam, Rüstəm İbrahimbəyovun namizədliyi hələlik qeydə alınmayıb. Müsavat da bəyan edir ki, onu biz də müdafiə edirik. Amma hələlik ortada bəy yoxdursa, hansı toydan söhbət gedir? Hələ bəy Azərbaycanda yoxdur. Gəlsin, qeydiyyatdan keçsin. Bir gün bir, başqa gün ayrı ölkədən bəyanat verir. Sağ olsun, öz peşəsi daxilində Azərbaycanın adını hər yerdə ucaldır. Amma hələlik onun avqustda gəlib-gəlməyəcəyi də dəqiq deyil. Belə olan təqdirdə Müsavat boyda partiya niyə indidən öz namizədindən imtina etməlidir? Üstəlik də demir ki, Müsavat demir ki, Rüstəm bəy namizəd olmasın, İsa Qəmbər olsun. Ancaq əgər Rüstəm bəy 45-50 yaşında kinodramaturgiyanı buraxıb siyasətə keçsəydi, deyərdim 3-5 il çalışar, 50-55 yaşında namizədliyini irəli sürər. 74 yaşda isə...Mənim alim dostlarım da bu addıma çox anormal baxırlar. İnsanın bu yaşda peşəsini dəyişmək sevdasına düşməsi müsbət qarşılanmır. Mənim 68 yaşım var, bilirəm ki, orqanizmimdə hansı problemlərim var. Yaş keçdikcə bu problemlər özünü daha çox göstərir. Nə ediriksə, edək özüm daxil biz qocaların müəyyən sağlıq problemləri var. Kim sinəsinə döyürsə, yalan danışır, qocaların bir ovuc xəstəlik problemi var. Heydər Əliyev yaşasaydı, xəstə olmuş olsaydı belə, ölkəni 90 yaşına qədər də idarə edə bilərdi, çünki peşəsiydi.

- Söhbət 2 illik keçid dövründən gedirsə, onda necə?

- Bu, bir az uşaq söhbətinə oxşayır axı. Mən prezident olacağam, özü də 2 illik...Niyə İsa Qəmbər, İqbal Ağazadə, Əli Kərimli, yaşda da nə qədər cavan peşəkarlar ortada ola-ola yaşlı adam ortaya iddia qoyur? İqtidaryönümlülərin də içərisində kifayət qədər ağıllı insanlar var. Məsələn, mənim Zahid Orucun çıxışlarından çox xoşum gəlir, gənc yaşında çox püxtələşib. 
İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 1982-ci ildə aspiranturaya girib, 85-ci ildə elmlər namizədi olub. Sonra siyasi elmlər doktorluğunu müdafiə edib. MDB məkanında və Şərqi Avropa ölkələri içərisində birbaşa bu ixtisasdan siyasətə gəlmiş və sahədə elmlər doktoru dərəcəsi də almış ikinci bir dövlət başçısı tanımıram. Yəni bütün həyatı boyu siyasi təhsil, siyasi elm, biznes, iqtisadi sahələrlə yanaşı, aktiv siyasətin də içərisində olub. Üstəlik, böyüdüyü ailəni də nəzərə alsaq, o, siyasi mühit üçün hələ gənc yaşlarından kifayət qədər yetişib. Rüstəm müəllim isə çox böyük uğurlar qazandığı kino sahəsini 74 yaşında ikən kənara atıb siyasətə keçirsə, burada 2 il ərzində hansı uğuru qazana bilər? Film çəkmək, ssenari yazmaq xəyal üzərində qurulan məsələlərdir. İndi bu xəyalı siyasətə gətirmək ki, gələcəm, 2 ilə mən ölkəni qaydasına salacağam - “Hacı Kərimin Aya səyahəti” tamaşasında dediyi kimi, əvvəlcə özüm hər yeri abıra salacağam və müxalifətə deyəcəyəm ki, indən sonra siz keçin oturun kresloda, rahat-rahat idarə edin...

- Amma müxalifətə də meydan verilmir ki, peşəkar siyasətçilər fəaliyyət göstərsin...

- Mən özüm də müxalifətdə olmuşam. 1993-cü ilin may ayında Göyçayda Mədəniyyət Sarayında görüş keçirərkən cəbhəçilərin təhriki ilə bir narkoman tərəfindən çox təhqiramiz hərəkətlərin şahidi olduq. Bizi küçə söyüşləri ilə təhqir etdilər. Polis olmasaydı bəlkə qan töküləcəkdi. O dövrdə hamının əlində silah vardı. Sonradan bildim ki, söyüşə qarşı artıq avtomat işə düşəcəkmiş. İndiki müxalifət deməsin ki, bizim dövrümüzdə kef idi, müxalifətə şərait yaradırdıq. Amma əlbəttə ki, mən istərdim ki, normal seçki mühiti olsun, iqtidar və müxalifətə bərabər şərait yaradılsın və onlar təhqirsiz-filansız, sivil çərçivədə hərəkət etsinlər. 

- Özünüz namizəd olmayacaqsınız, bəs namizədiniz kim olacaq, iqtidar, yoxsa müxalifət təmsilçisini dəstəkləyəcəksiniz?

“Mən istəyirəm ki, Azərbaycanın inkişafı dayanmasın, biz bir kreslo davasına görə inkişafımızı qurban verməyək”


- Mən bu barədə uzun müddət düşündüm, bir alim kimi təhlillər apardım və qərara gəldim ki, Azərbaycanın indiki durumunda üzdə olan siyasətçilər içərisindən prezidentliyə ən layiqli namizəd İlham Əliyevin özüdür. Mən vəzifə adamı deyiləm, yeri gələndə prezidentləri, məmurları da tənqid etmişəm, heç kimdən çəkinməmişəm. Azərbaycanın indiki vəziyyəti - beynəlxalq aləmdə, sənayedə, iqtisadiyyat, mədəniyyət, tikinti-quruculuq, abadlıq işlərində və s. sahələrdə həyata keçirilən işlər mənə əsas verir və düşünürəm ki, bu işləri uğurla davam etdirmək üçün İlham Əliyev ən azı növbəti 5 ildə də ölkəyə rəhbərlik etməlidir. Bu, tək mənim fikrim deyil, hətta xaricdən gələn alim dostlarım da Azərbaycanın inkişafı barədə yüksək fikirlər söyləyirlər. Mən əmin deyiləm ki, yeni bir adam gələndən sonra bugünkü inkişafımız bu sürətlə davam edəcək, əksinə, yeni təlatümlərlə üzləşmək təhlükəsi daha real görünür.
10 illik hakimiyyəti dövründə özünü doğrultmuş, Azərbaycanın maraqlarını dünyada ləyaqətlə qorumağı bacaran, beynəlxalq aləmdə kifayət qədər tanınmış bir şəxs kimi ən layiqli namizəd olaraq İlham Əliyevi görürəm. Mən istəyirəm ki, Azərbaycanın inkişafı dayanmasın, biz bir kreslo davasına görə inkişafımızı qurban verməyək. Demirəm nöqsanlarımız yoxdur, var.

“Bu millətin yaxası bəzi rüşvətxor məmurlardan qurtaracaq”


Prezidentin ideyası ilə tətbiq edilən təkcə bir ASAN Xidməti bir çox problemləri aradan qaldırır. Bu xidmət bütün ölkəboyu tətbiq olunandan sonra millətin yaxası bəzi rüşvətxor məmurlardan qurtaracaq və korrupsiyanın səviyyəsi də aşağı düşməkdə davam edəcək. Mənim bir çox alim və ziyalı dostlarım da artıq öz seçimini edib - biz İlham Əliyevə səs verəcəyik. Qoy vaxtında mənə səs vermiş insanlar da mənim seçimimi etsinlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR