İnsanlara hürriyət, millətlərə istiqlal!

Orqan transplantasiyasında inqilabi yenilik: donuz böyrəyi insana yaradı

949 17.08.2023 14:10 Son xəbər A A

ABŞ-da mütəxəssislər tərəfindən geni dəyişdirilmiş donuz böyrəyinin insana transplantasiyası orqan nəqletməsi sahəsində yeni çığır açıb. Beyin ölümü keçirən bir insanın bədəninə köçürülən donuz böyrəyi bir aydan çoxdur həyat funksiyası daşıyır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərindəki “NYU Langone Health”-də olduqca nadir əməliyyatla donuz böyrəyi insana köçürülüb.

Bu, tibb qrupunun canlı xəstələr üzərində sınamaq niyyətində olduğu əməliyyatlar üçün kritik bir addım idi. Nyu-York Universitetinin orqan transplantasiyası institutunun direktoru Robert Montqomeri “Associated Press”-ə deyib: "Bu orqan həqiqətən insan orqanı kimi işləyəcəkmi? Hələlik belə görünür”.

"O, insan böyrəyindən də yaxşı görünür" deyən Montqomeri əlavə edib ki, iyulun 14-də ölən bir adamın böyrəkləri geni dəyişdirilmiş donuzun bir böyrəyi ilə əvəzlənib və dərhal sidik ifraz etməyə başlayıb.

Ölkədə transplantasiya siyahısında 100.000-dən çox xəstə var və hər il böyrək çatışmazlığından əziyyət çəkən minlərlə insan orqan gözləyərkən ölür.

Donuz böyrəyinin transplantasiya edilməsilə orqan çatışmazlığını aradan qaldırmaq ehtimalı Nyu-Yorkdan olan 57 yaşlı Moris Millerin ailəsini təcrübə üçün onun bədənini tibb işçilərinə bağışlamağa inandırıb.

Onun bacısı Meri Miller-Daffi açıqlamasında deyib: "Düşünürəm ki, qardaşım da bunu bəyənərdi. Ona görə də qardaşımı onlara təklif etdim. O, tibb kitablarında olacaq və əbədi yaşayacaq”.

Qeyd edək ki, heyvandan insana orqan transplantasiyası cəhdləri onilliklər ərzində uğursuzluqla nəticələnib, çünki insanların immun sistemi yad toxuma qəbul etmir. İndi tədqiqatçılar orqanlarını insan orqanizminə daha yaxşı uyğunlaşdırmaq üçün geni dəyişdirilmiş donuzlardan istifadə edirlər.

Səlahiyyətlilər könüllü xəstələrdə donuz ürəyi və ya böyrək nəqli tədqiqatlarına icazə verib-verməməyi də müzakirə edirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR