Azərbaycanın müzəffər Ordusu işğal olunmuş torpaqlarımızı uğurla geri qaytarır. Artıq bir neçə rayon, onlarla kənd Azərbaycanın nəzarətindədir. Dünən Zəngilan şəhəri də daxil olmaqla Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının kəndlərini işğaldan qurtaran Ordumuz son 24 saatda dayanmadan irəliləyib. Gələn məlumatlar göstərir ki, cəbhədə vəziyyət yaxşıdır. Silahlı Qüvvələrimiz işğalçı və terrorist Ermənistan qüvvələrini darmadağın edib, inamla irəliləyir.
Elə isə gələn məlumatların məntiqinə görə, azad olunacaq növbəti vətən parçası hansı olacaq? Azərbaycan Ordusunun indiyə qədər azad etdiyi ərazilərin mənəvi dəyər və anlamından başqa, hansı hərbi-strateji əhəmiyyəti var? Azad edilmiş ərazilərdən Laçın və Şuşa istiqamətinə həmlə etmək imkanı yaranıbmı?
Şuşa demişkən, sosial mediada hər gün Şuşanı "alan" insanlarla nə edək? Necə edək ki, sosial media proseslərə zərər yetirməsin? Ermənilərin davranış və reaksiyaları da adekvat deyil. Ermənistanın Baş Naziri Nikol Paşinyan özünü dəli kimi aparır, hitlervari çıxışlar edir, gah da sülhdən, uduzmaqdan danışır. Azərbaycan Ordusu Ermənistanı hələ sındıra bilməyibmi, yoxsa bu, tipik erməni həyasızlığıdırmı? Ermənistanın tam kapitulyasiyası nə zaman baş verəcək?
Daha bir sual: Rusiya və Fransa atəşi kəsə bilmədi, indi təşəbbüs ABŞ-dadır. Azərbaycan XİN başçısı Ceyhun Bayramov Vaşinqtondadır. Oradan nə gözləyək?
Keçmiş erməni prezidentlər özlərini necə aparırlar? Deyəsən, zəifləmiş Paşinyanı devirmək belə istəmirlər. Kimsə Ermənistanı gözləyən fəlakətin məsuliyyətinə girmək istəmir. Çünki elə bir durum yaranıb ki, Paşinyan getsə də, qalsa da, Ermənistanı çöküşdən və olası fəlakətdən kimsə çıxarda bilməz.
Keçmiş prezident Sərkisyan İngiltərənin "The Independent" qəzetinə müsahibəsində Paşinyanı "düz yol seçmədi", deyə, tənqid etsə də, özü nə təklif edir, onu deməyib. Əvəzində Azərbaycana hədyanlar deyib. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də onun bu hədyanlarına çox yüksək səviyyədə cavab verib. ”The Independent" qəzetində getmiş həmin cavabda vurğulanır ki, Serj Sarkisyan Azərbaycanda müharibə zamanı kütləvi qətllərin təşkilatçısı hesab olunur.
O, Xocalı soyqırımı zamanı ən azı 161 nəfər mülki şəxsin qətlində birbaşa iştirak edib: “İndi isə o, özünü mələk və sülh tərəfdarı kimi təqdim etməyə çalışır. Azərbaycan üçün o, müharibədə kütləvi qətllər törədən cinayətkardır və azərbaycanlı uşaqların qatilidir”.
Beləliklə, yayınımıza cəbhədən və dünyadan zəngin bir gündəmlə başlayırıq. Studiyada bizimlə birlikdə gündəmin nəbzini hərbi ekspert Emin Həsənli tutacaq. Biz onunla yuxarıda səsləndirdiyimiz sualların cavablarını axtaracağıq.
Bu axtarışlarda, müzakirələrdə oxucu-tamaşaçılarımız da iştirak edə bilərlər.
Bunun üçün Musavat.com-un “Facebook” və ya “Youtube” səhifələrindən birini bəyənib (like edib), canlı yayına qatıla bilərsiniz.
“Youtube”dakı səhifəmizin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
“Facebook”dakı səhifəmizin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Musavat.com






