İnsanlara hürriyət, millətlərə istiqlal!

ORDUDAKI SİSTEM DƏYİŞİKLİYİ MÜHARİBƏ HAZIRLIĞIDIR?

2157 17.02.2012 09:30 Ölkə A A
Məsələyə bu prizmadan yanaşan ekspertlərə görə, ölkə başçısının ordunun ən həssas hissəsində - hərbi xidmətə çağırış sahəsində belə bir köklü dəyişikliklər etməsi təsadüfi deyil. Belə rəylər var ki, Ali Baş Komandan orduda islahatlar aparılmasına qərar verib və bu, müharibə faktoru ilə bağlıdır. Söhbət ondan gedir ki, ölkə başçısı dəfələrlə müharibə çağırışları edib. Belə fikirlərə də rast gəlinir ki, artıq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli imkanları tükənib və torpaqlarımızın silahlı yolla işğaldan azad edilməsi variantı önə çıxıb. Bəzi ekspertlərə görə, ölkə rəhbərliyi ermənilərin heç bir halda kompromisə gəlməyəcəyinə əmin olub və bu üzdən ordunu daha da gücləndirib müharibəyə başlamaq uyğun variant kimi nəzərdən keçirilib.
Təbii ki, ölkə rəhbərliyi müharibənin asan məsələ olmadığının, döyüşlərdə uğur qazanmaq üçün Müdafiə Nazirliyinin indiki rəhbərliyinin qurduğu korrupsiya labirintinin dağıdılmasının vacibliyinin fərqinə varıb. Əgər doğrudan da söhbət köklü islahatlara başlamaqdan, ordunun inkişafına mane olan amillərin aradan qaldırılmasından gedirsə, onda ilk olaraq hərbi komissarlıqların ləğv edilərək, bu sahənin tamamilə Səfər Əbiyevdən alınmasını ordudakı neqativlərin daha çox burada təzahür etməsi kimi qiymətləndirmək olar.
Qeyd edək ki, hərbi komissarlıqlara nəzarəti tam ələ keçirmək üçün Səfər Əbiyev uzun illər mübarizə aparmışdı. Əliağa Hüseynov Respublika Hərbi Komissarlığının rəisi olan dövrdə bu iki şəxs arasındakı çəkişmələrin olması heç kimə sirr deyil. Nəhayət, 2008-ci ildə Əliağa Hüseynov baş hərbi komissar vəzifəsindən azad edildi və bundan sonra hərbi xidmətə çağırış Müdafiə Nazirliyinin nəzarətində oldu. Görünür, bu dörd ildə sözügedən sahədə vəziyyətin daha da kritikləşməsi və müharibə şəraitində olan ölkə üçün təhlükəli olması nəzərə alınıb. Ona görə də bu sahəyə xüsusi diqqət ayrılıb. Bu sistemin başında indiyədək adı korrupsiya və rüşvətxorluqda açıq şəkildə hallanmayan, Səfər Əbiyevlə eyni qruplaşmanı təmsil etməyən bir şəxsin - Arzu Rəhimovun gətirilməsi də onu göstərir ki, hərbi xidmətə çağırış sahəsinin korrupsiyadan azad edilməsi istəyi var. Bunun nə dərəcədə effektli olacağını isə biz qarşıda görəcəyik...
Məsələnin əsas mahiyyətinə - bu dəyişikliyin müharibəyə başlamaq anlamına gəlib-gəlmədiyinə dair ekspertlərlə danışdıq.
Ehtiyatda olan polkovnik, Milli Qvardiyanın yaradıcılarından olan Əzizağa Süleymanov dedi ki, hərbi xidmətə çağırış sistemi doğrudan da dəhşətli dərəcədə korrupsiyaya uğramış bir sahə idi: “Orduda ölüm hallarının artması həm də fiziki və psixoloji baxımdan hazırlıqsız, orduya yaramayan şəxslərin hərbi xidmətə aparılmasının nəticəsi idi. Planı doldurmaq üçün xəstə, hazırlıqsız gəncləri pul vermədikləri üçün orduya yollayırdılar. Bundan başqa, həmin sistemdə rüşvət almaq üçün ən ağlasığmaz mexanizmlər qurulmuşdu. İndi bu piramidanı dağıtmağa qərar veriblərsə, buna sevinmək lazımdır. Doğrudan da bu cür vəziyyət müharibə şəraitində olan ölkə üçün təhlükə yaratmaya bilməzdi. Amma müharibə şəraitinə hazır olmaq üçün Müdafiə Nazirliyində köklü islahatlar aparmaq lazımdır. Çünki döyüşü məhz Müdafiə Nazirliyi aparacaq, hərbi komissarlıqlar sadəcə çağırış məsələlərini həll edir. Komissarlıqların müstəqil bir quruma çevrilməsi, hesab edirəm ki, korrupsiyanın qarşısını almağa, bu sistemə nəzarəti bir əldən idarə etməyə hesablanmış bir məsələ ola bilər. Çünki indiyə qədər hərbi komissarlıqlara nəzarət məsələsində ”vahid əl" yox idi. Müdafiə Nazirliyinin tabeçiliyində olanda bu sistemə həm də Baş Qərargah nəzarət edirdi. Ona görə də ikitirəlik var idi".
Ə.Süleymanov dedi ki, Arzu Rəhimov Sərhəd Qoşunlarında xidmət etmiş bir şəxsdir: “Obyektivlik naminə deyim ki, Sərhəd Qoşunları korrupsiya sistemindən bir qədər uzaqdır. Güman edirəm ki, bu baxımdan Arzu Rəhimov orada etimadı doğrulda bilər. Əgər Dövlət Xidmətinin yaradılmasında məqsəd hesabatı bir adamdan soruşmaqla korrupsiyanı aradan qaldırmaqdırsa, bunun effekti olacaq. Eyni zamanda onu da qeyd etməliyəm ki, Müdafiə Nazirliyinin tərkibindən hərbi komissarlıqları tamamilə çıxarmağın fəsadları da olacaq. Çünki əsgərlərin bölgüsü məsələsində müəyyən problemlər ortaya çıxacaq. Amma bunun da həlli mümkündür”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR