İnsanlara hürriyət, millətlərə istiqlal!

Ördəyin ölümü ilə başlayan qanlı dava: iki qardaşı bıçaqlayan şəxsə cəza istənildi

900 29.03.2018 17:31 Kriminal A A

Bakıda bir ördəyin ölümünə görə qohumlar arasında qanlı bitən mübahisəyə görə növbəti məhkəmə iclası keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində iki qardaşı bıçaqlayan Pərvin Məmmədovun cinayət işi üzrə məhkəmə iclası olub. Məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib. Prokuror P.Məmmədovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prosesdə elan edilib ki, zərərçəkmiş hər iki şəxs təqsirləndirilən Məmmədovla barışıblar. Məhkəməyə ərizə təqdim edərək şikayət və tələblərinin olmadığını bildiriblər. Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün vaxt istəyib. Məhkəmə aprelin 4-də davam edəcək. Bildirək ki, P.Məmmədovun bıçaqladığı şəxslərdən biri bacısının əridir.

İttihama görə, P.Məmmədov bacısının həyat yoldaşı 1976-cı il təvəllüdlü Sürət Əlixanovu və onun qardaşı Bəhram Əlixanovu bıçaqlayıb. Qohumlar arasındakı dava Balaxanı qəsəbəsində, Müsavat küçəsində baş verib.

Belə ki, həyətində ördək saxlayan Bəhram Əlixanov işdən qayıdarkən ördəklərdən birinin öldüyünü görüb. Buna görə də həyat yoldaşı ilə mübahisə edib. Hətta xanımına bir neçə sillə də vurub.

Bu məsələdən Pərvin Məmmədov xəbər tutub. Bacısının döyülməsi məsələsinə görə Pərvinlə Əlixanov qardaşları arasında mübahisə yaranıb. Daha sonra isə, mübahisə davaya çevrilib. Onlar əvvəlcə əlbəyaxa olublar. Məsələni “həll” etmək üçün isə görüş yeri təyin ediblər.

Evlərinin yaxınlığındakı məktəbin həyətində görüşməyi planlaşdıran qohumların son görüşü qanlı bitib. Belə ki, Pərvin Məmmədov qaraşların çağırdı görüş yerinə getməyin. Qəzəblənən Əlixanov qardaşları görüş üçün Pərvin Məmmədovun yaşadığı evə gediblər.

İttihamda yazılır ki, P.Məmmədov Əlixanov qardaşlarını əlində taxta parçası ilə qarşılayıb. Bu zaman Bəhram Əlixanov yerdən götürdüyü butulkanı Pərvin Məmmədova tərəf atıb. Başından xəsarət alan P.Məmmədovun əlindən taxta parçasını alıblar və əlbəyaxa dava başlayıb. Bu zaman P.Məmmədov əlini bıçağa atıb və ilk Bəhram Əlixanovu vurub, daha sonra isə Sürət Əlixanova xəsarət yetirib.

P.Məmmədov məhkəmədə özünü qismən təqsirli bilib. Deyib ki, ona qarşı irəli sürülən maddə ağırdır. O, qəsdən sağlamlığa ağır zərər vursa da xuliqanlıq niyyəti ilə bu əməli törətmədiyini söyləyib.

Qeyd edək ki, P.Məmmədov Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.

İ.Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR