İnsanlara hürriyət, millətlərə istiqlal!

Oqtay Vural: “Türkiyənin üzərinə gələn güclər cəsarəti Türkiyə iqtidarından alır”

1411 14.04.2015 21:44 Müsahibə A A


Oqtay Vural deyir ki, Türkiyə toplumu bu məsələdən çox rahatsızdır: “Milli iradəni ifadə edən siyasi partiyalar Türkiyə dövlətinə qarşı beynəlxalq güclərin apardığı bu kampaniyaya qarşı ciddi müqavimət göstərilməsini vacib sayır.

Milliyyətçi Hərəkat Partiyası olaraq biz dəfələrlə hökumətə bu iddiaların qarşısını almaq üçün miqyaslı işlər görülməsinə ehtiyac olduğunu çatdırmışıq, konkret təkliflər irəli sürmüşük. Ancaq iqtidar bizim təşəbbüslərimizi cavabsız qoyub. Qəribəsi odur ki, iqtidar heç bir halda təşəbbüslərin hansı səbəbdən dəstəklənmədiyini açıqlamayıb”.

Türkiyə mediası yazır ki, siyasi partiyalarla bərabər, toplumun fəal kəsimi, o sıradan vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri baş nazirin müavini milliyyətcə erməni olan Etyen Mahçupyandan Roma Papasının söylədiklərinə açıqlama gözləsə də o, susqunluğunu davam etdirir. Oqtay Vural deyir ki, bu gözləntilər yersizdir, çünki Mahçupyan saxta soyqırımının tanınması üçün çalışır: “Baş nazirin başdanışmanı Etyen Mahçupyan dəfələrlə Türkiyənin soyqırım iddialarını qəbul etməsinin vacibliyindən danışıb. Bu haqda yüksək kürsülərdən  açıq mesajlar verib. Bu səbəbdən biz onun Roma Papasının çıxışını hər hansı şəkildə tənqid edəcəyini düşünmürük. Əksinə, Mahçupyan bu vəzifəni tutduğu müddətdə əlindəki bütün imkanlardan yararlanaraq ermənilərin saxta iddialarının möhkəmlənməsinə çalışacaq”.

Türkiyənin o zamankı baş naziri Rəcəb Tayyib Ərdoğanın ötən il aprelin 24-də ermənilərə başsağlığı verməsi böyük yanlış idi”


MHP-li millət vəkilinin fikrincə, ən acınacaqlısı belə saxta iddiaların din adamlarının dili ilə gündəmə gətirilməsidir: “Azərbaycan torpaqlarında çox yaxın tarixdə Xocalı soyqırımı baş verib. Ancaq dünya, o sıradan olmayanları həqiqət kimi göstərməyə çalışan Roma Papası bu haqda bir kəlmə belə kəsməyib. Ermənilərin insanlıq adına utanc olan bu vəhşiliyini görməyənlər bir yalana 100 illik əlbisə biçmək istəyirlər. Bir din adamının olmayan bir məsələni milyonlara həqiqət kimi təqdim etməsi vicdanlara sığa bilərmi? Hansı nöqtədən baxsaq bunun siyasi məsələ olduğunu, Türkiyəyə qarşı olan qüvvələr tərəfindən idarə edildiyini görürük. Papanın bu açıqlamasını Xaçlı Yürüşləri zehniyyətinin çağımızdakı nümunəsi olaraq dəyərləndiririk. Düşünürəm ki, Türkiyənin o zamankı baş naziri Rəcəb Tayyib Ərdoğanın ötən il aprelin 24-də ermənilərə başsağlığı verməsi böyük yanlış idi. Həm Türkiyə, həm də dünya erməniləri bu başsağlığını saxta soyqırım iddiasının qəbulu kimi anladı, bundan güc aldı. Türkiyənin üzərinə gələn güclər cəsarəti Türkiyə iqtidarından alır. Bu gün Türkiyə böhtanlarla üz-üzədir. Ancaq nə baş nazir, nə onun erməni başdanışmanı dövlətə atılan böhtanlara tutarlı cavab verməyiblər. Bu bizim millətimizin vicdanını sızladan bir məsələdir. Bu bir türk düşmənliyinin görünən üzüdür. Heç şübhəsiz, türk millətinə, Türkiyə dövlətinə qara yaxmaq üçün növbəyə dayanan liderlər cəsarəti Türkiyənin bu məsələdə gərəkli sərtliyi göstərməməsindən alır. Belə bir açıqlamanın əsas məqsədi və vəzifəsi vicdanları qorumaq olan din adamının dilindən səsləndirilməsi Türkiyənin necə güclü bir hücumla qarşı-qarşıya olduğunu sübut edir”.

Məsələ iqtidarın dediyi kimi olsaydı, biz millət vəkilliyinə namizədliyi irəli sürülən ermənilərin dilindən barış mesajları eşidərdik”


Roma Papasının erməni soyqırımı ilə bağlı dediklərinə Türkiyə parlamentinə erməni namizədlər də hələlik münasibət bildirməyib. Yada salaq ki, 7 iyunda Türkiyə Böyük Millət Məclisinə keçiriləcək seçkidə iştirak edəcək 4 namizəd Garo Paylan (AKP), Markar Eseyan (AKP), Selina Doğan (CHP), Murat Mıhçı (HDP) milliyyətcə ermənidir. Oqtay Vuralın fikrincə, erməni namizədlər Roma Papasının çıxışını tənqid yox, təqdir edə bilər: “Hakimiyyət komandası belə bir görüntü yaratmaq istəyir ki, guya erməni millətindən olan namizədlər Türkiyədə tolerantlığın göstəricisidir. Sanki bununla ölkədə heç bir milli-dini ayrı-seçkilik olmadığını göstərməyə çalışırlar. Heç şübhəsiz, Türkiyədə yaşayan bir çox xalqlar kimi ermənilərin də parlamentdə təmsil olunmaq haqqı var. Hər bir vətəndaş kimi onların da seçmək-seçilmək hüququ təmin edilməlidir və edilir.  Nə mən, nə də mənsub olduğum Milliyyətçi Hərəkat Partiyası buna qarşı çıxmırıq. Ancaq məsələ iqtidarın dediyi kimi olsaydı, biz millət vəkilliyinə namizədliyi irəli sürülən ermənilərin dilindən barış mesajları eşidərdik. Nə yazıq ki,  onların namizəd kimi ilk açıqlamaları bölücülükdən, milli ədavətdən xəbər verdi. Namizədliyi irəli sürülən şəxslər Türkiyə dövlətinin deyil, öz milli maraqları üçün çalışacaqlarını bəri başdan açıq-aydın söyləyirlər. Milliyyətçi kəsim olaraq biz bu durumun fərqindəyik. Bizim digər partiyalardan irəli sürülən namizədlərin milliyyəti ilə bağlı xüsusi araşdırma aparmaq fikrimiz yoxdur. Bu, onların qərarıdır. Ancaq bu şəxslər öz niyyətlərini bu qədər aydın bildirirlərsə, bizim də bu məsələdə mövqe bildirməyimiz zərurəti meydana çıxır. Biz bu şəxslərin nə üçün, hansı mesajları vermək üçün siyasətin öz sıralarına çıxarıldığını aydınlaşdırmaq istəyirik. Milliyyətçi Hərəkat Partiyası olaraq biz düşünürük ki, Türkiyə dövlətin maraqlarına xidmət etməyən, məqsədi bu dövlətin və toplumun dayaqlarının zəifləməsi olan şəxslərə meydan verilməsi Türkiyə dövlətini müəyyən məsələlərdə zəiflədə bilər. Ona görə də Türkiyə üçün həssas bir dönəmdə, ölkənin beynəlxalq güclərlə çarpışdığı günlərdə bu davranışları milli maraqlara uyğun görmürük”.

Aygün Muradxanlı, musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR