Müqavimət göstərən şəxslər isə Neft Şirkətinin mühafizəçiləri tərəfindən döyülürlər. Sakinlər isə deputatlardan, o cümlədən Milli Məclisin spikeri Oqtay Əsədovdan da narazılıq edirlər. Sitat: “Deputatımız Oqtay Əsədovun villasını niyə sökmürlər? Onun da villası Sulutəpədə yerləşir. Niyə spiker bizim problemimizlə maraqlanmır?”
Qəsəbə sakinləri deyirlər ki, Sulutəpə O.Əsədovun şəxsi mülki halına salınıb: “Burada hər şey Oqtay Əsədov və başqa məmurlar üçündür. Biz də Rövnəq Abdullayevdən soruşuruq ki, niyə Oqtay müəllimin də villası sökülmür? Məgər, onun da evi neftli ərazidə yerləşmir ki?”.
ARDNŞ-in Hüquq İdarəsinin rəisi Eldar Orucovun bu məsələyə münasibəti belə olub: “Bəzi şəxslər səlahiyyətlərindən istifadə edib tikinti aparıblarsa, bu bizə aid deyil. Onlar sənəd əldə ediblər. Bununla bağlı müvafiq qurumlar araşdırma aparmalıdırlar. Ümumiyyətlə, Neft Şirkətinin ərazisində yalnız kasıblar deyil, varlı insanlar da ev tikir. Amma qanunsuz tikililərin hamısı məhkəmə qərarı ilə söküləcək”.
Məsələyə MM-in spikeri Oqtay Əsədovun mövqeyin öyrənmək üçün parlamentin mətbuat katibi Akif Təvəkküloğlu ilə əlaqə saxladıq. O, “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bununla bağlı qəzetlərdə oxuyub, məlumatlıdır: “Ancaq mən bilmirəm burada məsələ nədir. Doğrudanmı Oqtay Əsədovun orada villası var? Bu barədə məndə məlumat yoxdur. Digər tərəfdən də, Sulutəpədə minlərlə ev var. Bu, o demək deyil ki, bütün evlər sökülməlidir. Söhbət Neft Şirkətinin ərazisindən, neft boruları üzərində tikilən gecəqondulardan gedir”.






