Opera müğənnisi zalda hicablı qadını görüb, oxumaq istəmədi
Fransa ictimai yerlərdə baş örtüyü ilə bağlı qadağanın qaydalarını aydınlşdıracaq.
"New York Times" qəzeti yazır ki, hökumət bütün mədəni qurumlara təlimat göndərəcək ki, ictimai yerlərdə bu qadağa nə deməkdir. Hökumətin bu aydınlşadırma qərarı opera teatrında baş verənlərlə bağlıdır. Opera Bastiliya teatrında Cüzeppe Verdinin “Traviata” operasına gələn bir qadına deyilib ki, ya baş örtüyünü açsın, ya da opera teatrını tərk etsin.
Paris Milli Opera Teatrının direktoru Tilli "Frans Press" agentliyinə deyib ki, bir sıra müğənnilər üzü bağlı tamaşaçı üçün oxumaq istəmədiklərini bildiriblər.
Həmin qadın isə televiziya monitoruna çox yaxın əyləşmişdi, onu tez-tez görmək olurdu.
Tamaşanın ikinci aktında məsələ artıq operanın direktoruna gedib çatıb, o da qadının ya çıxıb getməsini, ya da baş örtüyünü çıxarmasını xahiş edib.
Fransa 2010-cü ildə üzü tam bağlayan baş örtüyünü qadağan etdi və ilk belə Avropa ölkəsi oldu. “Burqa qanunu” adını alan bu qanun 2011-ci ildən qüvvəyə mindi, ancaq bu qanun hicabı və ya baş örtüyünü qadağan etmirdi. Muzeylərdə, teatlarda üzünü örtən şəxs 150 avro cərimə oluna bilər.
Ancaq rəsmilər deyirlər bu qanunu mümkün qədər az tətbiq etməyə çalışırlar ki, gərginlik yaranmasın.
Fransa Mədəniyyət Nazirliyinin nümayəndəsi adının çəkilməməsi şərtilə deyib ki, opera teatrındakı həmin qadından başqa hələ heç kimi ictimai yerdən uzaqlaşdırmayıblar.
Fransada İslamafobiya Əleyhinə Kollektiv adlı təşkilat isə bildirir ki, üz örtüyü qadağası qanununu yalnız polis icra edə bilər. Operanın tamaşaçıya “dur, get” deməyə ixtiyarı yox idi.
Parisin aparıcı teatrı olan "Theatre du Chatelet" isə bildirir ki, bu teatr həmin qanun qüvvəyə minəndən hələ heç bir tamaşaçını teatrdan çıxarmayıb. Ancaq teatrın sözçüsü Dager deyir ki, teatr ictimai yerdir, ona görə qanuna riayət etmək lazımdır.
Bastiliya operasında üzübağlı qadınlara yer olmadığına görə indi başıbağlılar Motsartın operasına baxmaq üçün Parisin digər teatrına - "Palais Garnier"ə gedirlər.






