OPEC baş katibindən bədbin proqnoz: “Neftin qiyməti 1 ilə qaydaya düşəcək...”
“Xam neftin qiyməti 2015-ci ilin sonu üçün bərpa olacaq”. Musavat.com-un məlumatına görə, belə bir açıqlamanı bu gün Abu-Dabidəki energetika sammitində jurnalistlərlə söhbətində OPEC-in baş katibi Abdulla Salem əl-Badri verib.
“Biz indi bazarın vəziyyətini adekvat qiymətləndirə bilmərik. 2015-ci ilin ikinci yarısını gözləmək lazımdır ki, görək bazar neftin belə aşağı qiymətinə necə reaksiya verəcək”, - deyə baş katib vurğulayıb.
Qeyd edək ki, az öncə Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suyhel Fərəc əl-Mazuri ümid etdiyini bildirib ki, dünya neft bazarında situasiya yaxın zamanlarda normallaşacaq. “Biz OPEC-in sabitləşmək üçün bazara vaxt verilməsi haqda qərarını bütünlüklə dəstəkləyirik” – bildirib nazir.
Musavat.com






