Əkrəm Həsənov: “Biz bu məsələdə təkcə böyük dövlətlərə yox, elə Rusiyaya, Gürcüstana da uduzuruq”
Pandemiya biznes strukturları üçün bir çox çağırışlar ortaya qoydu ki, onlardan ən mühümü elektron ticarət, onlayn alış-veriş, nağdsız ödəmələr istiqamətindədir. Bu səbəblə istər dünyada, istərsə də Azərbaycanda elektron ticarətə keçən biznes qurumlarının, o cümlədən çatdırılma xidməti ilə məşğul olan şirkətlərin sayı artdı. Bununla paralel olaraq, Azərbaycanda bu sahənin problemləri daha dərindən hiss olunmağa başladı. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün “Amerikanın Səsi”nə müsahibəsində səsləndirdiyi fikirlərə görə, əsas problemlərdən biri qanunvericiliyin köhnə olmasıdır: “Uzun müddət bundan öncə qəbul olunan elektron ticarətlə bağlı qanunvericilik var. Bu, kifayət qədər mühafizəkar bir qanunvericilikdir. Yəni cəmi bir dəfə buna vergi nöqteyi-nəzərindən dəyişikliklər olub. Xaricdən hansısa bir xidmətləri əldə edən vətəndaşlara 18 faizlik və yaxud 10 faizlik əlavə dəyər vergisinin tətbiq olunması ilə bağlı dəyişiklik edilib. Bu, əslində dolayısı ilə elektron ticarəti məhdudlaşdıran bir addım kimi dəyərləndirilə bilər”.
Gündüz onu da vurğulayıb ki, bəzi vətəndaşlar beynəlxalq satış şəbəkələrindən mal alarkən vergidən yayınmaq üçün xarici bankların kartları ilə alış-veriş edirlər. Bundan başqa, ekspert rəqəmsal satış şəbəkələrinin özlərinin ödəniş sistemlərini qurması ilə bağlı problemlər yaşadığını qeyd edib: “Rəqəmsal sahibkarlığın gücləndirilməsi ilə bağlı ciddi ehtiyac olan məsələlərdən biri uzun müddətdir müzakirə mövzusudur. Bəlkə də 7-8 ildən çoxdur ki, bizdə ödəniş xidmətləri və ödəniş servisləri ilə bağlı qanun qəbul oluna bilmir. Yəni bununla bağlı qanunvericilik məsələsini gündəmə gətirmək Mərkəzi Banka tapşırılıb. Burada söhbət alternativ ödəniş sistemlərinin hazırlanmasından gedir. Ödəniş xidmətlərini aktivləşdirmək. Rəqəmsal bankçılığı aktivləşdirmək. Çünki elektron ticarətin, rəqəmsal sahibkarlığın söykəndiyi yer bankdır. Gərək bank açıq olsun, buna cavab versin. Bunun üçün də qanun olmalıdır. Hələlik bankçılıq sektorunda ənənəvi metodlar üstünlük təşkil edir. Yəni bir mühafizəkarlıq var. Avropada açıq bankçılıq var. Deyək ki, hansısa bir startap, hansısa bir özəl şirkət bankın xidmətindən istifadə edib onun üzərində bir sistem qura bilər”.

Əkrəm Həsənov
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Əkrəm Həsənov da vurğuladı ki, Azərbaycanda pandemiya daha çox karqo şirkətlərinin sayının artmasına səbəb oldu: “Bizdə bu sahənin statistikası yoxdur, müşahidələrimiz əsasında onu deyə bilərik ki, son 1 ildə daha çox daşıma şirkətləri inkişaf etdi. Hər şeyin çatdırılması üçün xidmət var, pul, yemək, bağlama və sair. Elektron ticarətdə də artım var. Pandemiyadan öncə də rəqəmsal fəaliyyət göstərən şirkətlər var idi, son 1 ildə də bağlanan sahələrin bir çoxu elektron satışa keçdilər. Lakin bu, Avropa ölkələrindəki sistemə çata bilməz. Bu da ilk növbədə onunla bağlıdır ki, Azərbaycanda rəqəmsallaşma məsələsi zəifdir. Təsadüfi deyil ki, bu yaxınlarda Azərbaycanda nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri dəyişdi. Səbəblərdən biri də Azərbaycanda rəqəmsallaşmanın zəif olması, internetin keyfiyyətinin aşağı olması idi. Bu yaxınlarda Prezident İlham Əliyev ”Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Fərman imzalayıb. Yəqin ki, bu məsələnin davamı da olacaq. Biz bu məsələdə təkcə böyük dövlətlərə yox, elə Rusiyaya, Gürcüstana da uduzuruq. Bizdə bu texnologiyalar zəifdir. Heç bizdə internet bankçılıq normal deyil. Banklar bu sahədə ən qabaqda gedən kommersiya qurumlarıdır, heç onlarda da rəqəmsallaşma normal deyil. Bizdə İKT sahəsi, internetin səviyyəsi normal deyil. Hansı birimiz nəinki evdə, iş yerində internetin səviyyəsindən razıyıq? Razı deyilik. Adi normal sürətli internetlə təmin olunmamışıqsa, elektron ticarətin sürətli artımını gözləmək düzgün olmazdı və yoxdur. Bu sahədə qanunvericilik bazasını da inkişaf etdirməliyik. Ümumilikdə rəqəmsal ticarətdə nisbi artım olsa da, bu sahənin tam inkişafından danışmaq tezdir. Bundan başqa, bizim insanların bu sahəyə inamı da azdır, bu vərdişlər yaranmayıb. Daha çox gözümlə görüm, sonra alım-deyə bir yanaşma var. Onlayn ticarətdən bir qədər çəkinirik. Dövlət qurumları çox güclü iş aparmalıdır ki, Azərbaycanda bu sahə inkişaf etsin".
Vergilərin tutulmasına gəlincə, Ə. Həsənov bildirdi ki, vergi əsasən xaricdən alınan hər hansı xidmət növünə görə tutulur, lakin bu məsələdə də xeyli problemlər var: “Bu barədə şikayətlər bir ara artmışdı və vətəndaşlar bildirirdilər ki, xaricdən mal alarkən kartdan əlavə pul tutulur. Qanunvericiliyə edilən son dəyişikliyə görə, xaricdən elektron ticarət vasitəsilə alınan iş və xidmətə görə, yalnız aviabilet və mehmanxana xidmətləri istisna olmaqla, banklar ƏDV tutmalıdır. Lakin banklar uzun müddət bunu etməyiblər, indi edəndə isə problem yaranır. Mən vətəndaşam və bank kartı vasitəsilə xarici şirkətlərdən alış həyata keçirirəmsə, o zaman bank mənim mal, yoxsa xidmət aldığımı və ya aviabilet aldığımı dərhal müəyyən edə bilmir. Yəni qanunvericilik tam təkmil deyil”.
Hüquqşünas vurğuladı ki, elektron ticarətdə istehlakçı hüquqlarını qoruyan xüsusi bir qanun yoxdur: “Yalnız 90-cı illərdə qəbul olunan istehlakçı hüquqları ilə bağlı bir qanun var. Lakin bu qanun çox köhnədir və sonrakı illərdə hər hansı dəyişiklik edilməyib. 90-cı illərdə isə elektron ticarətlə bağlı indiki imkanlar yox idi və qanunda bu müasir texnologiyaların əks olunmasına ehtiyac var. İstehlakçıların onlayn ticarətə şübhə ilə yanaşmasının da səbəbi budur.
Hazırda məndə olan bir məhkəmə işi var. Orada müştərininin bank kartından bir neçə ay ərzində 10 min avrodan çox pul çıxarılıb, elə gün olub ki, 25 dəfədən çox pul çıxarılıb. Lakin bank bu durumdan şübhələnməyib, müştəriyə SMS göndərməyib, xəbərdarlıq etməyib. İndi bank kart şirkətinin üstünə atır, şirkət də bankın. Heç kim müştərinin pulunu vermək istəmir. İş məhkəmədədir. Xaricdə bu məsələ heç məhkəməyə çıxmazdı, bankın müştəri qarşısında SMS öhdəliyi var və onu icra etməyib. Müştərinin kartından xəbəri olmadan pul çıxarılır və müştəri bankın günahını sübut edə bilmir. Bu cür hadisələri eşidənlər əlbəttə ki, elektron ticarətdən, nağdsız hesablaşmalardan qaçırlar".
Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”






