“Onlar yenilikçi fəlsəfəni qəbullana, buna ayaq uydura bilmədilər”
- Azərbaycanın iqtisadi durum ilə bağlı düşüncələriniz nədən ibarətdir?
- Bildirmək istəyirəm ki, bu gün Azərbaycan iqtisadiyyatı öz potensialının çox altında qalır. Bu gün ölkə iqtisadiyyatı azad bazar iqtisadiyyatının demək olar ki, heç bir prinsipini özündə əks etdirə bilmir. Ölkə iqtisadiyyatının inkişafı üçün ən müəyyənedici atribut olan azad sahibkarlıq və azad təşəbbüskarlıq üçün demək olar ki, bütün imkanlar məhdudlaşdırılıb. Ölkədə iqtisadiyyatın bütün əsas sahələri müxtəlif siyasi statusu olan adamların monopoliyasına alınıb, müxtəlif oliqarxların kurasiyasında olan bəlli sektorlar var ki, kiçik və orta sahibkar olaraq ora daxil olub uğur qazana bilməzsən. Həmin bu oliqarxlar ya da onların işlərini görənlər isə bacarıqlı biznesmenlər olmadığından ölkə iqtisadiyyatı brendləşmə sahəsində çox geri qalır, faktiki olaraq dünya bazarına rəqabətə dözümlü məhsul çıxara bilmirik. Dünyanın bütün ölkələrində iqtisadi inkişafın təməlində rəqabət qabiliyyətliliyi yüksək olan kiçik və orta sahibkarlıq müəssisələri durur. Bunun üçün kiçik və orta istehsalat müəssisələrini sıxışdıran əngəlləri aradan qaldırmaq lazımdır, kredit bazarında islahatlar aparılmalı, sahibkarlar üçün sərfəli faiz dərəcəsində geniş maliyyə imkanları yaradılmalı, eyni zamanda, bu maliyyə çatışmazlığını aradan qaldırmaq məqsədilə səhm bazarı anlayışı da ölkədə inkişaf etdirilməlidir, sahibkarların fəaliyyətinə çətinlik törədən inzibati maneələri aradan qaldırmaq lazımdır. Saydığım bu bir neçə atılmalı addım, qısacası, şəffaflığın hökmran olduğu azad rəqabətli bazar mühiti ölkə iqtisadiyyatını sadəcə neft çıxarıb satmaqdan qurtarıb, dəyər ortaya qoyan iqtisadiyyata çevirə bilər. Dediyim bu addımların atılması isə hazırkı iqtidara, onun oliqarxlarına sərf etmədiyindən, biz sadəlövhcəsinə onlardan bu addımları gözləmirik. Müsavat Partiyası hökumət formalaşdırdığı dövrdə ölkə iqtisadiyyatında köklü islahatlara gedəcək, yuxarıda qeyd etdiyim problemlərin həllinə çalışacaq, Avropa azad iqtisadi məkanı ilə inteqrasiyaya çalışacaq.
- Bakının “Sovetski” adlandırılan məhəlləsində əhali evlərin sökülməsinə və verilən kompensasiyaların azlığına etiraz əlaməti olaraq aksiya keçirdi. İnsanlar etiraza qalxdı. Bu günə qədər dəfələrlə elə hadisələr olub. Bunların olmaması üçün nələr edilməldir?
- Bu hadisələrin də kökündə müasir dünya düzənində insanın ən təməl hüququ olan mülkiyyət hüququnun pozulması dayanır. İnsanlar hesab edir ki, bu evlərin sökülməsi müqabilində onlara təklif edilən ödəniş sərfəli deyil, bildirirlər ki, bu məbləğə alternativ bir yaşayış yerinə sahib olmaq çox çətindir. Ona görə haqlı olaraq, hökumətdən əmlakın real dəyərini tələb edirlər. Hökumət isə görünür ki, bu məsələdə də buna bənzər öncəki hadisələr kimi, xalqa güzəşt edərək geri addım atmaq fikrində deyil. Maraqlıdır ki, digər dövlətlərə - məsələn, bir müddət öncə Belarusya - astronomik məbləğlərdə maliyyə yardımı və güzəştləri edən hökumət öz insanının haqlı ödəniş tələblərinə etinasız yanaşır.
- Təşkilat sədri olduğunuz partiyanın iki funksioneri - Tofiq Yaqublu və Yadigar Sadıqov həbsdədirlər. Müsavat Gənclər Təşkilatı həm bu həbslər, həm də NİDAçı gənclərin həbsi ilə bağlı yeni hansı addımları atacaq?
- Azərbaycanın ən ağrılı problemlərindən biri də siyasi məhbuslar problemidir. İl-ildən bu məsələ daha da dəhşətli xarakter almağa başlayır. İqtidar son dövrlər böyük güc mərkəzi kimi formalaşan fəal gənclər hərəkatını da hədəf seçməyə başladı. Bu baxımdan burada NİDA hərəkatını xüsusi fərqləndirmək lazımdır. Hökumət həddindən artıq əsassız və qurama ittihamla bu gəncləri həbs etdirib. Azərbaycan bu gün siyasi məhbusların aşağı yaş həddinə görə dünyada rekorda iddialıdır. 21-ci əsrdə 17 yaşlı gənci siyasi motivlərlə həbs edirlər. Yeni dönəmdə hökumət artıq başa düşür ki, sovetdənqalma dəyərlərin, eyni zamanda, məntiqsiz mental dəyərlərin istismarı metodu ilə yeni yetişən savadlı və müasir dünyanın parçası olmağa iddialı gənclərlə dil tapa bilməyəcək, onlara bu dəyərlərin mübarizəsi meydanında məğlub olacaq. Onun üçün də yaş həddi gözləmədən, böhtanlarda sərhəd tanımadan gənclərə güc nümayiş etdirməyə başlayıb. Ancaq hər bir halda, tarixi məntiqin dediyi kimi sonda haqlı olan qalib gələcək.
Siyasi məhbuslar məsələsini müzakirə edərkən, Müsavat başqanın müavini Tofiq Yaqubluya, başqanın müşaviri Yadigar Sadıqova xüsusi diqqət ayırmaq lazımdır. Hər iki siyasətçi tamamilə qurama və hüquq tariximizə biabırçılıq kimi həkk olunacaq ittihamlarla həbs ediliblər. Tofiq Yaqublunun və onunla eyni ittiham maddəsi ilə günahlandırılan siyasətçi İlqar Məmmədovun hadisəylə yaxından-uzaqdan əlaqəsi yoxdur. Sadəcə hökumət öz yerli idarəçisinin özbaşınalığından doğan hadisənin məsuliyyətini Müsavat Partiyasının və REAL Hərəkatının sədri İlqar Məmmədovun üzərinə qoyaraq məsələni başqa məcraya çəkməyə çalışır.
Yadigar müəllimin işini daha yaxından izlədiyimdən isə bu proses haqqında, ümumiyyətlə, fikir bildirmək çox çətindir. Yadigar müəllim və hörmətli vəkili həmin proses boyu bütün ittihamları əsaslı şəkildə darmadağın edərək hakimiyyəti və onun hakimlərini bütün ölkəyə rüsvay etdilər. Lakin, son nəticədə, siyasi sifarişin verildiyi kimi, ittiham olunan məsələ üçün belə həddən artıq ağır cəza verildi.
- Digər gənclər təşkilatları ilə əməkdaşlığınız nə yerdədir?
- Müsavat Gənclər Təşkilatı olaraq ölkədə fəaliyyət göstərən, eyni zamanda, bizim hədəflərimiz və dəyərlərimizlə uzlaşan bütün təşkilatlarla əməkdaşlığa can atırıq. Çünki, başa düşürəm ki, ölkənin yaxşılığa doğru dəyişdirilməsi yolunda ən əsas faktorlardan biri də səmimi və eyni dəyərləri bölüşən bütün gənclərin və təşkilatlarının bir yerdə hərəkət etməsidir. Fürsətdən istifadə edərək buradan, ölkənin yaxşılığa doğru dəyişdirilməsi yolunda fəaliyyət göstərmək həvəsində olan bütün gənc dostları Müsavat Gənclər Təşkilatında təmsil olunmağa və yaxud da Müsavat Gənclər Təşkilatı ilə əməkdaşlığa çağırıram.
- “2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının boykot edilməsi üçün bütün resurslarımızı işə salacağıq”
- Müsavatçı gənclər niyə heç bir aksiya keçirmir, yoxsa planda aksiya keçirmək varmı?
- Aksiyalar siyasi mübarizə metodlarından biridir. Təbii ki, siyasətlə məşğul olursansa həmişə bu təsir vasitəsindən istifadə etməyə hazır olmalısan. Biz də uzun illər aksiya təcrübəsindən yararlanmışıq. Bundan sonra da yararlanacağıq. Təbii ki, səmərəliliyin təmin edilməsi şərti ilə.
Həbsdə olan vicdan məhbusu, partiya başqanının müavini Tofiq Yaqublu 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının boykot edilməsi üçün beynəlxalq ictimaiyyətə müraciət etmək təklifini verdi və müxalifət də bu təklifi dəstəklədi. Bu sahədə gənclərin də fikri maraqlıdır bizlər üçün.
Bilirsiniz ki, Müsavat Məclisi ilin son iclasında siyasi məhbuslar məsələsinin həll edilməsi üçün bir variantı müzakirə edib bəyanat formasında qəbul etdi. Təklifin mənbəyi hörmətli Tofiq Yaqublu idi. Bəyanatda hökumətə bildirilir ki, 2015-ci ildə birinci Avropa Olimpiya Oyunları keçirilənə qədər ölkədəki bütün siyasi məhbuslar azad edilməsə Müsavat Partiyası olaraq rəsmi Bakının ev sahibliyi edəcəyi bu tədbirin beynəlxalq miqyasda boykot edilməsi üçün bütün resurslarımızı işə salacağıq. Mən düşünürəm ki, bu vəziyyətdə hökumət üçün ən optimal çıxış yolu, zatən, saxta və qurama olan cinayət işlərinə xitam verməyidir. Bu yolla həmin tədbir zamanı Müsavat Partiyasının quracağı kampaniya nəticəsində artacaq beynəlxalq təzyiqdən yaxa qurtara bilərlər.
- Mayın 24-ü Müsavatın qurultayı olacaq, yeni başqan seçiləcək. Artıq bir neçə nəfər öz namizədliyini irəli sürüb. Müsavat Gənclər Təşkilatı qurultay haqqında hansı addımları atacaq?
- Qurultaya hazırlıq tam sürəti ilə davam edir. Mənim özüm də qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin işində iştirak edirəm. Deyə bilərəm ki, başqan da daxil olmaqla, təşkilat komitəsinin bütün üzvləri tezliklə qurultayımızı keçirməyə israrlıdır. Hələ ki, müəyyən etdiyimiz tarix may ayına təsadüf edir. Bu tarixdə qurultayın keçirilməsi üçün yer ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərilib. Müraciətə veriləcək cavabı gözləyirik. Hər hansı fövqəladə vəziyyət olarsa, bütün imkanlarımızı işə salaraq qurultayı ən yaxın zamanda keçirə bilməyimizə çalışacağıq. Başqanlıq seçimlərinə, hörmətli İsa bəyin nizamnamə gərəyi başqanlığa namizəd olmayacağı məsələsinə gəlincə, demək istərdim ki, İsa Qəmbərin Azərbaycan siyasətindəki önəmi yalnızca partiyada tutduğu statusla müəyyən olunmur. İsa Qəmbər 90-larda hərəkatın öndə olan ilk iki adamından biri olan zaman hər hansı partiyanın, yaxud da birliyin rəhbəri deyildi. İsa Qəmbər uzun illər Azərbaycan dövlətçiliyinə bu və ya digər statusda ən yüksək səviyyədə xidmət etmək imkanındadır. Hesab edirəm ki, siyasətimiz və xalqımız üçün olması gərəkən də budur. Yeni başqanın isə kim olmasından asılı olmayaraq, Müsavat Partiyası, müsavatçılar həmişə İsa bəyin ictimai sferada əsas dəstəkçisi olacaq. Müsavatçılar olaraq çalışacağıq ki, Müsavatın bu günə kimi sahib olduğu əsas və ən güclü siyasi qüvvə statusunu qoruyub saxlaya biləcək, eyni zamanda, bütün imkanlarını göz önünə gətirərək gücümüzə güc qata biləcək, Müsavatın mövcud elektoratından əlavə elektorat qazandıra biləcək və ən əsası yeni yetişən müasir gəncliyin də qəbul edəcəyi bir şəxsi partiyanın bir nömrəli postuna seçək.
- Müsavat Gənclər Təşkilatına sədr seçildiyinizdən bu günə qədər təşkilatın üzv olduğu gənclər arasında söz-söhbət səngimir. Bu nə vaxta kimi davam edəcək?
- Konfransımızdan sonra Müsavat Gənclər Təşkilatı fəlsəfəsi tam fərqli yeni nəsil gənclərin rəhbərliyi altında fəaliyyətə başladı. Bir neçə təşkilat üzvləri bu yenilikçi fəlsəfəni qəbullana, buna ayaq uydura bilmədilər. Yeni mərhələyə, yeni idarəçilik metodlarına və siyasi fəlsəfəyə adaptasiya ola bilməyən gənclər özlərini daha yaxşıya doğru dəyişmək əvəzinə təşkilatı, təşkilatın idarəçilik prinsipini hədəfə almağa başladılar. Bizim üçün sevindiricidir ki, biz bu keçid dövrünü, uzun müddət fərqli dünyagörüşün daşıyıcısı olanlar tərəfindən idarə olunan təşkilatı yeni və daha mütərəqqi mərhələyə keçirməyə çalışdığımız zaman itkiləri minimumda saxlaya bildik. Təbii ki, dünyanın bütün siyasi qurumlarında bu formada dəyişikliklərdən sonra fikir ayrılıqları, bəzən yol ayrılıqları baş verir. Mənə bir siyasi qurum göstərə bilməzsiniz ki, tarixinin hansısa mərhələsində qarşısına səmərəli fəaliyyət məqsədi qoyursa, hər hansı radikal təfəkkür dəyişikliyinə gedirsə, bu cür proseslər baş verməsin. Mən bütün səmimiyyətimlə, yolları bizlə ayrılan gənclərə şəxsi həyatlarında uğurlar arzu edirəm. Və hər kəsi əmin edirəm ki, bizim çıxdığımız bu yolda bir hədəfimiz var; işıqlı, firavan, hər kəsin, hər cür fərqlilik daşıyıcısının, hər cür yaş qrupundan olanların, hər irqdən, hər dindən, hər peşədən, hər millətdən olanların, bütövlükdə bütün vətəndaşlarımızın özünü xoşbəxt hiss edəcəyi Azərbaycanı qura bilmək.
Nərgiz Yaqublu






