İnsanlara hürriyət, millətlərə istiqlal!

Onlar yenidən üz-üzə - supergüc uğrunda iki qocanın savaşı...

1522 30.01.2024 10:24 Siyasət A A

Elşən Mustafayev: “Trampı seçki marafonundan kənarda qoymağa çalışırlar”

ABŞ-da bu il 5 noyabrda keçiriləcək sayca 60-cı prezident seçkisinə uzun müddət qalmasına baxmayaraq, indidən ciddi rəqabət başlayıb. Hazırkı Ağ Evin sahibi, demokrat Co Baydenlə keçmiş prezident, respublikaçı Donald Tramp arasındakı söz dueli durmadan artır. 

Hələ ki tam rəsmiləşməsə də, bu iki siyasətçi arasında seçki mübarizəsinin gedəcəyi gözlənilir. Çoxları Trampı daha şanslı görür. 88 yaşlı Baydenlə 84 yaşlı Tramp arasındakı seçimdə yaş faktoruna görə həm də ikinciyə səs veriləcəyi proqnozlaşdırılır. Amma onun üzərində də qara buludlar dolaşmağa başlayıb.

Tramp Manhettendə bir mağazada ona cinsi təcavüz etdiyini iddia edən qadın jurnalistə sosial şəbəkədə “hücum etdiyi” üçün daha 83,3 milyon dollar ödəməyə məhkum edilib.

Musavat.com "Euronews"a istinadən xəbər verir ki, Nyu-York məhkəməsinin verdiyi qərar o deməkdir ki, Tramp jurnalist və yazar E. Jean Kerrolla ümumilikdə 88,3 milyon dollar ödəməli olacaq.

Kerroll iddia edir ki, Tramp cinsi zorakılıq iddiasının qaralama olduğunu deyərək onun jurnalist kimi etibarını zədələyib.

ABŞ-ın keçmiş prezidenti isə bu qərara etiraz edib və Nyu-York məhkəməsinin qərarından apelyasiya şikayəti verəcəyini bildirib.

Qeyd edək ki, daha əvvəl Trampın ona qarşı cinsi zorakılıq göstərdiyini iddia edən Kerrol məhkəmədə qalib gəlib. Qadın jurnalist mətbuat katibi vasitəsilə verdiyi açıqlamada deyib: “Bu, yıxılanda ayağa qalxan hər qadın üçün böyük bir qələbədir və buna cəhd edən hər zorba üçün böyük bir məğlubiyyətdir”.

Tramp isə günün əvvəlində dinləmələrdə iştirak edib, lakin Kerrolun vəkilinin yekun arqumentləri zamanı məhkəmə zalını tərk edib. O, öz vəkilinin yekun çıxışı və bəzi müşavirələr üçün qayıdıb, lakin hökmün oxunmasına yarım saat qalmış məhkəmə binasını tərk edib.

“Mütləq cəfəngiyyatdır! Hüquq sistemimiz nəzarətdən çıxıb və siyasi silah kimi istifadə olunur”, - o, qısa müddət sonra açıqlamasında deyib.

Bu açıqlamadan sonra Kerrol yenidən məhkəməyə müraciət edərək, Trampın onun haqqında qaralama kampaniyası apardığını bildirib və məhkəmədə qalib gəlib.

Hazırda Tramp 2020-ci il prezident seçkilərini ləğv etməyə cəhddə, məxfi sənədlərlə səhv davranmaqda və pornoulduza rüşvət verməkdə ittiham olunur, ümumilikdə isə 91 ittihamla üz-üzədir. Göründüyü kimi, ittihamların sayı kifayət qədər çoxdur. Bütün bunlar isə Trampın namizəd kimi yolunu kəsə də bilər. Hazırda əsas yaranan suallardan biri də budur ki, bu ittihamlar Trampın namizədliyə doğru gedən yolunu kəsə bilərmi?

Ekspertlər Trampın şanslarının çox olmasına səbəb kimi onun verdiyi vədləri də önə çəkirlər. Xüsusilə Trampın qalib gələrsə, dünyadakı münaqişələri həll edəcəyi barədə verdiyi vədin insanlara daha cəlbedici gəldiyi qeyd olunur. 

Tramp seçilərsə, III Dünya müharibəsinin qarşısını ala biləcəyinə əmin olduğunu bildirib.

“Cebhe.info” xəbər verir ki, yanvarın 23-də Respublikaçıların ilkin seçkilərinin keçiriləcəyi Nyu-Hempşirdə tərəfdarlarına müraciət edən Tramp “III Dünya müharibəsinin qarşısını alacağam” deyib.

Rusiya ilə Ukrayna arasında dəhşətli münaqişənin həllini təmin edəcəyini deyən Tramp əgər 2022-ci ilin əvvəlində ABŞ prezidenti olsaydı, silahlı münaqişə heç başlamazdı deyə bildirib. 

Trampın sözlərinə görə, ABŞ-da “zəif adamın prezident olması” Ukrayna və Qəzza zolağında münaqişələrdən qaçmaq imkanını aradan qaldırıb.

Xatırladaq ki, Tramp bundan əvvəl Baydeni Amerika tarixinin ən pis prezidenti adlandırmışdı.

“Bayden ölkəyə qeyri-qanuni yolla gələn mühacirləri dayandırmır, amma Ukraynaya milyardlarla dollar göndərir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Tramp deyib. O, Co Baydenin rəhbərlik etdiyi hazırkı ABŞ administrasiyasını qeyri-qanuni mühacirlərin axınını dayandırmağa kömək etmədiyinə görə qınayıb: “Bayden tərəfindən irəli sürülən sərhəd təhlükəsizliyi razılaşması çərçivəsində Ukraynaya və digər ölkələrə göndərilən milyardlarla dollar qeyri-qanuni miqrasiyanın qarşısını almaq məqsədi yox, əksinə, Amerikanın işğalını davam etdirmək məqsədi daşıyır”.

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini – Azərbaycan Milli İstiqlal Partiyası

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev Respublikaçıların yenidən hakimiyyətə qayıdacaqlarını düşünür: “ABŞ-da keçiriləcək prezident seçkisində iştirak üçün keçirilən ilkin seçkilərdə Demokratlar Partiyasından Josef Baydenin, Respublikaçılar Partiyasından isə Donald Trampın favorit olması bu seçkilərin gərgin keçiriləcəyini göstərir. Əslində Demokratlar keçən seçkidən dərhal sonra Trampın siyasi karyerasını bitirmək üçün hərəkətə keçmişdilər. Ona qarşı ittihamlar irəli sürüb məhkəmə predmetinə çevirməyə çalışırdılar. Burada müxtəlif istiqamətli günahlandırmalar var idi. Seçkidən sonra Vaşinqtonda baş verən etirazlar, Konqresə hücumlar, Rusiya ilə əlaqələr, qadına qarşı təcavüz ittihamı və s. Amma güclü müdafiə qurulduğundan bu ittihamların heç birini sübut edə bilmədiklərinə görə təkrarən yeni ittihamlar, yeni faktlar irəli sürməyə başladılar. Hazırda görünən odur ki, irəli sürülən ittihamlar təsdiqini tapmadığından Trampın şansları daha da artır. Keçən seçkilərdən bu günə qədər davam edən bu proses ölkə əhalisi arasında Trampın mövqelərini daha da möhkəmlədib və haqlı tərəfə çevirib. Digər tərəfdən, Trampın uğurlu perspektivi olmasaydı, Respublikaçılar Partiyası ilkin seçkilərdə onu önə çıxartmazdı. Keçən seçkilərdə qərarsız olan və son anda Baydenin xeyrinə səs verən seçicilərin əksəriyyətində ciddi peşmanlıq yaranıb və böyük ehtimalla həmin təbəqə bu seçkilərdə fərqli səs verəcək. O səbəbdən Demokratlar əllərində olan bütün resurslardan istifadə etməklə son gücləri ilə Trampı seçki marafonundan kənarda qoymağa çalışırlar. Çünki bütün sorğular bu iki namizədin seçkiyə qatılacağı halda Baydenin uduzacağını göstərir. Hazırda seçkini uda biləcək digər namizədin hazırlanmasına isə vaxt yoxdur. Eyni problem Respublikaçılara da aiddir. Əgər Trampın namizədliyinin qarşısı məhkəmə vasitəsilə alınarsa, onu əvəz edəcək və qələbə qazanacaq namizəd yoxdur. Buna baxmayaraq, ölkə daxilindəki mütəxəssislər bu seçkilərin məhz Bayden və Tramp arasında keçəcəyinə əminliklərini bildirirlər. Bu halda isə nəticələri də artıq deyənlər var. Yəni böyük ehtimalla bu seçkilərdən sonra Respublikaçılar yenidən hakimiyyətə qayıdacaqlar. Bunu mümkün edən bir çox faktorlar var. Bayden administrasiyasının gördüyü işlər onlara səs verən seçicilərin bir hissəsini çox məyus edib. Tramp dönəmində seçki kampaniyasında söz verdiyi kimi ölkə daxilində miqrantlarla bağlı ciddi işlər görülsə də, hazırda bu sahədə böyük problemlər yaşanır, əhalinin iqtisadi durumunda əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq eniş var. Rusiya-Ukrayna müharibəsinə milyardlarla vəsait xərcləməsinə baxmayaraq, hələ də uğurun qazanılmamasının ABŞ-ın supergüc imicinə zərbə vurduğunu hesab edən böyük bir kəsim var ki, onların da mövqeyi artıq indidən məlumdur. Digər bir təbəqə hər iki qoca liderdən enerjisinə görə, məsələlərə yalnız ABŞ dövləti və əhalisinin marağından yanaşdığını bəyan etdiyinə görə Trampa üstünlük verməyə məcbur olacaq”.

Ekspert Amerikanın yeni gənc, yaxud orta yaşlı siyasətçi yetişdirməkdə qıtlıq çəkdiyi barədə deyilən fikirlərlə razılaşmır: “Bütün bunlar o anlama gəlməməlidir ki, ABŞ-da bu iki qoca namizəddən başqa ortaya çıxacaq namizəd yoxdur. ABŞ elə bir dövlətdir ki, istəsə, böyük kütlə tərəfindən tanınmayan bir siyasətçini önə çıxarıb prezident seçə bilir. Amma hazırda situasiya fərqlidir. Birincisi, Baydenin özü ikinci dəfə seçilməyə qərar verib. Adətən bir dəfə seçilən prezident qarşısını kəsən ciddi maneə olmadığı halda həmişə ikinci müddətə də namizədliyini irəli sürür. Maraqlısı isə odur ki, Demokratlar namizədlərinin seçkini udmaq şansının açıq-aşkar zəif olduğunu bilə-bilə da bu addıma gediblər. Belə bir halda Respublikaçılar önə Trampı çıxartmaqla əhaliyə revanş mesajı veriblər və onlardan dəstək istəyiblər. Yəni hər iki partiya istəsə idi, bir neçə uğurlu namizəd çıxara bilərdi. Amma hazırkı vəziyyətdə planın bu şəkildə işləməsinə qərar verilib. Dediklərimin daha artığını, yəni namizədlərin zəif və uğurlu cəhətlərini seçkiləri idarə edənlər yaxşı bilirlər. Görünür, hər tərəf özü üçün uğur gətirəcək taktikanı artıq müəyyən edib. Hesab edirəm ki, Demokratların əsas hədəfi ittihamlarla Trampı seçki marafonundan kənarda qoymaqdır. Bu alınmasa, o zaman əsas seçki kampaniyası dövründə, canlı debatlarda əhalinin həssas hesab etdiyi məsələlərlə Respublikaçıların üzərinə gediləcək. Təbii ki, qarşı tərəf də həm müdafiəsini, həm də hücumunu maksimum təşkil edəcək. Düşünürəm ki, Tramp əsas namizəd olaraq seçki marafonuna qoşulacaq və seçkinin taleyini həll edəcək. Bu halda ABŞ-ın xarici siyasətində nəzərəçarpacaq dəyişikliklər gözlənilir. Bu o demək deyil ki, Tramp seçiləcəyi halda Rusiya ilə barışacaq, Yaxın Şərqdəki maraqlarından geri çəkiləcək. Hesab edirəm ki, əksinə, bu istiqamətdə daha operativ qərarlar verəcək və ən əsası ABŞ-ın maraqlarını güdməklə nəticələr almağa çalışacaq. Nəzərə almaq lazımdır ki, Tramp həm də təcrübəli və böyük uğurları olmuş biznesmendir. Böyük biznes adamlarının siyasətə baxışı isə daha praqmatik olur”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR