Aydın Mirzəzadə elə beləcə də deyib: “Azərbaycandakı bütün telekanallar müxalifətindir”. Bəxtəvərliyə baxın! Odur ki, YAP-çı deputat müxalifətin televiziyada çıxış etməsində problem görmür. Yalanı ünsiyyət tərzinə çevirmiş yaparteid (ifadə Eynulla Fətullayevindir) bir tərəfdən deyir ki, ölkədə müxalifət yoxdur, digər tərəfdən də deyir bütün telekanallar müxalifətindir. Elə bil bu yazıqlara heç nə qalmayıb.
Amma bizim müxalifət televiziyasız qalsa yaxşıdır, ona haqq olur! İllərlə çarpışıb İctimai Televiziya açdırdı, onu da hakimiyyət nəzarətə götürdü. Yenə illərdir deyirik ki, gəlin bu İTV-ni məhkəməyə verək, ya onun veriliş tərzini dəyişdirsinlər, ictimaiyyətə vaxt versinlər, ya da bu kanalı tamam bağlasınlar. Vaxtında cəhd olsaydı, bəlkə də Avropa Məhkəməsinin qərarı çıxmışdı.
Aydın Mirzəzadə deyib ki, o, müxalifəti televiziyada görür. Amma biz görmürük...
YAP-ın özəl yalan danışmaq modeli var. Söz tərs dönən kimi belə deyirlər, biz belə hesab etmirik. Biz belə görürük. Biz belə hesab edirik. Bəs gerçəklik necədir?!
Jurnalist araşdırmaları nəticəsində bəlli olub ki, 64 min manata tikilmiş sinif otağında oxuyan şagirdlərdən heç kim ali məktəbə girməyib. Ümumiyyətlə, bölgələrdə təhsilin səviyyəsi bu rəqəmlərdə daha qabarıq ortaya çıxır. Qusarın 44 məktəbinin 22-də bir nəfər də olsun ali məktəbə daxil olmayıb. Bunlar arasında təzə tikilmiş məktəblər də var.
İzah istəyəndə YAP-ın yalan danışmaq modeli işə düşür. Misir Mərdanovun mətbuat nümayəndəsi Bayram müəllim nə desə yaxşıdır? Deyib ki, təhsilə qoyulmuş investisiyanın effekt verməməsi barədə iddialar doğru deyil: “Düzdür, bölgələrdə problem var, amma bu, müəllim çatışmazlığı ilə bağlıdır”.
Daha nə oldu ki? Müəllim yoxdur, yeni məktəbi niyə tikirsiniz? Niyə yoxdur müəllim? Niyə müəllim işləmək istəmirlər? Amma bu sualları verəndə sözü başqa səmtə çevirirlər. Ən pis halda belə deyirlər: biz ciddi problemlər görmürük.
İran saytlarının biri bu yaxınlarda bizim universitetləri lağa qoyub: “Son iki ildə ölkənin şimal-qərb əyalətlərindən olan çoxlu gənc ali təhsil almaq üçün elmi səviyyəsi İran və bölgə ölkələri universitetlərindən aşağı olan Azərbaycan universitetlərinə gedib. Aparılan tədqiqat və sorğulara görə, bu ölkənin ali təhsil ocaqları keyfiyyət baxımından İranın aşağı dərəcəli özəl universitetlərindən də geri qalır”.
Bəlkə yalan deyirlər? Amma hakimiyyətdən kimi dindirsən deyəcək ki, o bu fikirləri bölüşmür.
Bəli, bizim çoxlu qazımız var, iqtidar sahibləri neft pullarımızla öyünməkdən yorulmurlar. Bəs niyə bizim səhiyyəmiz yoxdur?
Bizim xəstələnən camaat müalicə üçün hətta İrana üz tutur. Adamlar buradakı diaqnozlara ən azı Rusiyada təkrar təsdiq almazsa, inanmırlar. Bəs niyə bircə xarici vətəndaş müalicə üçün Azərbaycana gəlmir? Susqun səhiyyə nazirini dindirsən deyəcək ki, o, Azərbaycan səhiyyəsinin zəif olduğunu düşünmür. Vəssalam. Bunlar elə düşünmürsə, deməli, elə deyil.
***
Barak Obamanın nənə vətəni Keniyanın bir prezidenti deyib:
- Qərblilər bizim ölkəyə gəldikdə onların əlində İncil, bizim əlimizdə torpaqlarımız vardı. Bizə gözümüzü yumub dua etməyi öyrətdilər. Gözümüzü açanda isə bizim əlimizdə İncil, onların əlində torpaqlarımız vardı.
Bir türk jurnalisti isə yazmışdı:
- AKP gələndə əlimizdə özgürlük, laiklik və cümhuriyyət vardı. Bizə kömür verdilər, aş evində yemək verdilər, gözümüzü qapayaraq səs verməyimizi istədilər. Gözümüzü açdıqda isə başımızda türban, üzümüzdə saqqal, onların əlində isə para, iqtidar vardı.
İnsafən, YAP gələndə bizim çox az şeyimiz vardı. İndi çox şeyimiz var, hamısı da dərd, problem, yalan. Həm də heç gözümüzü qapamadılar, hər şey gözümüz baxa-baxa oldu.






