|
“Mehriban Əliyevanın Fransa ilə əlaqələrə cavabdeh olması həm Bakının, həm də Parisin maraqlarına cavab verir. Birinci ledi bir tərəfdən Azərbaycanı Fransada tanıtdırır, Parisdə Azərbaycan lobbisi formalaşdırmağa çalışır, eyni zamanda Fransanın Azərbaycandakı maraqlarının təminatçısı rolunda da çıxış etmiş olur” |
“Ollandın Cənubi Qafqaz səfərinə Bakıdan başlaması ciddi jestdir”
Fransa prezidenti Fransua Olland Güney Qafqaz turnesi çərçivəsində ötən gün Bakıya gəlib. Səfərin həm iki ölkə, həm də Azərbaycan-Avropa Birliyi arasındakı münasibətlərində hansı yeniliklər yarada biləcəyi haqqında suallarımızı analitik, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu cavablandırır:
- Fransa prezidenti Fransua Ollandın Azərbaycana başlayan rəsmi səfərini necə qiymətləndirmək olar?
- Birinci ondan başlayaq ki, Fransa prezidenti Fransua Olland Cənubi Qafqaza rəsmi turnesi çərçivəsində ilk olaraq Azərbaycana gəlib. Halbuki, Fransanın keçmiş prezidenti Nikola Sarkozi 2011-ci ildə Cənubi Qafqaza səfəri çərçivəsində ilk olaraq İrəvana getmişdi. Sarkozinin 3 il öncə Bakıya səfəri narazılıqlarla da yadda qalmışdı. Çünki Nikola Sarkozi Ermənistanda tam bir gün qalsa da, Bakıya gəlişindən cəmi iki-üç saat sonra Tiflisə yollanmışdı. Bu dəfə isə səfərin Bakıdan başlaması müsbət jest kimi qiymətləndirilə bilər. Əslində burada bir qədər qanunauyğunluq da var. Fransanın Cənubi Qafqaz ölkələri içərisində iqtisadi zəmində ən sıx münasibətləri olan ölkə Azərbaycandır. İqtisadi münasibətləri nəzərə alsaq, Ollandın səfərini Bakıdan başlaması məntiqlidir.
- Sizcə, Fransa prezidenti Bakıda hansı mövzuların müzakirəsinə üstünlük verəcək?
- Yəqin ki, əsas mövzular enerji və iqtisadi əməkdaşlıq, humanitar işbirliyi, Dağlıq Qarabağ münaqişəsi, insan haqları və Azərbaycan-Avropa Birliyi münasibətləri.
- Sizcə, Fransa üçün bu mövzulardan hansı daha önəmlidir?
- Sözsüz, enerji və iqtisadi əməkdaşlığın genişlənməsi. Azərbaycanla Fransa arasında iqtisadi əlaqələr təxminən 5 ildir ki, dinamik inkişaf edir. Azərbaycan prezidenti İlham Əliyev Avropa ölkələri içərisində ən çox Fransa ilə sıx iqtisadi münasibətlərin qurulmasına çalışır. Sarkozinin Bakıya səfərindən bir il sonra 2012-ci ildə Parisə gedən İlham Əliyev iki ölkə arasındakı qarşılıqlı ticarət həcminin 5 milyard dollara yaxınlaşdığını vurğulamışdı. İlham Əliyev Azərbaycanın enerji resurslarından asılılığını azaltmaq üçün iqtisadiyyatın digər sahələrinin inkişafını sürətləndirməyə çalışır. Bu məqsədlə Əliyev Fransa şirkətlərinin Azərbaycanın qeyri-neft sektoruna investisiya qoymalarına çalışır. Azərbaycan prezidenti Fransa şirkətlərini Azərbaycanda həm də podratçı kimi görmək istəyir.
Ancaq enerji əməkdaşlığında ara-sıra problemlər də yaranır. Bu sahədəki durumu “güllük-gülüstanlıq” kimi dəyərləndirmək də yanlış olardı. Fransa Azərbaycanda iki böyük şirkəti ilə təmsil olunur - “Total” və “GDF-Suez”. Bu iki şirkət Azərbaycanın uzunmüddətli tərəfdaşıdır. “Total” Fransa dövlətinin ən böyük vergi ödəyicilərindəndir. Ona görə də, Paris belə bir şirkətin Azərbaycanda qazanc əldə etməsində maraqalıdır. 3 il bundan əvvəl “Total” “Abşeron” yatağında 350 milyard kubmetr qaz kondensatı aşkar etmişdi. Buna baxmayaraq, son aylarda “Total” şirkətinin Azərbaycandakı fəaliyyəti ilə bağlı bəzi suallar yaranıb. Məsələn, bu ilin fevral ayında “Total” şirkətinin Xəzərdəki ən iri qaz layihəsi - “Şahdəniz”i tərk edəcəyi xəbəri yayıldı. Bunun arxasında nə dayandığı açıqlanmadı. Hətta iş o yerə çatıb ki, Azərbaycan Dövlət Neft Şirkəti “Total”ın payını almaq haqqında ciddi düşünür. Fransa şirkəti “Şahdəniz” layihəsində 10 faizlik paya malikdir. “Total” TANAP layihəsinə daxil olmaqdan da imtina edib. Ona görə də, İlham Əliyevlə Fransua Olland arasındakı görüşdə “Total” şirkətinin siyasəti müzakirə oluna bilər. Çünki əgər “Total” şirkəti Azərbaycandakı fəallığını azaldarsa, bu, Fransa-Azərbaycan enerji əməkdaşlığına mənfi təsir edəcək.
- Azərbaycan hakimiyyətinin Fransa ilə mədəniyyət əlaqələrini genişləndirməsinin arxasında siyasi səbəblər dayanırmı?
- Bəli, Fransa ilə Azərbaycan arasında humanitar və mədəniyyət əlaqələri ildən-ilə artır. Bu sahəyə Azərbaycan Parlamentində Azərbaycan-Fransa dostluq qrupunun rəhbəri Mehriban Əliyeva cavabdehdir. Onun rəhbərliyi ilə hər il Fransada sərgilər və Azərbaycan mədəniyyəti günləri keçirilir. Sarkozinin Azərbaycana səfəri zamanı Bakıda Fransız liseyinin təməlinin qoyulması da Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdi. İndi isə Olland bu məktəbin açılışında iştirak edəcək. Mehriban Əliyevanın Fransa ilə əlaqələrə cavabdeh olması həm Bakının, həm də Parisin maraqlarına cavab verir. Birinci ledi bir tərəfdən Azərbaycanı Fransada tanıtdırır, mədəniyyət əlaqələrini genişləndirir, Parisdə Azərbaycan lobbisi formalaşdırmağa çalışır, eyni zamanda Fransanın Azərbaycandakı maraqlarının təminatçısı rolunda da çıxış etmiş olur. Buna baxmayaraq, Mehriban Əliyevanın Parisin simpatiyası uğrunda Fransadakı erməni lobbisi ilə mübarizədə obyektiv olaraq üstünlük qazanması problematikdir. Hər halda Fransanı döyüşsüz erməni lobbisinə təslim etmək də olmaz.
- Fransua Ollandın Bakıda müzakirə edəcəyi mövzular içərisində Dağlıq Qarabağ mövzusu da var.Nə yenilik ola bilər?
- Əlbəttə, Fransua Olland ATƏT-in Minsk Qrupu həmsədr ölkəsinin prezidenti kimi Bakıda və Yerevanda Dağlıq Qarabağ münaqişəsinin həlli yolları haqqında danışacaq. Ancaq Ollandın münaqişənin həllində yeni nəsə təklif edəcəyini gözləmək çətindir. Yenilik o olar ki, Olland Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü Parisdə keçirməyi təklif etsin. Bu, müəyyən qədər bizim də maraqlarımıza cavab verir. Çünki Ukraynada baş verənlər qanlı olayların fonunda Dağlıq Qarabağ danışıqlarını Rusiyanın inhisarından qurtarmaq lazımdır.Əlbəttə, bu o demək deyil ki, danışıqlar ABŞ və ya Fransa ərazilərinə keçirilərsə, bu danışıqları uğura aparacaq. Hər halda, Vaşiqnton və Paris Rusiyanın Cənubi Qafqazda hansı dağıdıcı rola malik olduğunu anlayır və bunun qarşısını almağın yolları haqqında düşünür. Bu amilin özü belə bizim xeyrimizədir.
- Fransa prezidenti Azərbaycanda insan haqları və demokratiya mövzularından da danışacaq. Bir sıra ekspertlər bu səfərin siyasi məhbus probleminə də müsbət təsir edəcəyini deyir. Bu fikirləri bölüşürsüzmü?
- Ollandın Azərbaycana səfəri ərəfəsində Sülh və Demokratiya İnstututunun rəhbəri Leyla Yunusun həbs olunan jurnalist Rauf Mirqədirovla bağlı istintaqa cəlb olunması xoşagəlməz atmosfer yaratdı. Çünki Leyla Yunus Fransanın Fəxri Legionu ordeni alan iki Azərbaycan vətəndaşından biridir. Digər tərəfdən Ollandın Bakıda vətəndaş fəalları ilə görüşlərindən birinə Leyla Yunusun da adı salınmışdı. Son hadisələrdə hakimiyyətə yaxın deputatlar Fransa səfirliyinin adını tez-tez çəkirlər ki, niyə Leyla Yunusa bir günün içində 5 illik viza verilib və ya niyə səfir şəxsən onu hava limanına qədər yola salıb? Məncə, Fransanın Bakıdakı səfiri bilsəydi ki, Leyla Yunus prokurorluğa dindirilməyə çağırılıb, diplomat hüquq müdafiçəsini hava limanına qədər yola salmaqla adının bu xoşagəlməz olayda hallanmasına rəvac verməzdi. Bütün hallarda Olland İlham Əliyevlə görüşdə Azərbaycanda insan haqlarının durumunu detallı olmasa da, qısa şəkildə müzakirə edə bilər.
- Yəni düşünürsünüz ki, Fransa prezidenti konkret olaraq Leyla Yunus olayını İlham Əliyevlə müzakirə edəcək?
- Ollandın konkret olaraq Leyla Yunusun adını çəkəcəyini zənn etmirəm. Çünki Rauf Mirqədirovdan fərqli olaraq Leyla Yunus həbs olunmayıb, dindirilməyə çağırılıb. Olland insan haqları və demokratiya mövzusunu yalnız son olaya görə hallandırmayacaq. Azərbaycan 6 ay Avropa Şurası Nazirlər Kabinetinə sədrlik edəcək. Bununla əlaqədar olaraq açıqlama verən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakının əsas prioritetlərini bu şəkildə sadalayıb: “İnsan haqları, qanunun aliliyi və demokratiya”. Bu, həmin o 3 prinsipdir ki, Avropa Şurası bunlarla bağlı olaraq daima rəsmi Bakını tənqid edir. Belə olan halda rəsmi Bakının iki seçimi var. Birinci seçim odur ki, Azərbaycan hakimiyyəti Avropa Şurası Nazirlər Kabinetinə sədrlik etdiyi 6 ayda insan haqları, qanunların icrası və demokratiya sahəsində ciddi pozuntulara yol verməyəcək. İkinci seçim isə köhnə siyasətin davamıdır ki, bu halda rəsmi Bakı Avropa Şurası Nazirlər Kabinetinin sədri kimi daha çox təzyiqə məruz qalacaq. Olland da Bakıdakı müzakirələrdə çalışacaq ki, Avropa Şurası Nazirlər Kabinetinin sədri kimi Azərbaycan hakimiyyəti üzərinə götürdüyü məsuliyyəti anlasın.
- Fransa prezidenti Azərbaycan-Avropa Birliyi münasibətlərindən nə gözləyir?
- Rəsmı Bakının Avropa Birliyi ilə assosiativ saziş imzalamaması Parisdə suallar yaradıb. Sözsüz, Olland Bakıda “Azərbaycan niyə Gürcüstan kimi Brüssellə saziş imzalamır”, “Bakı Moskvanın təzyiqlərindənmi ehtiyat edir, yoxsa başqa amillər var” kimi suallara aydınlıq gətirməyə çalışacaq.Rəsmi Bakı Avropa Birliyi ilə assosiativ sazişdən üstün hansısa digər sənəd imzalamaq istəyir. Olland Bakının irəli sürdüyü bu sənədin əsas mahiyyəti haqqında Əliyevdən məlumat almaq istəyəcək.
- Olland Bakıdan sonra İrəvana gedir. Sizcə, Fransa prezidentinin Ermənistan hakimiyyəti ilə müzakirə edəcəyi əsas mövzu hansı olacaq?
- Fransa ABŞ kimi Ermənistanın Rusiyanın əlində oyuncaq dövlətə çevrilməsindən narahatdır. Ermənistan Rusiyanın quberniyasına çevrilib, Moskvadan nə əmr gəlsə, İrəvan onu yerinə yetirir. İrəvan Avropa Birliyi ilə assosiativ sazişi imzalamaqdan son anda imtina etdi. Ona görə də, Olland Ermənistan hakimiyyətinin Avropa Birliyi ilə hansı səviyyədə əməkdaşlıq qurmaq istəyini müəyyənləşdirməyə çalışacaq. Fransa prezidenti hətta İrəvanı mədəni surətdə xəbərdar edə bilər ki, İrəvan əvvəlkitək Moskvanın əlində alət olsa və Avropadan uzaqlaşsa, iqtisadi zəmində Ermənistanı çətinliklər gözləyəcək. Məsələ burasındadır ki, Ermənistan Rusiyadan siyasi və hərbi zəmində asılı olsa da, kreditlərin böyük əksəriyyətini Qərbin maliyyə qurumlarından alır. Demək, Olland İrəvana xatırlada bilər ki, İrəvan Qərbin maraqlarını Rusiyanın maraqlarına qurban verməməlidir.
Aygün MURADXANLI






