İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkənin bank sistemi çökür - ixtisar və filialların ləğvi gündəmdə...

7509 08.02.2014 22:04 İqtisadiyyat A A
Ölkənin bank sektoru ciddi təhlükələrlə üz-üzədir. Bir sıra bankların öz filiallarını bağlamağa qərar verdiyi bildirilir. Səbəb filiallarla daha çox kreditlərlə bağlı xidmətin göstərilməsi, bunun isə indi məhdudlaşdırılmasıdır. Ekspertlərin fikrincə, filialların bağlanmasına zərurət əsasən avtomobil kreditləşməsi dayandıqdan sonra yaranıb. Bir qayda olaraq banklar öz filiallarını müştərilərin sayının daha çox və təklif olunan xidmətlərə tələbatın yüksək olduğu bölgələrdə açırlar. Məqsəd xidmətlərə müştərilərilərin əlçatanlığını artırmaqdır. 

Kreditlərlə bağlı son dəyişiklikdən sonra isə vətəndaşların bu filiallara müraciətləri azalıb. Bu isə öz növbəsində bankların gəlirlərinin azalmasına səbəb olub. Artıq həmin filialların saxlanması bank üçün əlavə xərcə çevrilib. Nəticədə banklar öz fəaliyyətində struktur dəyişikliyi həyata keçirməyə başlayıblar. İqtisadçılar hesab edir ki, banklar öz xərclərinə qənaət etmək məqsədilə öz filiallarının sayını azaltmaqla yanaşı, həm də öz işçilərinin bir hissəsini ixtisar edəcək.

Ekspertlər bildirirlər ki, bu da banklarda ixtisarlara da səbəb olacaq. Çünki indiki vəziyyətdə banklar istənilən qədər kredit mütəxəssisi götürürdü. Bu işin mahiyyəti ondan ibarət idi ki, işə gəlmisənsə kredit götürəcək şəxs tap. Çərçivə daraldıqca bank öz işçilərinin də sayını azaldacaq. 

Ekspertlər bildirirlər ki, Mərkəzi Bankın kredit qadağası kommersiya təşkilatlarını çökdürür. Çünki son proseslər bank sektorunda iki mühüm dəyişikliklərin baş verməsinə səbəb olacaq - bank filialları bağlanacaq və iş yerlərinin sayı azalacaq. 
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin sözlərinə görə, həm bank filiallarının bağlanması, həm də işçilərin ixtisarı təhlükəsi realdır. Sadəcə olaraq, banklar hələlik gözləmə mövqeyindədir: “Bu təhlükə var. Təhlükə ondan doğur ki, bankların əsas qazancı istehlak kreditlərindəndir. Ölkə üzrə bu, 40 faiz təşkil edir. Yəni kredit portfelinin 40 faizi istehlak kreditləri hesabına formalaşır. Amma elə banklar var ki, onların kredit portfelində istehlak kreditlərinin payı hətta 80 faizə çatır. İstehlak kreditlərinin bir tərəfdən məhdudlaşdırılması, digər tərəfdən, avtokreditlərin verilməsinin dayandırılması xüsusilə də kredit portfelində istehlak kreditlərin payı yüksək olan banklar üçün çox böyük zərbə olacaq. Burada vəziyyət belədir ki, həmin banklar məhz daha çox kiçik banklardır. Ona görə də burada məhdudlaşdırma gətirib onlar üçün çətinlik yaradacaq, gəlirlərinin azalmasına gətirib çıxaracaq”.

S.Əliyevin sözlərinə görə, bu yumşalma onun nəticəsi idi ki, kredit qoyuluşu, yəni istehlak kreditləşməsi böyük həcmdə artmağa başladı. Təkcə 2013-cü ildə 2 milyard manata yaxın istehlak krediti yatırıldı. Bu sürət də getdikcə, ildən-ilə artırdı: “Ona gətirib çıxarmışdı ki, ölkədə kredit qoyuluşunun 40 faizi istehsala, biznesə yox, məhz istehlaka yönəldilmişdi. Üstəgəl avtokreditlərin dayandırılması vəziyyəti daha da gərginləşdirib. Güman ki, avtokreditlər fevralın sonuna, ən geci aprel ayına qədər bərpa edilə bilər. Bərpa edildikdə belə, əvvəlki kimi maşın krediti almaq asan olmayacaq. Avtokreditlər də çətinləşdiriləcək. Ölkədə elə bankar var ki, onlar demək olar, daha çox avtomobil kreditlərindən qazanırlar. Bu banklar daha çox zərbə alacaq”. 

Ekspert qeyd edir ki, istehlak kreditlərinin sərtləşdirilməsi bu bazardan gəlir götürən banklara çətinlik törədəcək, bankların gəlirlərinin azalmasına gətirib çıxaracaq: “Tələb olunan arayış müştərinin maliyyə gəlirlərini sübut edən bir sənəddir. Bu gün araşdırma onu göstərir ki, müştərilərin ən azı yarısı öz gəlirlərini sübut etmək imkanına malik deyil, insanlar qeyri-rəsmi yerlərdə işləyir və gəlirini sübut edə bilmir. Bəzilərinin rəsmi maaşı o qədər azdır ki, bank həmin müştəriyə istədiyi krediti verməz. Bütün bu amilləri nəzərə alsaq belə nəticəyə gələrik ki, müştəri kontingenti ən azı iki dəfəyə yaxın azalacaq. Hətta bu rəqəmin 60-70 faiz təşkil etməsi də mümkündür. Yerdə qalır 30-40 faiz müştəri və sayın azalması avtomatik olaraq bankların müştərilərinin azalması deməkdir. Deməli, az müştəri uğrunda sərt rəqabət gedəcək. Uyğun müştəri olmaması səbəbindən bank kreditlərinə tələbat azalacaq. Bu da bank gəlirlərini azaldacaq. Gəlir azalanda bankın iki yolu var, biri alternativ gəlir əldə etmək üçün yol axtarmaqdır. Bank öz xidmətlərinin çeşidini artırmalıdır. Sonra istehlak kreditləşməsindən digər sahələrə üz tutmalıdır, o cümlədən biznes kreditləşməsinə üz tutmalıdır. Banklar biznes kreditləşməsinə getməyə tələsmirlər. İri banklar ən yaxşı halda oraya girə bilər, kiçik banklar buna hazır deyillər. Demək kənar gəlir imkanları məhdudlaşır. Burada təbii ki, ikinci məsələ ortaya çıxır - xərclərin azaldılması. Bank gəlirlərinin azalmasını kompensasiya etmək üçün xərclərini azaltmalıdır. Xərclər azalanda bir tərəfdən ixtisarlar, o cümlədən filiallar bağlanması real olacaq. Artıq istehlak krediti vermək üçün götürülən işçilərin ixtisarı məsələsi gündəmə gəlir. Filiallar əksər hallarda onsuz da zərərlə işləyirdi, çünki 95 faiz kreditlər düşür Bakı və Bakı ətrafı regionun payına.. Cəmisi 5 faizi krediti regionlar verir. Regionlar onsuz da zərərlə işləyirdi, həmin filialların saxlanması sərf etmirdi. Ona görə də bu vəziyyət banklara əlavə stimul verəcək ki, banklar filialların bağlanması üzərində düşünsün. Hazırda ölkədə 43 bankın 700 filialı, 148 şöbəsi var. Onlardan 4 bankın ümumiyyətlə filial yoxdur. Filiallar əsasən paytaxt ətrafında cəmləşib. Məncə, filialların ixtisarı ilk növbədə bölgələrdə yox, paytaxtdan başlayacaq. Sonrakı mərhələdə banklar bölgələrə də keçə bilərlər.

Digər tərəfdən, bu addımlar əmanət bazarına da təsir göstərəcək. İstehlak krediti verməyə müştəri tapmayan banklar əmanət faizlərini aşağı salmalı olacaq. Martın sonlarına qədər banklar gözləmə mövqeyi tutacaq, hələ ki radikal addımlar atmayacaq. Amma əgər xüsusən avtokreditlər bərpa olunmazsa, yazdan sonra ixtisarları və filialların  bağlanmasını müşahidə edəcəyik”.  

Röya RƏFİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR