Ölkəni tərk edən sahibkar geri döndü və bu dəfə vətəndaşlıqdan imtina etdi
İki gün öncə “Amal-D” MMC şirkətinin rəhbəri Məmmədov Dönməz Abutalıb oğlunun Azərbaycanda ona edilən təzyiqlər səbəbindən ölkəni tərk edib, Gürcüstana getdiyi və orada aclıq aksiyasına başladığı haqqında məlumat vermişdik.
Yazının “Yeni Müsavat” qəzetində dərc edilməsinin ardından Dönməz Məmmədov adlarını çəkmək istəmədiyi dövlət məmurları tərəfindən ölkəyə dəvət olunub və ona problemlərinin həll ediləcəyinə dair söz verilib. Dönməz Məmmədov ölkəyə qayıtdıqdan sonra onun şirkətinə məxsus Bakı-Saray-Sumqayıt xətti üzrə işləyən 501 nömrəli marşrut avtobusları Nəqliyyat Departamentinin cərimə meydançasından buraxılıb, sürücülər eyni xətt üzrə fəaliyyətlərinə davam ediblər.
Bir sözlə, Dönməz Məmmədovun şikayəti təmin olunub və 501 nömrəli marşrut xətti bərpa edilib: “Mənim şikayətlərim təmin olundu, marşrutu bərpa etdilər və mənim əvvəlki kimi işlərim gedir. Bunun üçün “Yeni Müsavat” qəzetinə təşəkkür edirəm. İnsanların problemini dinləyib, onların həllinə yardımçı olduğunuz üçün çox sağ olun”.
Bu məlumatların ardından şikayətçi bildirdi ki, Gürcüstanda olarkən onun şirkətinə məxsus başqa bir marşrut xəttini əlindən alıb, başqa sahibkara veriblər: “Təəssüflər olsun ki, mənim şirkətimin istismarında olan 509 nömrəli marşrutu 4 gün əvvəl, mən Gürcüstanda aclıq aksiyası keçirdiyim zaman başqa bir şirkətə veriblər. Mənim şirkətimin 2017-ci ilə qədər Sumqayıt şəhər avtovağzalından “Binə” ticarət mərkəzinə qədər olan bu xətt üzrə işləmək üçün lisenziyası var. Avtobuslar da təzə avtobuslardır, 8 avtobus bu xətt üzrə işləyirdi. İndi onlar Sumqayıt avtovağzalına buraxılmır. Sumqayıt şəhər avtovağzalının işçiləri və Bakı Şəhər Nəqliyyat Departamenti mənim şirkətimə məxsus avtobusları avtovağzala girməyə qoymayıb. Kənar şirkətin maşınlarını isə avtovağzala buraxırlar. Onu da deyim ki, 509 nömrəli marşrutun sərnişinlər də yeni şirkətin avtobuslarından narazıdır. Bizim avtobuslar daha geniş idi. Mən anlamıram ki, bu cür özbaşınalıq kim tərəfindən edilir. Mənim xəbərim olmadan şirkətimə məxsus olan marşrut başqa bir iş adamına necə verilə bilər?”
Dönməz Məmmədov bununla bağlı ölkə başçısına müraciət etdiyini və vətəndaşlıqdan imtina etməyə qərar verdiyini bildirdi: “Ölkə başçısına müraciət etmişəm. Bir Qarabağ qazisi və sahibkar kimi Nəqliyyat Departamenti tərəfindən çıxılmaz vəziyyətə salındığım üçün Azərbaycan vətəndaşlığından imtina edirəm. Nəqliyyat Departamenti cavab vermir ki, bu özbaşınalığı kim həyata keçirib”.
Qeyd edək ki, “Amal-D” MMC-yə məxsus Bakı-Saray-Sumqayıt xətti üzrə işləyən 501 nömrəli marşrutun sahibi Məmmədov Dönməz Abutalıb oğlu bir neçə gün öncə “Yeni Müsavat”ın redaksiyasına şikayət edərək, şirkətin avtobuslarının Bakı Şəhər Nəqliyyat Departamenti tərəfindın cərimə meydançasına aparıldığını, özünün də buna etiraz edərək, Gürcüstan Respublikasının ərazisinə keçib, aclıq aksiyasına başladığını bildirmişdi.
Xəbər verdiyimiz kimi, sahibkar hazırda Azərbaycandadır və bu problem də artıq öz həllini tapıb. İndi həmin şirkətə məxsus digər bir marşrut xətdən çıxarılıb və başqa bir sahibkara verilib.
Mövzu ilə bağlı bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.
Nərgiz Liftiyeva






