Ölkədəki beyin mərkəzlərinin fəaliyyəti müzakirə olundu
İki illik layihənin yekunu açıqlandı, mərkəzlərin məhsullarının sərgisi təşkil edildi
Dekabrın 12-də İqtisadi Tədqiqatlar Mərkəzinin “Beyin mərkəzlərinin qərar qəbulu arenasında rolunun gücləndirilməsi vasitəsilə idarəetmənin effektivliyinin yüksəldilməsi” layihəsinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirildi. İTM-in İdarə Heyətinin sədri Qalib Bayramov bildirdi ki, layihə iki il müddətində həyata keçirilib və başlıca məqsədi Azərbaycanda fəaliyyət göstərən yerli düşüncə mərkəzlərinin institutsional və tədqiqat imkanlarının artırılması yolu ilə onların qərarların qəbulunda iştirakını və hökumətin fəaliyyətinin gücləndirilməsində rolunu artırmaqdan ibarət olub.
Layihə çərçivəsində isə tərəfdaş kimi seçilmiş 4-2 regiondan olmaqla, 18 QHT-nin fəaliyyətinin gücləndirilməsi, bilik və bacarıqlarının artırılması üçün ötən iki il ərzində onlar üçün yeddi təlim təşkil edilib. Bundan əlavə, İTM tərəfdaş düşüncə mərkəzlərinə strateji menecment və keyfiyyətə nəzarət institutlarının təşkilində metodiki dəstək göstərib. Eyni zamanda tərəfdaş beyin mərkəzləri ilə biznes icması və dövlət orqanları arasında əlaqələrin qurulması və inkişafı üçün tədbirlər həyata keçirilib, tərəflərin iştirakı ilə qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşlər təşkil edilib. İTM həmçinin tərəfdaş beyin mərkəzlərinin mətbuatla əlaqələrinin gücləndirilməsi, jurnalistlərin beyin mərkəzlərinin fəaliyyəti barədə məlumatların hazırlanması üsullarına dair məlumatlandırılması məqsədilə KİV nümayəndələrinə xüsusi təlim keçib.
Layihə çərçivəsində tərəfdaşlıq edilən mərkəzlərin iştirakı ilə Azərbaycan Düşüncə Mərkəzləri Alyansı və onun internet saytı (www.thinktank.az) yaradılıb. Bundan əlavə, tərəfdaş beyin mərkəzlərinin tədqiqat məhsullarından ibarət iki dildə nəşrin iki sayı hazırlanaraq dərc olunub.
Qeyd edək ki, toplantı zamanı tərəfdaş beyin mərkəzlərinin məhsullarının nümayiş olunduğu sərgi də təşkil olunub.
Layihənin koordinatoru Ramil Kazımov, İTM İdarə Heyətinin üzvü Dünya Camalova, Kamil Vətəndaş İctimai Birliyinin rəhbəri Həsən Hüseynli, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov da layihənin məqsədlərindən danışdılar.
Həmçinin layihə çərçivəsində tərəfdaşlıq edilən düşüncə mərkəzlərinin tədqiqat məhsulları arasından ən yaxşı siyasət sənədinin seçilməsi məqsədilə keçirilmiş qiymətləndirmənin nəticələrinin elan olunması və qalibin mükafatlandırılması mərasimi də keçirildi.
Tədbirdə əməkdaşlığa açıq olan dövlət orqanı sorğusunun nəticələri də elan olundu. Sorğu oktyabr-noyabr aylarında 18 jurnalist və 14 QHT təmsilçisi tərəfindən cavablandırılıb. İlk yeri Vergilər Nazirliyi tutub.
R.RƏFİYEVA






