İnsanlara hürriyət, millətlərə istiqlal!

ÖLKƏDƏ YENİ MİLLİYYƏTÇİ DEMOKRAT PARTİYASI ELAN OLUNDU

9712 25.07.2011 09:49 Son xəbər A A

S.Hümbətli dedi ki, qurultay nümayəndələrinin sayının yarısından çoxu, yəni 42 rayon təşkilatından 85 nəfər nümayəndə tədbirdə iştirak edir. Ona görə də qurultay səlahiyyətlidir.

Sonra Təşkilat Komitəsi adından onun sədri Qələndər Muxtarlı qurultaya sədarətə İlyas Abdullayev, Oqtay Xəlilli və öz namizədliyinin təklif olunduğunu bildirdi. Sədarət bu tərkibdə səsə qoyulub qəbul edildi. Say komissiyasına da üç nəfər seçildi. O.Xəlilli gündəlik barədə məlumat verdi. Layihədə Təşkilat Komitəsinin hesabatı, nizamnaməyə əlavə və dəyişikliklər, təşkilati məsələlər - partiya sədri, Böyük Məclis üzvləri, Siyasi Şura və MNTK üzvlərinin seçilməsi və cari məsələlər nəzərdə tutulurdu. Gündəlik səsə qoyulub qəbul edildi. Sonra MNTK-nın hesabatı dinlənilib qəbul edildi.

Qurultayda xeyli qonaq da iştirak edirdi. Təbrik üçün ilk çıxış edən AXCP sədri Əli Kərimli dedi ki, bu qurultay sıradan yox, AMDP-nin təbii yerində, mövqeyində keçirdiyi qurultaydır: “Ona görə ikiqat sevincinizi bölüşürəm ki, bugünkü şərtlərdə millətçi olduğunu iddia edən insanın mövqeyi prinsipial olmalıdır. Bu gün hansı şərtlər altında bu qurultay keçirilir? Ölkənin sərvətləri bir qrup tərəfindən talan edilir. Hakimiyyətdəkilər Azərbaycanın sərvətlərini talan etməkdən doymur, talançılıqla milyarder olublar. Xalqın 97 faizi aclıq içindədir. Bir milliyyətçinin qəlbi necə qəbul edə bilər ki, millətin bir hissəsi azğın həyat sürsün, böyük hissəsi isə aclıq içində yaşasın. Azərbaycanda ədalətsizliklər yaşanır, Qarabağ müharibəsində sağlamlığından keçmiş insanlara qiymət verilmir. Sizin də aranızda belə insanlar var. Hakimiyyət çalışıb ki, psevdovətənpərvərlər, psevdomilliyyətçilər toplusu yaratsın. Ona görə də sizi ikiqat təbrik edirəm ki, siz özünüzdə təpər tapdınız, yenidən təşkilatlandınız, Azərbaycan milliyyətçiliyinə şərəfli adını qaytarmaq iddiasını ortaya qoydunuz. İnanıram ki, milliyyətçi demokratlar Azərbaycanda köklü dəyişiklik istəyənlərlə çiyin-çiyinə olacaq. Bütün ölkə boyu təşkilatlanacağınıza inanıram. İnanıram ki, milliyyətçiliyə vurulmuş yaranı sağaldacaqsınız”.

Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli isə öncə başqan İsa Qəmbərin təbrikini çatdırdı. İ.Qəmbərin üzrlü səbəbdən qurultayda şəxsən iştirak edə bilmədiyini bildirən A.Səmədbəyli gerçəkləri hər kəsin yaxşı bildiyini dedi: “Adi şəraitə bağlıdır ki, bu xalq içindəki istəyi meydanlara daşısın. Bu zamana isə çox qalmayıb. Dünyada gedən dəyişiklik bura da daşınacaq. Bu iqtidarın başı qarışıb sərvətlərimizi talamağa, dünyadakı prosesdən xəbəri yoxdur. Onlar sərvət toplamaq hərisliklərinin qurbanı olacaq. Birlikdə getdiyimiz yol demokratiya, haqq-ədalət, millət yoludur. Bu yolun sonunda qələbə var”.
Ümid Partiyası icra aparatının rəhbəri Nəsimi Məmmədli bildirdi ki, ölkədəki ağır durumun dəyişdirilməsi üçün ortadakı demokratik siyasi təfəkkürə malik insanlar, təşkilatlar birləşməlidir: “Bu istiqamətdə sizin də belə fəaliyyətə başlamağınız faydalıdır. Bu gün cəmiyyət ağrısız diş kimi çürüyür. Bunun qarşısını almaq üçün cəmiyyətdə ağrı yaradılmalıdır ki, cəmiyyət yuxudan oyansın. Bunu da ictimai-siyasi təşkilatlar, demokratik düşüncəli insanlar yarada bilər. Onların bir hissəsi bu gün bu qurultaydadır”.

İctimai Palata Koordinasiya Şurasının üzvü Aqil Səmədbəyli təbrikini bozqurdlar barədə maraqlı fikirlə səsləndirdi: “Bozqurdları digər canlılardan fərqləndirən önəmli xüsusiyyətlərdən biri də odur ki, onlar tələyə düşəndə tələyə düşən ayağını özü yeyib canın qurtarır. Bir ayağını qurban verir, amma tələdən xilas olur. Bizim bozqurdları tələyə salmışdılar. O insanlar ki həqiqi bozqurd xislətlidir, onlar tələdən qurtarmağı bacarıb bura, qurultaya toplaşıblar”.

ADP sədri Sərdar Cəlaloğlu müasir milliyyətçiliyin vacibliyindən danışdı: “O millət zəif millətdir ki, zəif təşkilatlanıb. Say məsələsinin millətin gücünə heç bir aidiyyəti yoxdur. Elə çoxsaylı xalqlar var ki, heç dövlətlərini də yarada bilməyiblər. Amma öz dövləti olan 80 min nəfərlik millətlər də var. Bu da onu göstərir ki, o azsaylı xalq daha yaxşı təşkilatlanıb. Yəni təşkilatlanma çox vacib məsələdir. Bizim milliyyətçi hərəkatın nümayəndələrini də təşkilatlanmağa başladıqları üçün təbrik edirəm”.

Sabiq millət vəkili İbrahim İbrahimli də təbrik çıxışı etdi və milli-azadlıq hərəkatında xüsusi xidmətləri olmuş bozqurdların Azərbaycanda yeni başlanacaq hərəkatda iştirak eləməsinin zəruri olduğunu bildirdi: “Azərbaycandakı dəyişikliklərin 2013-cü ildən tez olacağına inanan adamlardanam. Azərbaycanda dəyişiklik olacaq. Bu, ümumi tarixi bir prosesdir. Bütün dünyada gedən proses Azərbaycandan yan keçə bilməz. Bu hakimiyyət nə qədər cəhd eləsə də, prosesin qarşısını ala bilməz. Dünya dəyişir, yeni dünya düzəni yaranır. Azərbaycanda yaxın gələcəkdə başlanacaq proseslərdə siz milliyyətçilərin ön sıralarda yer alacağına əminəm”.
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, İctimai Palatanın üzvü Qaya Əliyev və digər qonaqlar da təbrik çıxışı etdilər.
Gündəliyə əsasən Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin hesabatı təqdim edildi. Hesabatı Qələndər Muxtarlı təqdim etdi. AMDP-nin tarixi keçmişindən, üzvlərinin vətən və demokratiya uğrunda mübarizəsindən danışan Q.Muxtarlı partiyanın qurultayına hazırlıq işlərini qısa zamanda uğurla başa çatdırdıqlarını bildirdi. O, ölkədəki ictimai-siyasi vəziyyət haqdakı nitqində hakimiyyəti sərt tənqid atəşinə tutub bəyan etdi ki, Azərbaycanda demokratik dəyişiklik labüddür.
Sonra nizamnaməyə əlavə və dəyişikliklər edildi. Partiyanın adında da dəyişiklik oldu. Dəyişikliyə görə, bundan sonra Azərbaycan Milli Demokrat Partiyası Azərbaycan Milliyyətçi Demokrat Partiyası (AzMDP) adını daşıyacaq. Partiyanın bayrağı və emblemi də dəyişdirildi. Partiyanın adı, bayrağı və embleminin dəyişdirilməsinə yalnız bir nəfər - Siyasi Şura üzvü Nurəddin İsmayılov etiraz etdi. O, çıxışında partiyadan istefa verdiyini bəyan elədi.
AzMDP-yə yeni sədr kimi Qələndər Muxtarlının namizədliyi irəli sürüldü və o, cəmi bir nəfər əleyhinə olmaqla mütləq səs çoxluğu ilə partiya sədri seçildi. Böyük Məclisə, Siyasi Şuraya və MNTK-ya da üzvlər seçildi.
Cari məsələlər bölümündə partiyanın ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı bəyanatı müzakirə olunaraq qəbul edildi. Qurultay adından prezident İlham Əliyevə də müraciət qəbul olundu. Müraciətdə dövlət başçısından xahiş edilir ki, ölkədə normal demokratik proseslərin getməsi, cəmiyyətdə siyasi barış, vətəndaş sülhü olması üçün böyük əfv fərmanı imzalasın. Bütün siyasi məhbuslar, etiraz aksiyalarında iştirak etdiyi üçün həbs edilən şəxslər azad olunsun. Qurultay işini yekunlaşdırdıqdan sonra Böyük Məclisin iclası keçirildi. Oqtay Xəlilli Böyük Məclisin sədri seçildi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR