İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkədə kölgə iqtisadiyyatını necə aradan qaldırmaq olar - təkliflər

1349 14.09.2019 09:30 İqtisadiyyat A A

Rəşad Həsənov: “Bu gün vergidən yayınma bir şücaət, qəhrəmanlıq, mərifət kimi qiymətləndirilir...”

Azərbaycanda kölgə iqtisadiyyatına qarşı aparılan mübarizə dünən Bakıda keçirilən “Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” adlı beynəlxalq konfransda müzakirə olunub.

Konfransda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev rəhbəri olduğu qurumun kölgə iqtisadiyyatına qarşı bir neçə istiqamətdə mübarizə apardığını deyib. Onun sözlərinə görə, ölkəyə idxal olunan və ölkədən ixrac olunan məhsulların insan iştirakı olmadan rəsmiləşdirilməsi bu istiqamətlərdən biridir: “Sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələrinin qeydiyyatı tam avtomatlaşdırılıb. Bununla da qeydiyyatsız malların ölkəyə girişinə qadağa qoyulub. Bu gün son iki il ərzində bir dənə də qeydiyyatsız avtomobil ölkəyə daxil ola bilməyib”.

DGK sədri bildirib ki, mübarizənin ikinci istiqaməti risklərin dəyəndirilməsi və baş verə biləcək risklərin qiymətləndirilməsi, üçüncü istiqaməti isə qaçaqmalçılıqla mübarizədir: “Bəzi işbazlar formalaşıb və bizim işimiz onları müəyyən edib kölgə iqtisadiyyatını aradan qaldırmaqdır. O cümlədən xüsusi imtiyaz verilmiş şəxslər arasında kommersiya məqsədi üçün nəzərdə tutulmadığı adı altında belə fəaliyyətlə məşğul olan işbazlar formalaşıb. Bu işbazlarla da mübarizə aparılır”.

Səfər Mehdiyev ile ilgili görsel sonucu

Səfər Mehdiyev

S.Mehdiyev qeyd edib ki, tranzit zamanı dövlətlər arasında onlayn məlumat mübadiləsi sisteminin yaradılması da vacibdir: “Aparılan islahatların nəticəsi bizi sevindirir. Keçən il Dövlət Gömrük Komitəsi büdcəyə 1 milyard manatdan yuxarı artıq vəsait köçürüb. Bu il isə əlavə 500 milyon manat vəsaitin köçürülməsi nəzərdə tutulur. Yəni proqnoz 1,3 milyard manat nəzərdə tutulsa da, bu rəqəmin 1,8 milyard manat olması gözlənilir”.

S.Mehdiyev bildirib ki, kölgə iqtisadiyyatının aradan qaldırılması üçün qaçaqmalçılıq sahəsində mübarizə də artıq öz bəhrəsini verir. O qeyd edib ki, 2017-ci illə müqayisədə 2018-ci ildə Azərbaycanın tranzit potensialı 2 dəfədən çox artıb. Bundan başqa, onun sözlərinə görə, “Yaşıl dəhliz” sistemi sahibkar-məmur ünsiyyətini minimuma endirib: “Biz dövlət olaraq sahibkarın qanuni ticarətlə məşğul olmasını təşviq etməliyik. Əgər hər hansı malı alarkən onun çekini almırıqsa, kölgə iqtisadiyyatına şərait yaratmış oluruq”.

Vergilər naziri Mikayıl Cabbarov isə prezident İlham Əliyevin kölgə iqtisadiyyatını böyük bəla adlandırdığını bildirib. Qeyd edib ki, Vergilər Nazirliyi bu il kölgə iqtisadiyyatının həcmini azaltmağı hədəfləyib: “Gəlirlərini tam şəffaf bəyan etmək istəməyənlər az deyil. Bəzən onların səsi gur çıxır. Amma bu, müvəqqəti haldır. Qanun qarşısında hamı bərabərdir. Bu, həm yerli, həm də xarici investorlar üçün vacib şərtdir. Kölgə iqtisadiyyatı xarici investorları hər hansı ölkəyə sərmayə yatırmaqdan çəkindirən ilk 3 amil sırasına daxildir”.

M.Cabbarov Azərbaycanda kölgə iqtisadiyyatının ən geniş təşəkkül tapdığı sahələri açıqlayıb: “Pərakəndə ticarət və ictimai iaşə sahələrində çox böyük qeyri-formallıq müşahidə edilir. 2018-ci ilin nəticələrinə görə, Dövlət Statistika Komitəsi ilə Vergilər Nazirliyinin rəqəmləri arasında çox böyük fərq olub. Bu fərq təxminən 7 dəfəyə qədər olub. Bu da bir daha kölgə iqtisadiyyatının həcmini göstərir”.

Bu ildən etibarən kölgə iqtisadiyyatına qarşı mübarizə məqsədilə həyata keçirilən tədbirlərin effektindən danışan nazirin sözlərinə görə, bu il qeyri-neft sektoru üzrə vergi yığımları proqnoza qarşı 280 milyon manat artıq olub ki, bu da proqnoz tapşırığın 112 faiz icra edilməsi deməkdir.

Nazir əlavə edib ki, əmək bazarında şəffaflaşma prosesi artan dinamika ilə gedir: “Bu ilin ilk səkkiz ayında özəl sektorda 88 mindən çox yeni əmək müqaviləsi bağlanıb. Dövlət sektoru da nəzərə alınsa, bu rəqəm 112 minə çatıb. Hansı ki, onun 78 faizi özəl sektorun payına düşür. Əmək müqavilələrinin rəsmiləşdirilməsi əsasən ticarət, xidmət, tikinti, sənaye sahələrində qeydə alınıb. Əməkhaqqında da artım qeydə alınıb. Belə ki, minimum əməkhaqqının artırılması ilə bağlı təşəbbüsləri nəzərə almasaq, əməkhaqqının həcmi 20 faizədək artıb”.

Sahib Ələkbərov ile ilgili görsel sonucu

 Sahib Ələkbərov 

Vergilər nazirinin müavini Sahib Ələkbərov isə dünyada kölgə iqtisadiyyatının tam olaraq aradan qaldırılması təcrübəsinin olmadığını bildirib: “Azərbaycan iqtisadiyyatının böyük hissəsi - təxminən yarısı neft sektorudur. Burada isə qeyri-şəffaflıqdan söhbət gedə bilməz. Kölgə iqtisadiyyatı ancaq qeyri-neft sektorundadır. Əsas məsələ odur ki, ”kölgə iqtisadiyyatı" var və bu hər bir ölkə üçün çox ciddi təhdiddir. Əgər desək ki, kölgə iqtisadiyyatını tam aradan qaldırmaq mümkün olacaq, bu da inandırıcı görünmür. Dünyanın ən demokratik, şəffaf ölkələrindən olan ABŞ-da 10 faiz, İsveçrədə 9 faiz kölgə iqtisadiyyatı var. Statistika göstərir ki, Gürcüstanda ən yüksək səviyyədədir. Kölgə iqtisadiyyatı çox ciddi problemlərə gətirib çıxarır, vergi orqanında işləyən biri kimi deyim ki, vergidən yayınmalara səbəb olur. Bu isə sosial xərcləmələrə mənfi təsir edir".

M.Cabbarovun pərakəndə ticarət və iaşə sahəsində kölgə iqtisadiyyatının real səviyyəsi barədə dedikləri kifayət qədər ciddi məqamdır. Rəsmi statistika ilə real vəziyyət arasında bu qədər fərq necə yaranır?

Rəşad Həsənov ile ilgili görsel sonucu

Sualı cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, statistika orqanının əlində dəqiq məlumat verməyən müəssisəni cəzalandırmaq üçün yetərincə təsirli vasitələr yoxdur: “Statistika orqanına qeyri-dəqiq məlumat verilməsinə görə nəzərdə tutulan sanksiya və cərimələr vergidənyayınmaya görə olanlardan qat-qat aşağıdır. Yəni statistika orqanının əlində inzibati vasitələr də yoxdur. Buna görə vergi orqanlarının daha dəqiq məlumatlar əldə etməsi təbiidir. Çünki vergidənyayınmaya görə, kifayət qədər sərt qaydalar, yüksək məbləğli cərimə və sanksiyalar var. Eyni zamanda, vergi orqanının ibtidai istintaq aparmaq, həbs qəti-imkan tədbiri seçmək hüquqi var. Bu baxımdan vergi orqanları statistikanın əldə etdiyi məlumatları dəqiqləşdirməsi üçün alternativ mənbə sayılır. Ümumiyyətlə, statistikanın düzgün olmamasında statistika orqanından daha çox digər qurumlar məsuliyyət daşıyır. Bütün bunlarla yanaşı, qeyd edim ki, Azərbaycanda statistikanın aparılmasında siyasi qərarlardan asılılıq var. Bir çox hallarda təqdim olunan məlumatlar elə statistika orqanı tərəfindən dəyişdirilir, təhrif olunur. Yaxud müəssisələrə məlumatları təhrif olunmuş formada vermək tapşırılır. Bu da ölkədə həyata keçirilən siyasi xəttə bağlı məsələdir”.

Ekspert hesab edir ki, nazirin açıqladığı məlumat reallığı əks etdirir: “Azərbaycanda kölgə iqtisadiyyatı hər sahədə yüksək paya malikdir. Pərakəndə ticarət və ictimai iaşə isə bir qayda olaraq kölgə iqtisadiyyatının ən yüksək təşəkkül tapdığı sahələrdən biri kimi qiymətləndirilib. Buna görə də vergilər nazirinin açıqladığı məlumat real mənzərə ilə üst-üstə düşür. Çünki bu sektorda müəssisələr ən yaxşı halda dövriyyənin 15-20 faizini leqallaşdırırlar. Digər hissə isə gizli iqtisadiyyatın predmetinə çevrilir. Bu gün qeydiyyatdan yayınmanın kökündə dayanan problemlərdən biri istehsalla bağlıdır. Piştaxtalara xarici istehsal adıyla çıxarılan məhsulların böyük bir qismi yerli istehsaldır. Yəni istehsalın real həcmi də rəsmi statistikada olduğundan xeyli çoxdur. Gizli iqtisadiyyatın leqallaşdırılması çox ətraflı, kompleks tədbirlərin həyata keçirilməsini tələb edir: bütün stakeholderlərin maraqlandırılması, vergi mühitinin nisbətən liberallaşdırılması, vergi dərəcələrinin azaldılması yolu ilə təşviqlərin verilməsi, eyni zamanda inzibati cəza tədbirlərinin sərtləşdirilməsi. Yəni burada birmənalı olaraq iqtisadiyyatın leqallaşdırılması siyasəti ortaya qoyularsa və xüsusilə də Azərbaycan iqtisadiyyatında böyük payı olan məmur biznesinin, himayə olunan biznesin leqallaşdırılması ilə bağlı effektiv addımlar atılarsa, bu zaman ciddi nəticə almaq olar. Yoxsa problemin üstünə birtərəfli qaydada getməklə nəticə əldə etmək olmaz.

Burada sahibkarı da maraqlandırmaq lazımdır, istehsalçını da, istehlakçını da. Hər biri üçün xüsusi güzəştlər, yaxud bonuslar nəzərdə tutulmalıdır. Bizdə keçən il Vergi Məcəlləsinə dəyişikliklər zamanı pərakəndə ticarət və iaşə müəssisələrindən əldə olunan məhsullar üçün ödənilmiş ƏDV-nin nağdsız hesablaşmalar zamanı 15 faizi, nağd hesablaşma zamanı isə 10 faizi həcmində vəsaitin alıcıya qaytarılması kimi təşviq mexanizmi nəzərdə tutulur. Düzdür, bu, qaneedici deyil. Çünki təxminən min manatlıq alış üçün nağdsız formada 22 manat, nağd formada 17-18 manatın geri qaytarılması deməkdir. Hətta bu zəif təşviq tədbiri də hələ reallaşmayıb, çünki tətbiq mexanizmi hazırlanmayıb. Beləliklə, istehlakçını təşviq etmək mümkündür. Halbuki real təşviqlə 10 milyonluq kütlənin nəzarətini əldə etmək mümkündür. Bu nəzarət isə kifayət qədər iri həcmdə leqallaşmaya gətirib çıxaracaq gücdədir”.

R.Həsənov deyir ki, dünyanın əksər ölkələrində vergidən yayınanlara yönəlik vətəndaş qınağı mühüm rol oynayır: “Bu ölkələrdə cəmiyyətin məsələyə sərt yanaşması formalaşdırılıb. Azərbaycanda isə hələ belə ənənə formalaşmayıb. Əksinə, bu gün vergidənyayınma bir şücaət, qəhrəmanlıq, mərifət kimi qiymətləndirilir. Burada vergi hesabına formalaşan dövlət büdcəsi vəsaitlərinin xərclənməsindəki qeyri-şəffaflıq, korrupsiya, mənimsəmə faktorları da böyük rol oynayır. Vətəndaş görsə ki, ödədiyi vergi tam şəffaf və hesabatlı xərclənir, o zaman maraqlı olacaq ki, həm özü, həm də ətrafındakılar dövlətə qarşı dürüst olub vergilərini tam həcmdə ödəsinlər. Buna görə də kölgə iqtisadiyyatına qarşı mübarizə çoxtərəfli və böyük siyasi iradə tələb edən bir prosesdir”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR