İnsanlara hürriyət, millətlərə istiqlal!

“SƏTTAR MEHBALIYEV İSTEFA VERMƏLİDİR”

5233 20.10.2011 09:59 Ölkə A A
Xatırladaq ki, ilin əvvəlində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) xarici şirkətləri qanuna tabe olmamaqda ittiham etmişdi. Konfederasiyanın sədr müavini Aqil Dadaşov bildirmişdi ki, “Azərbaycanda son bir neçə ildə xarici şirkətlər tərəfindən Azərbaycanın atributlarına hörmətsizlik, Əmək Məcəlləsinin tələblərinin pozulması kimi böyük problemlər yaşanıb”.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı isə hesab edir ki, AHİK yalnız nəzəri sürətdə mövcuddur, onun real fəaliyyəti yoxdur. M.Qəhrəmanlının sözlərinə görə, 1992-ci ilin noyabrında Azad Həmkarlar İttifaqının yaradılmasında o da iştirak edib, lakin neft sektorunda çalışan fəhlələrin hüquqları qorunmadığından neftçilərin hüquqlarının müdafiə komitəsi yaradılıb.
Hüquq müdafiəçisi AHİK sədri Səttar Mehbalıyevin məhz AXC hökuməti vaxtında təşkilata sədr seçildiyini xatırlatdı: “Lakin bir nəfərin seçkili orqanda 20 ildən artıq oturması biabırçılıqdır. Mehbalıyev mütləq istefa verməlidir”. Məhz AHİK-in həmkarlar təşkilatları olan müəssisələrdə 25 ölüm hadisəsinin olduğunu bildirən hüquq-müdafiəçisinin dediyinə görə, rəsmi həmkarlar fəaliyyətsizdir və fəhlələr onları məhkəməyə verməlidirlər, çünki həmkarlar komitəsi olan təşkilatlarda işçilərin müdafiəsi təşkil olunmadığı halda, həmkarlar yalnız üzvlük haqqının yığılması ilə məşğuldur.
M.Qəhrəmanlı onu da bildirdi ki, oktyabrın 15-dən başlayaraq, ayda iki dəfə olmaqla müasir həmkarlar, onun strukturu, nəzəri və praktiki məlumatları aşılamaq üçün ictimaiyyət üçün müvafiq seminar təşkil olunub. “O ki qaldı ”Todini"nə, şirkət rəhbərliyinin fəaliyyətini iki ay ərzində ciddi yoxlamalar gözləyir", - deyən M.Qəhrəmanlı əlavə etdi ki, Ələt-Astara yolu dünya bankının layihəsi olduğundan artıq o, Vaşinqtonu rəsmən bu hadisələr barədə məlumatlandırıb.
Sonda M.Qəhrəmanlı bir daha Səttar Mehbalıyevə müraciət edərək özünə hörmət eləməyə və AHİK-in fəaliyyətinin real fəaliyyətini əks etdirən vergi bəyannaməsini təqdim etməyə çağırdı: “Məhz onda bilinəcək ki, üzvlük haqları, Beynəlxalq Əmək Təşkilatının layihələrindən olan vəsaitlər və özəlləşdirilmiş sanatoriyaların pulları hara xərclənib”. Mirvari Qəhrəmanlıya görə, həmkarlar olan qurumlarda əmək haqlarından məcburi qaydada 2 faiz tutulmasaydı, könüllü olaraq AHİK-ə heç kim pul ödəməzdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR