İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabit Rəhmanın ev muzeyində bir gün

1494 17.05.2013 09:42 Ölkə A A

Dramaturgiyamızın banilərindən olan S.Rəhmanın necə bir evdə doğulub boya başa çatdığını öyrənmək üçün onun Şəki şəhərində yerləşən ev muzeyinə yollandıq. İki mərtəbəli gözəl həyəti olan bu evin darvazasından içəri addım atan kimi bizdə elə təəssürat yarandı ki, sanki S.Rəhman hələ də yaşayır...

Amma muzeyin həyətinə daxil olanda bizi muzeyin direktoru Pərvanə Qəmbərova qarşılayır. Bizə məlumat verən P.Qəmbərova iki mərtəbəli bu həyət evinin yalnız bir tərəfinin muzey kimi fəaliyyət göstərdiyini, digər tərəfdə isə yaşayış olduğunu bildirdi: “Bu ev Sabit Rəhmanın atası ilə əmisinin birgə yaşadığı ev olub. Sonradan əmisi öz hissəsini başqasına satıb. Həmin qonşu da öz həyətini divarla ayırıb. Ancaq həyətin gözəl mənzərəli yeri bizim muzeyin payına düşüb. Sabit Rəhman 16 yaşınadək bu evdə yaşayıb. Muzeyimiz isə 2001-ci il iyunun 8-dən fəaliyyət göstərir. Burada 517 eksponat var, ekspozisiyada isə 412 eksponat nümayiş edilir. Həmçinin burada Sabit Rəhmanın şəxsi əşyaları, royalı təqdim olunur”.

Muzeyin direktoru bildirdi ki, Sabit Rəhmana məxsus olan bu royalın 100-dən çox yaşı var: “Bu royal Sabit Rəhmanın atası Əbdül Kərim Nəbizadə tərəfindən 1912-ci ildə alınıb. Qeyd edim ki, Kərim Nəbizadə dövrünün tacirlərindən olub. Bu ailənin kasıb uşaqların maariflənməsində əməyi olub. Sabit Rəhmanın əmisi Ələkbər bəy o dövrdə Qori müəllimlər seminariyasını bitirdikdən sonra Şəkidə fizika-riyaziyyat müəllimi olub. Sabit Rəhmanın da ədəbi bədii fəaliyyəti demək olar ki, əmisinin zəhmətinin bəhrəsi idi”.
Məlumat üçün bildirək ki, S.Rəhmanın heç bir musiqi təhsili olmayıb. Ancaq onun musiqiyə böyük həvəsi olub. Hətta deyilənlərə görə S.Rəhman səssiz filmlərə baxaraq öz royalında filmin formatına uyğun olaraq mahnılar ifa edərmiş.

Ev muzeyinin digər otaqlarında S.Rəhmanın anasının işlətdiyi soba, sürmə qaşığı, miss qazanlar, bərəkət duası da yer alır. Həmçinin onun iş masasının üzərində eynəyi, təsbehi və kitabları durur. Masanın üzərində 1970-ci ilə aid olan təqvim xüsusilə diqqətimizi çəkdi. P.Qəmbərova bu təqvimin onun ölümü ilə əlaqəli olduğunu dedi: “Sabit Rəhman 1970- ci il sentyabrın 23-də gecə saat 3-ə 15 dəqiqə qalmış Bakıdakı evində dünyasını dəyişib. Bu təqvimdə onun dünyasını dəyişdiyi günün təqvimidir. O ölən zaman Bakıdakı evində olan saatın əqrəbləri də dayandırılıb”.
Muzeydə qapısı açıq olan qədimi şkafda dahi dramaturqun geyindiyi kostyum və paltosu asılı vəziyyətdə dururdu.

Qeyd edək ki, S.Rəhman dünyaca məşhur “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Koroğlu”, “Əhməd haradadır?” filmlərinin, “Ulduz” musiqili komediyasının ssenarilərinin, Yeddi gözəl baletinin, librettosunun müəllifidir. S.Rəhmanın 3 övladı olub. Gültəkin, Afət və məşhur Emin Sabitoğlu. Muzey otaqlarından birində S.Rəhmanın ilk övladı olan böyük bəstəkarımız Emin Sabitoğluya aid eksponatlar qoyulub. Həmçinin otaqda muzeydə ziyarətə gələn görkəmli şəxsiyyətlərin bağışladıqları hədiyyələr də nümayiş olunur.
S.Rəhman ədəbi fəaliyyətə 1926-1927 illərdə Molla Nəsraddin jurnalında dərc etdiyi felyetonlarla başlayıb. İlk hekayələr məcmuəsi - “Pozğun” 1931-ci ildə dərc olunub. Bir çox hekayə və pyes müəllifidir.
O, 1943-cü ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi adına layiq görülüb, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və medalları ilə təltif olunub. Hazırda Şəki dram teatrı S.Rəhmanın adını daşıyır. Bakı və Şəki şəhərlərində onun adına küçə vardır.
Sonda onu da qeyd edək ki, Azərbaycanın tarixində öz sözünü demiş şəxsiyyətlərin ev muzeyləri fəaliyyət göstərsə də, bura baş çəkənlərin sayı barmaqla sayılacaq qədər azdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR