İnsanlara hürriyət, millətlərə istiqlal!

BAYIL TƏCRİDXANASI TURİSTLƏRİN İSTİFADƏSİNƏ VERİLSİNMİ?

2441 05.06.2009 08:52 Ölkə A A

Bayıl həbsxanası əvvəlcə at tövləsi imiş

Əslində bu mövzuya toxunmağımıza səbəb «Bayıl türməsi» kimi tanınan 1 saylı İstintaq Təcridxanasının Kürdəxanıya köçürülməsi xəbəri oldu. Təsdiqlənməmiş xəbərlərə görə, təcridxananın yeri imkanlı iş adamına satılıb. Həmin ərazidə göydələnlərin tikiləcəyi söylənilir. Halbuki dünyanın bir çox ölkələrində məşhur həbsxanalar bağlandıqdan sonra muzeyə çevrilir. Bayıl həbsxanası da onlar kimi zəngin tarixə malikdir.
1 saylı təcridxananın binası (1, 2 və 3 saylı korpuslar) hələ 1888-ci ildə Rusiya imperatoru Yekaterina tərəfindən inşa olunub və at tövləsi kimi istifadə olunub. XIX əsrin sonlarında orada atlarla yanaşı, məhbuslar da saxlanılırdı. Çar imperiyası qanunu pozanları təcrid etmək üçün Bayıl tövləsində əlavə kameralar tikdirdi. 1910, 1923 və 1929-cu illərdə isə cəzaçəkmə müəssisəsinin 3, 5 və 6 saylı korpusları istismara verilib. Ölüm hökmü ləğv edilənə qədər ən ağır cəza istintaq təcridxanasının 5-ci korpusunda icra olunurdu. Bayıl təcridxanasında cəmi 129 kamera var. Normaya görə, bir məhbusa 2 kvadrat metr ərazi düşür.

Stalin saxlandığı kamera

Bayılda ən məşhur kamera 39-cu kameradır. Sovet diktatoru İosif Ştalin həmin kamerada saxlanılıb. Hazırda kameradan «karantin» kimi istifadə olunur. Bayıla gətirilən məhbusların əksəriyyəti 3 gün döşəksiz və pəncərələri sınıq olan bu kamerada dəmir çarpayıların üstündə yatmalı olur. Əslində buranın muzey kimi fəaliyyət göstərməsi çox maraqlı olardı. Hər halda, kənardan vahiməli görünən bu türmənin indiyədək milyonlarla qonağı olub. Neçə-neçə insanlar burada güllələnib, işgəncələrə məruz qalıb, ağır xəstəliklərə yoluxub.

Qədim həbsxana-muzeylər

Vaxtilə ciddi rejimli cəzaçəkmə müəssisələri kimi tanınan həbsxanaların hazırda tarixi abidə kimi turistlərin ixtiyarına verildiyi məkanlar az deyil. Məsələn, Bastiliya qalası 1370-1382-ci illərdə tikilib. XV əsrdən o həm də dövlət həbsxanası idi. XVI əsrin sonlarından burada əsasən mütləqiyyətə düşmən olan dustaqlar saxlanılırdı. 1789 -cu il iyulun 14-də Paris üsyançıları mütləqiyyət rəmzi olan Bastiliyanı hücumla aldılar və bu hadisə Böyük Fransa İnqilabının başlanğıcı oldu. 1880-ci ildən Bastiliyanın alındığı gün Fransanın milli bayramı kimi qeyd edilir. Əslində isə bu qala paytaxtı düşmən hücumları və daxili üsyançılardan qorumaq məqsədi ilə tikilmişdi. Bastiliya hazırda qala olmaqla yanaşı, həm də muzey xarakteri daşıyır.
Alkatras adasındakı (ABŞ - San-Fransisko ştatı) 336 kameralı həbsxana 1963-cü ildən bağlanaraq müzeyə çevrilib. Alkatras həbsxanasının «ilk sakinləri» arasında ABŞ-da italyan əsilli şəxslər tərəfindən qurulan «Koza Nostra» mafiyasının əfsanəvi rəhbərlərindən biri Frenk el Kapone də olub. İndi muzeyə çevrilən həbsxananı hər gün bir milyondan çox turist ziyarət edir.
Cənubi Afrika Respublikasına aid Pobben adasındakı həbsxana 1488-ci ildə portuqaliyalı dənizçilər tərəfindən inşa edilib və 150 ildən çox hollandiyalılara xidmət edib. Ciddi rejimli bu həbsxanada Nelson Mandella 19 il «yatıb». Həbsxana 1991-ci il yanvarın 1-dən muzey kimi fəaliyyət göstərir.  
Cənubi Koreyanın paytaxtı Seulda yerləşən Sodaemun həbsxanası 1907-ci ildə yaponlar tərəfindən inşa olunub. Həmin həbsxanada əsasən siyasi məhbuslar saxlanılıb. 1987-ci ildə bağlanan həbsxana 1992-ci ildən Sodaemun «Müstəqillik parkına» çevrilib. Həbsxananın qadınlar üçün olan bölməsinin bir neçə yeraltı kamerası, eləcə də ölüm hökmlərinin icra edildiyi yer qorunub saxlanılıb.
ABŞ-ın Filadelfiya ştatında yerləşən Şərq dövlət həbsxanası isə 1829-cu ildə istifadəyə verilib. Qanunsuz silah saxlamaqda günahlandırılan Frenk El Kapone həyatının 8 ayını orta əsr qalalarını xatırladan bu həbsxanada keçirib.
Avstraliyaya aid olan Melbrun həbsxanasından da bu gün müzey kimi istifadə olunur. İsraildə «Akr qalası» muzeyi  əvvəllər həbsxana kimi istifadə olunub. Osmanlı İmperiyası tərəfindən tikilən həbsxanada britaniyalılar İsrail Azadlıq hərəkatının liderlərini saxlayıblar.
1511-ci ildən Vinçestor yepiskopları yollarına çıxan hər kəsi London şəhərindəki Klinik həbsxanasına salıblar.
Argentinanın Terra del Fueqo şəhərindəki Uşuaya həbsxanası cənub qütbünə ən yaxın olan həbsxanadır. Tera del Fueqo 1896-cı ildə 386 nəfər məhkumun saxlanması üçün nəzərdə tutulsa da, 1913-cü ildə 6 kvadratmetrlik otaqda 4 nəfər saxlanılıb.
Keniyadakı Ford İisus muzeyi 1593-cü ildə portuqallar tərəfindən öz təhlükəsizliyini qorumaq məqsədilə tikilib. Amma 1895-ci ildə britaniyalılar Keniyanı müstəmləkəsinə çevirəndən sonra Fort İisus həbsxana kimi istifadə olunub. 1958-ci ildə Keniya müstəqillik əldə edəndən sonra Ford İisus tarixi abidə elan olundu. Həmin muzeyə hər il yüz minlərlə turist baş çəkir.
Həbsxana-muzeylərlə yanaşı, həbsxana binalarında yerləşən universitetlər də var. Məsələn, Kəlküttədəki Fort-Uilyam kolleci 1756-cı ilin iyununda dünya tarixinə düşmüş köhnə istehkam binasında yerləşir. Bir vaxtlar Suriyanın müstəqilliyi uğrunda mübarizlərin saxlandığı Dəməşqdəki Məzzə həbsxanasında 2000-ci ildən elmi-tədqiqat institutunun əməkdaşları müxtəlif tədqiqatlar aparır. Avstraliyadakı Darlinqherst həbsxanasının binasında hal-hazırda Milli Rəssamlıq Məktəbi yerləşir.

Həbsxana-ofis və həbsxana-evlər

Həbsxanadan ofis kimi istifadə edilməsi nisbətən az yayılmış haldır. Lakin Moskvanın Taqanskaya həbsxanasının qorunub saxlanmış yeganə binasında məhz ofis yerləşdirilib. «Taqanka» həbsxana kompleksi faktiki olaraq bir məhəlləni tuturdu, lakin 1958-ci ildə paytaxtdakı rekonstruksiya işləri zamanı partladıldı. Həbsxanada müxtəlif vaxtlarda sahibkar və xeyriyyəçi Savva Morozov, yazıçı Leonid Andreyev, inqilabçılar Nikolay Baumann, Anatoli Lunaçarski olmuşlar. 1946-cı ilin avqustunda həbsxanada Rusiya azadlıq ordusunun komandanı general Andrey Vlasov edam edilibr. İndi «Taqanka»nın yerində yaşayış massivi yerləşir.
Almanlar isə öz islah müəssisələrinə daha həyəcanla yanaşırlar. 1987-ci ildə Berlindəki Şpandau həbsxanasında Nürnberq prosesindəki məhkumlardan biri - Adolf Hitlerin müavini Rudolf Hessin intihar etməsindən sonra həbsxana bağlanıb, bina isə memarlıq abidəsi elan edilib.
Qanadakı YUNESKO-nun dünya irsi siyahısına daxil edilmiş Fort-Aşşer həbsxana kompleksi yüksək qiymətə layiq görülüb. Müstəqillik əldə etmiş Qananın ilk baş naziri Kvame Nkrumanın bir zamanlar həbsdə saxlanıldığı yer olan Fort-Aşşer hazırda islah müəssisəsi funksiyasını itirib, binada restavrasiya işləri gedir.

Bayıl həbsxanası muzeyə çevrilə bilərmi?

Bir neçə dəfə Bayıl həbsxanasında saxlanılan millət vəkili Pənah Hüseyn bizimlə söhbətdə bildirdi ki, həmin həbsxanada həqiqətən tarixi əhəmiyyət kəsb edən korpuslar var: «İndiki inzibati binanın yerləşdiyi yer, 1-ci və 2-ci korpuslar əvvəlki tikililərin izini saxlayıb. Bayıl Azərbaycan tarixinin bir hissəsidir və şübhəsiz, həbsxananın yerində onun tarixi ilə bağlı muzey yaratmaq barədə düşünməyə dəyər. Bayıl həbsxanasının yerində hansısa obyektin tikilməsi planlaşdırılıb. Amma belə bir planın nəzərdə tutulub-tutulmamasından xəbərsizəm».

«Bayıl həbsxanası Bayraq meydanının ərazisinə düşür»

Hüquq müdafiəçisi Çingiz Qənizadənin sözlərinə görə, xoş xatirə yaratmayacaq yerdə muzeyin açılmasına ehtiyac yoxdur: «Orda dahi şəxsiyyətlər də saxlanılıb, sovet dönəmindən 1993-cü ilə qədər güllələnmə halları da olub. Bu baxımdan Bayıl həbsxanasının yerində hansısa muzeyin yaranmasına ehtiyac görmürəm. Bina elə formada tikilib ki, onun üslubunu da müəyyən etmək olmur. Binanın şəraiti yoxdur. Bu baxımdan orda muzey yaradılması uğurlu addım ola bilməz. Məndə olan məlumata görə, Bayıl həbsxanası Bayraq meydanının ərazisinə düşür». Ç. Qənizadənin fikrincə, Bayıl həbsxanasının yerində acı xatirələri unudacaq kompleksin tikilməsi daha yaxşı olar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR