İnsanlara hürriyət, millətlərə istiqlal!

BAKIDAKI “GEY-PARAD”ı ƏNGƏLLƏMƏK ÜÇÜN HƏRƏKƏTƏ KEÇİLDİ

7711 13.01.2012 09:33 Ölkə A A

“Yeni Müsavat” qəzetinin dünənki sayında xəbər verdiyimiz kimi, Mərkəzi ABŞ-da yerləşən Beynəlxalq LGBT Təşkilatı (LGBT-Lezbiyan, Gey, Biseksual, Transvestit) Bakıda keçiriləcək “Eurovision-2012" müsabiqəsi zamanı, cari ilin 22-26 may tarixlərində ”ənənəvi gey-paradın" keçiriləcəyi barədə bəyanat verib. Bu barədə LGBT təşkilatının rəsmi saytında, habelə bir sıra turizm saytlarında, o cümlədən nighttours.com saytında məlumat yayılmışdı.
Məqalə çapa hazırlanan zaman artıq müxbirimizə məlum idi ki, iqtidar bu parada imkan verməyəcək. Bunu, adının çəkilməsini istəməyən hakimiyyət məmurlarından biri söyləmişdi: “Buna imkan verməyəcəyik. Lakin gərək cəmiyyət də bu cür hallara lazımi reaksiya versin”.
“Yeni Müsavat”da məqalə dərc olunan gün - 12 yanvar tarixində qeyd olunan saytdan Bakı “gey-parad”ı barədə məlumatlar yığışdırılmışdı. Belə məlum oldu ki, hakimiyyət bütün imkanlarını işə salaraq, prosesi dayandırmaq təşəbbüsü göstərib.
Bizə məsələnin təxmini təfsilatı da məlum oldu. Adının çəkilməsini istəməyən mənbənin məlumatına əsasən, “Yeni Müsavat” qəzetində “mavi”lərin Bakı paradına dair gedən məlumat Prezident Administrasiyasında və təşkilatçılıq işləri ilə məşğul olan Heydər Əliyev Fondunda təhlil olunub. Bundan sonra fondun rəhbərliyindən İTV-yə verilən tapşırıq əsasında Avropa Yayıcılar Birliyi ilə əlaqə saxlanılıb və məhz onların vasitəsi ilə məlumat yuxarıda adıçəkilən saytdan yığışdırılıb.
Qeyd edək ki, dünən erməni televiziyaları və saytları bu xəbəri sevincək yayırdılar. Bu baxımdan, hakimiyyətin qabaqlayıcı addımlar ataraq, Bakıya dair “gey-parad” kampaniyasını yığışdırmağa təşəbbüs göstərməsi düzgün addım sayıla bilər.
Məlumatlardan biri də budur ki, Avropa Yayıcılar Birliyi homoseksuallara Bakıya “sıravi qonaq” qismində gəlməyi təklif edib. Əvəzində onlara müəyyən “dəstək” sözü verilib. Bu baxımdan, təhlükəni tam da sovuşmuş hesab etmək olmaz. Xatırladaq ki, Avropada LGBT icmalarının təsiri yüksəkdir. Məhz onların təsiri nəticəsində Azərbaycanın “Eurovision”da ilk nümayəndələrindən olan Elnur Hüseynov və Samir Cavadzadə seksual azlıqlara aid olmalarına dair açıqlamalar vermişdilər. Bu da Avropa mediasında yayılmış; nəticə olaraq, hakimiyyət onları “unutmağa” üstünlük vermişdi.

Bir daha yada salaq ki, nighttours.com saytında Bakıda mavilər üçün “məsləhətli” hotellərin siyahısı da dərc edilmişdi: bunlar “Premier Hotel”, “Palace Hotel Baku” və “Lake Palace Hotel”dir. Dünən bu hotellərdən ikisinin meneceri ilə danışmışdıq. Bu dəfə isə qərara aldıq ki, “gey”lərin “dost” elan etdiyi bu hotellərə də bir baş çəkək. “Milyonerlər məhəlləsi” adlanan ərazıdə yerləşən “Premier Hotel”in direktoru Nəsimi Tağıyev “Eurovision” mahnı müsabiqəsi ilə əlaqədar hotellərin qabaqcadan bron edilməsinə dair Mədəniyyət və Turizm Nazirliyinin qadağasını xatırlatdı. Həm də dedi ki, istənilən halda, “mavi”lər onların hotelinə buraxılmayacaq: “Bu, mənəviyyatımıza ziddir. Bizim hotelin sahibi hacıdır. Bizdə hətta otaqlarda qiblə istiqaməti göstərilib. Siqaret və içki satılmır. Biz bu üzdəniraqları hotelimizə heç vaxt buraxmarıq”.
“Palace Hotel Baku” isə Xətai prospektində yerləşən 4 ulduzlu mehmanxanadır. Hotel AYF İnternational şirkətinə aiddir və resepsiondan verilən məlumata görə, “çox böyük adama” məxsusdur. Xatırladaq ki, AYF həmçinin xaricilər üçün ov turnirləri təşkil edən inhisarçı şirkətlərdəndir. Oradan sorğumuza doğru-dürüst bir cavab ala bilmədik.

Üçüncü hotel “Lake Palace” Lider TV-nin yaxınlığında, “Tri korona” deyilən ərazidə yerləşir. Hotelin satış müdiri Toğrul İslamov bizə danışarkən “mavi”lərin Bakıya gəlişinə fərqli fikir səsləndirmişdi: “... O ki qaldı ”mavi"lərə, onların Bakıya gəlişində heç bir pislik görmürəm. Xaricdə də bu normaldır"...
Qeyd edək ki, respublikada “mavi”lərin hüquqlarının müdafiəsi ilə məşğul olan qurum da var imiş. Rəsmən “Gender və Tərəqqi” adlanan bu QHT-nin rəhbəri Kamran Rzayev müxbirimizə müsahibəsində ölkə “gey”lərinin mümkün olan paradda iştirak etməyəcəyi barədə bəyanat vermişdi.
Müxbirimiz bu məqaləni hazırlayan zaman Bakının “sadə mavilər”i ilə də görüşüb. Onlar deyiblər ki, parad keçirilsə, ona məmnunluqla qoşulacaqlar.Özlərini Sima və Cama kimi təqdim edən iki “mavi”: “Biz heç bir təşkilatın üzvü deyilik. Belə bir parad olsa, məmnunluqla orda iştirak edərdik. Bu ki əsl şou olacaq. Biz ”Eurovision"un Bakıda keçirilməsinə sevinirik. Nəhayət ki, normal pul qazana bilərik", deyblər.
Sonda onu da qeyd edək ki, ölkəmizin adının bu cür dairələrdə səsləndirilməsi, Bakının üzdəniraqların axınına uğrayacağı və burada “gey-parad”ın təşkil olunacağı xəbərləri ölkə ictimaiyyətini, bir sıra tanınmış cəmiyyət üzvlərini narahat edib. Qəzetimizlə əlaqə saxlayan vətəndaşlarımız bizim vasitəmizlə hakimiyyətə müraciət edirlər ki, bu təxribatın baş tutmasına imkan verməsin. Ermənilərin də ilkin reaksiyalarından bəlli olduğu kimi, bu cür proseslər ancaq düşmənləri sevindirərdi. Bu səbəbdən, dünya və Avropa qurumlarının nə deməsindən asılı olmayaraq, Azərbaycan iqtidarı və cəmiyyəti bu cür əxlaqsız, mənəviyyatsız olayların baş verməsinin qarşısını yekdilliklə və qətiyyətlə almalıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR