İnsanlara hürriyət, millətlərə istiqlal!

STALİNİN GİZLƏNDİYİ KƏND - QOBU

7354 31.05.2010 04:29 Ölkə A A

Bu əhvalat kəndlilərin xarakterini dəqiq səciyyələndirir. Həmsöhbətimizin sözlərinə görə, kənddə keçirilən toyların birində bərk yağış yağır. Qoçu Adil palçıqlı yoldan keçə bilməyən bir qoca qarıya “ana, gəl min belimə, səni evinə aparım” deyir. Qarı isə “oğlum Qoçu Əhəd buna pis baxar, səni öldürər” deyir. Qoçu Adil qarını belinə alıb evinə çatdırır. Qarı yolboyu ondan adını soruşur. Evə çatanda qarı “oğlumun xasiyyəti pisdir, adını de, yoxsa səni öldürər” deyir. Nəhayət, adını deyəndə qarı bilir ki, bu adam oğlu Qoçu Əhədlə qan düşməni olan Qoçu Adildir. Lakin qarının oğlu Qoçu Əhəd bu əhvalatı biləndə xoşuna gəlir və Qoçu Adillə düşmənçiliyə son qoyulur.
Bu əhvalat Bakının qədim Qobu kəndində olub. Bu həftə sözügedən kənddə olduq. Heç yerdə eşitmədiyiniz maraqlı məlumatları bizdən oxuyacaqsınız.

Qobuluların ləhcəsindəki şirinlik

Qobunun təxminən 700 il yaşı var. Bu yaşayış məskəninin adı “çökəklik, müvəqqəti su axarı olan dərə, düzən” mənasını verir. Qobu hər tərəfdən Şubanı dağları ilə əhatə olunub. Qobuluları Abşeronun başqa kəndlərinin əhalisindən fərqləndirən bir sıra xüsusiyyətlər var. Əsas fərqli xüsusiyyət isə danışıq ləhcəsindəki fərqdir, həmin ləhcə Abşeronda yalnız qobululara məxsusdur. Qobulular “gələcəyəm” sözünü “gələtdi”, “gedəcəyəm”i “gedətdi”, “biləcəyim”i “bilətdi” kimi ifadə edir. Yəni bu kəndin sakinlərinin ləhcəsində işlədilən fellər “-ətdi, -itdi, -atdı, -utdu” sonluğu ilə bitir. Kəndin 10 min nəfərə yaxın əhalisinin əksəriyyətini yerlilər təşkil edir. Onlar 1937-ci ildə Qobuya sürgün olunub.

Ölkənin bir məmura məxsus ən nəhəng dəvə təsərrüfatı

Kəndlilərin əsas məşğuliyyəti digər Bakı kəndləri sakinlərinin fəaliyyətindən fərqlənmir - əkinçilik və maldarlıq. Yalnız bir özəl fərqləri var - onlar həm də dəvəçiliklə məşğuldur. Kənddə “Şikarni Təvəkkül” adlı şəxs Türkmənistandan cins atlar, dəvələr gətirərmiş. Azərbaycanda ən böyük dəvəçilik təsərrüfatı Qobuda yerləşir. Kənddə dəvə sovxozu var. Fəqət bu dəvələri görmək bizə nəsib olmadı. Çünki sovxozdakı heyvanları Şirvan qoruğuna aparıblar.
Bizə bələdçilik edən Nurlanın dediyinə görə, dəvə sovxozu “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevə məxsusdur. Belə ki, nazirin daha bir dəvə sovxozu Şabranda yerləşir (bu barədə ötən reportajların birində məlumat vermişik).
Qobulular adət-ənənələrinə bu gün də sadiqdir. Toy mərasimində kişilər və qadınlar ayrı-ayrılıqda oturur. Özəlliklə Novruz bayramını qədim adətlərə söykənərək qeyd edirlər. Hər bir gəlin 100 yaşı olsa belə bayram günündə ata evindən pay gözləyər. Qobu camaatı üçün dəvəsiz Novruz keçmir. Qobu bələdiyyəsi isə qəbirləri hasarlamağı yasaqlayıb.

Nuru Paşanı çıraq yandırmağa vadar edən qobulu

1918-ci ilin yayında Bakı uğrunda həlledici döyüşlərə hazırlaşan Qafqaz İslam Ordusu bir müddət Qobu kəndində təlim keçib. O zaman ordu komandanı Nuru Paşa Qobu sakini Kərbəlayı Qasımın evini özünə qərargah seçib. Nuru Paşa və ordunun yüksək rütbəli zabitləri evin ikinci mərtəbəsində yaşayıblar. Kərbəlayı Qasımın böyük ailəsi isə müvəqqəti olaraq birinci mərtəbədə məskunlaşıb. İngilislərin hədəfindən yayınmaq üçün gecələr evdə çıraq yandırmaq qadağan olunubmuş. Nuru Paşa və silahdaşları olduqları vaxt evin gəlinlərindən biri dünyaya uşaq gətirir. Nuru Paşa birinci mərtəbədəki səs-küyün səbəbini öyrənəndə dərhal heç vaxt yandırmadığı çıraqlardan birini aşağı göndərir. Evin sahibinin bu mənzərədən bərk təəccübləndiyini görən zabit Nuru Paşanın arzusunu dilə gətirir: “Paşam dedi ki, qoy, çocuq gözünü işıqlı dünyaya açsın”.
Digər kəndlər kimi Qobuda da məşhur qoçular yetişib. 1918-ci ildə kənd erməni-daşnak qüvvələrinin köməyə çağırdığı ingilislərin hücumuna məruz qalıb. O vaxtlar xilaskar türk ordusu kəndlilərə köməyə çatana qədər kəndin say-seçmə kişiləri Məşədi Hilalın, Qoçu Adilin rəhbərliyi altında daşnak-bolşevik, ingilis quldurlarının qabağını almağa müvəffəq olublar. Sonra Qoçu Adilin qəhrəmanlığından xəbərdar tutan Nuru Paşa ona silah bağışlayıb.

Qırxqızlar pirinin cümə möcüzəsi

Qobulular bizə ilginc məlumatlar verdilər. Rəvayətə görə, Molla Niftəli adlı şəxs olub. Stalin bu adamın evində gizlənib. Baxmayaraq ki, digər Abşeron kəndlərinin sakinləri bununla razılaşmır və hər kəs Stalinin gizlənməsini öz kəndinin adına çıxır. Bu mübahisəyə qatılmayaraq bircə onu deyək ki, sovet imperiyasının nəhəng şəxsiyyəti hər halda Azərbaycanda gizlənib.
Qobu eyni zamanda bir sıra Azərbaycan bədii filmlərinin çəkiliş poliqonu olub. Məşhur “Mehman”, “Bakıda küləklər əsir”, “Mən vulkana doğru gedirəm” filmləri burada ekranlaşdırılıb. Kənddə XIX əsrə aid tarixi-memarlıq abidəsi kimi tanınan hamam var. Hamam xeyriyyəçi Mirzə Abdulla tərəfindən tikilib. Aidiyyəti qurumlar isə onun tarixi abidə kimi qorunmasına biganə yanaşır. Bundan əlavə, kənddə Sofu Həmid piri, Qırxqızlar piri, Xəncər piri, Nişangah qala da var. Deyilənə görə, dağın ətəyində yerləşən Qırxqızlar pirindən hər cümə günü su çıxır. Kənddə qədimi qəbiristanlıqdan aparılan bəzi daşlar hazırda İçərişəhərdəki karvansarada saxlanılır. Daşların üstündəki yazılar isə şikəstə xətlə yazılıb.

Qobu - canlı aləmin kiçik modeli

Kənddən bir çox üləmalar, ruhanilər, ziyalılar çıxıb. Şeyx Əbdülhüseyn, Şeyx Əliməmməd, Mirzə Abdulla, Mirzə Cəbrayıl və başqalarının adlarını çəkmək olar. Qobunun Böyük Vətən Müharibəsində iştirak edən 400 kəndlisindən 4 kişi və 1 qadın sağ qalıb. Qarabağ döyüşlərində isə 7 qobulu şəhid, 6-sı da əlil olub. Qobuda analoqu olmayan bir layihə həyata keçiriləcək. Yeni Zooloji Park burada salınacaq. Parkın ərazisinin 230 hektar olması nəzərdə tutulub. Burda təkcə Azərbaycanın deyil, digər ölkələrin də bitki və heyvanat aləmi ilə tanış olmaq mümkün olacaq. Parkda tikiləcək binaların üzərində Qobustan qayaüstü rəsmləri, paleontoloji materiallar, orta əsr miniatür sənəti nümayiş etdiriləcək.
Qobuda kanalizasiya sistemi yoxdur, amma yağış sularının axıdılması üçün 16 km beton kanal çəkilib. Kəndin çox az qismi qazla təchiz olunub. Qobuda bircə yaşıllığa rast gəlmədik. Dağların əhatəsində yerləşən kənddə bir dənə də olsun istirahət parkı yoxdur. Kəndlilər də bu problemlərin həll olunmamasından gileylənir. Hazırda kənddə yeni mədəniyyət kompleksi, musiqi məktəbi, idman kompleksi, məscid inşa olunur...
Geri qayıdırıq. Kənddə yerləşən N saylı hərbi hissənin əsgərləri tərəfindən hündür təpə üzərində yazılmış “Öncə Vətəndir!” sözləri Qobuya gələnlərin diqqətini çəkir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR