İnsanlara hürriyət, millətlərə istiqlal!

PUL VERİB ÖZÜNÜ ZƏHƏRLƏMƏK VƏRDİŞİ

1535 05.03.2010 02:47 Ölkə A A

Siqaretin bu qədər zərərli olmasına rəğmən, ABŞ prezidenti Barak Obama başda olmaqla, dünyanın bir-sıra nüfuzlu ictimai-siyasi xadimləri onu heç cür tərgidə bilmirlər. Azərbaycanda da tanınan insanlar, hətta ünlü tibb işçiləri arasında nikotinə aludəçilər kifayət qədərdir. Bəs onlar nəyə görə siqaret çəkirlər, siqareti atmaq haqqında düşünürlərmi? Doğmaları, ailələri buna necə baxırlar? Suallara cavab almaq üçün mini-sorğu keçirdik.
Bəri başdan qeyd edək ki, sorğu zamanı tanınmışlar arasında zərif cindin təmsilçilərinin də olduğunu öyrəndik. Məsələn, hüquq müdafiəçisi Novella Cəfəroğlu və “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri Xədicə İsmayılova kimi.
Novella xanım 40 ildir siqaret çəkdiyini deyir: “Amma bu həftə atacağam. Son vaxtlar hiss edirəm ki, ürəyimə çox pis təsir edir. Tələbə olanda hamı siqaret çəkirdi deyə, mən də çəkdim. Yaşlandıqca insan anlayır ki, siqaret çox zərərli şeydir. Gənclərə tövsiyə edirəm ki, çəkməsinlər. Mənim həyat yoldaşım da siqaret çəkdiyi üçün heç vaxt mənim çəkməyimə etiraz etməyib”.
Millət vəkili Nəsib Nəsibli siqareti atıb: “Mən çox uzun müddət siqaret çəkmişəm. Amma indi çəkmirəm, çünki çox zərərlidir”.
Millət vəkili, Müsavat başqanının müavini Arzu Səmədbəyli də siqareti atanlardandır: “2001-ci ildə atmışam. Çətin oldu. Amma mən o çətinliyə psixoloji olaraq hazır idim. Siqaret çəkənlərə də atmağı məsləhət görürəm”.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə siqaretlə üzülüşmək niyyətində deyil: “Otuz ilə yaxındır ki, çəkirəm. Arada siqareti atmaq haqqında düşündüyüm olub, amma heç vaxt qərar verməmişəm. Fikrimcə, siqareti tərgitməyin o qədər də mənası yoxdur. Əgər siqareti atmaq ömrü 50 il uzatsa, ataram. Siqareti çəkənlə çəkməyən arasında elə bir fərq yoxdur. Məncə, siqaretin üstünlükləri çoxdur. Müəyyən məqamlarda o, insanı sakitləşdirir. Siqaret bizi birləşdirən dəyərdir. Siqaretə əvvəlcə əyləncə üçün başlamışdım, amma sonralar pis vərdişə çevrildi. Mən Azərbaycanda siqareti qadağan etməyin əleyhinəyəm, çünki belə bir qanun qəbul olunsa, siqaret çəkənlərin hüquqları pozulacaq”.
KXCP Ali Məclisinin sədri, ixtisasca həkim olan Zəlimxan Məmmədli 2002-ci ilədək siqaret çəkib: “Siqareti bir kef məclisində atdım. Bu, psixoloji hazırlıq tələb edir, mən də ona hazır idim. Bir gün dostlarımla çay kənarında bir məclisdə idim. Suya baxarkən siqaret əlimdən düşdü və mən də həmin anda qutusunu da atdım. Elə o gündən bu günə siqareti atmışam”.
Qəzetimizin köşə yazarı Zamin Hacı isə siqaret çəkməyə 20 yanvar hadisələrindən sonra başlayıb: “20 ildir ki, çəkirəm. Buna görə narazılıqlar həmişə olub. Səhhətimə zərərlidir, evdə narahatçılıq yaradır, tüstüsü evə yayılır. Siqaret çəkməyə 1990-cı ilin iyirmi yanvarında başlamışam. Həmin gün çox sarsılmışdım, bir tanışdan aldım çəkdim. Siqaret çəkənlərin sözü ilə desək ”yağ kimi getdi". Elə həmin gündən çəkməyə başladım. Siqareti atmağı çox istəmişəm, aylarla çəkmədiyim olub, amma davamlı çəkmişəm".
Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybullanın da rəyini öyrəndik. Professor siqareti tərgitmək üçün ilk növbədə şəxsi iradə lazım olduğunu dedi: “Siqaret çəkmək ən pis vərdişlərdən sayılır. Statistika göstərir ki, siqaret çəkən insanlarda ağciyər xərçəngi ehtimalı siqaret çəkməyən insanlara nisbətən iyirmi dəfə çoxdur. Siqareti atmağın müxtəlif üsulları var. Müəyyən dərmanlar var ki, onlar dəri altına yerləşdirilir, digərləri isə daxilə qəbul edilir. Amma bütün bunlarla yanaşı, xəstədə ən əvvəl iradə olmalıdır. İnsan siqareti atmağı özü istəməlidir”.
Sonda xatırladaq ki, Azərbaycan Milli Məclisinə “İctimai yerlərdə siqaret çəkməyin qadağan edilməsi haqqında” qanun layihəsi təqdim edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR